Pirallahı yaxın gələcəkdə Bakının qabaqcıl rayonlardan birinə çevriləcək

Pirallahı yaxın gələcəkdə Bakının qabaqcıl rayonlardan birinə çevriləcək
16:08 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 fevral, AzərTAc 
Bakının yeni yaradılmış Pirallahı rayonu artıq ikinci ildir ki, tərəqqi yolu ilə inamla irəliləyir. 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr rayon icra hakimiyyətində keçirilmiş hesabat yığıncağında bir daha təhlil olundu.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, yığıncağı giriş sözü ilə Pirallahı RİH-in başçısı Vasif İmanov açaraq ötən ilin yekunları və rayonda həyata keçirilən layihələr barədə qısa məlumat verdi.
Sonra il ərzində görülən işlər haqqında icra hakimiyyəti başçısının hesabatını əks etdirən video-çarx nümayiş olundu. Video-çarxda ilk olaraq Dövlət Proqramının icra vəziyyəti və qarşıda duran vəzifələr işıqlandırıldı. Bildirildi ki, cəmi iki il əvvəl yaranmasına baxmayaraq Pirallahı rayonu ölkəmizin inkişafına xidmət edən Dövlət Proqramlarının icrasında, qeyri-neft sektorunun inkişafında, ekoloji problemlərin həllində öncül mövqelərə çıxmağa başlayıb. 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının, 168 №-li tam orta məktəbin əsaslı təmiri başa çatdırılıb, Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə “Vətən uğrunda” abidə-kompleksi ucaldılıb.
Qeyd olundu ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və inkişaf perspektivləri də əksini tapıb. Proqramda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davam etdirilməsi, məktəblərdə təmir işləri, əlavə sinif otaqlarının, idman zalının və meydançasının, kitabxananın, yeməkxananın tikintisi, rayon ərazisində beş yerdə idman meydançalarının yaradılması, Gənclər evinin tikilməsi və digər məsələlər əks olunub. Hazırda Pirallahı qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 140 və 100 yerlik iki uşaq bağçasının tikintisi sürətlə davam edir.
Pirallahı rayonu ərazisində Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Prezident İlham Əliyevin imzaladığı Fərmanın yüksək səviyyədə icrası üçün 50 hektar ərazidə təmizlik və abadlıq işləri aparılıb, kommunikasiya xətlərinin yeri dəyişdirilib, ərazi tikinti işlərinin başlanmasına hazır vəziyyətə gətirilib.
Qeyd edildi ki, 2014-cü il oktyabrın 14-də Prezident İlham Əliyev Pirallahı rayonunda olub, Qala-Pirallahı dörd zolaqlı avtomobil yolunun 15 kilometrlik hissəsinin açılışını edib. Dövlətimizin başçısı Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisi, həmçinin Pirallahı qəsəbəsindəki 29-cu məhəllədə və Fioletov küçəsində görülən işlərlə tanış olub, tövsiyə və tapşırıqlarını verib.
Daha sonra rayon əhalisinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən bəhs olundu. Bildirildi ki, rayonda çörək Kombinatının tikintisi başa çatdırılıb. Kombinat 30 min əhalini çörəklə təmin etmək imkanı olan istehsal gücünə malikdir. Burada 30 nəfər işlə təmin olunacaq.
“Azərsu” ASC tərəfindən həyata keçirilən geniş miqyaslı tədbirlər nəticəsində iyul ayından rayon əhalisinin keyfiyyətli içməli su ilə təminatına başlanılıb. Hazırda qəsəbədəki çoxmənzilli yaşayış binalarının su təchizatı sistemləri yenidən qurulur, sakinlər 24 saat ərzində içməli su ilə təmin olunurlar.
Tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə rayon icra hakimiyyəti, Heydər Əliyev Mərkəzi və YAPın rayon təşkilatı üçün inzibati binaların tikintisinə başlanılıb. Rayon Polis Şöbəsinin və "Bakıelektrikşəbəkə" ASC-nin Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin inzibati binalarının tikintisi isə artıq başa çatıb.
«Nümunəvi həyət» layihəsi çərçivəsində işlər ilk olaraq 29-cu məhəllənin əhatə etdiyi ərazidə uğurla başa çatdırılıb, daha sonra 28-ci məhəllədə və K.Rzayev küçəsində davam etdirilib. Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının təmirinə başlanılıb. İlk mərhələdə 22 binanın təmirinin 2015-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Qəsəbənin mərkəzi yolunun genişləndirilməsi istiqamətində xeyli iş görülüb, müasir avtobus dayanacaqları quraşdırılıb. Yararsız vəziyyətə düşən 4 qazanxana əsaslı təmir olunaraq istismara verilib.
Hesabat ilində insanların sağlamlığı, ekoloji tarazlığın qorunması kimi məsələlər də daim diqqət mərkəzində olub. Ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə illərdən bəri davam edən antisanitar vəziyyət tədricən aradan qaldırılır. Dəniz sahilinə yaxın ərazilər lüzumsuz, estetik görünüşü pozan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur. Sahil boyunca 6 kilometrə qədər ərazidə bulvar, park və yaşıllıqlar, çimərliklər salınacaq və artıq bu məqsədlə müvafiq hazırlıq işlərinə başlanılıb.
Qəsəbədə ağacəkmə kampaniyası il boyu davam edib, ümumilikdə ərazidə 100 mindən çox müxtəlif növ ağac əkilib. “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində İDEA İctimai Birliyinin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qala-Pirallahı magistral yolu ətrafında və Çilov adasında ağacəkmə aksiyaları keçirilib. Gürgan, Çilov və Neft Daşları qəsəbələrində abadlıq-quruculuq və yaşıllaşdırma işləri sistemli şəkildə davam etdirilib.
Video-çarxda rayonun ərazisi və əhalisi, vətəndaşların qəbulu, təhsil, səhiyyə və idman sahəsində əldə edilmiş uğurlar, iqtisadi göstəricilər barədə də ətraflı məlumat verildi, Pirallahının prespektiv inkişaf planlarından bəhs edildi.
Hesabat ətrafında çıxış edən 10 saylı Birləşmiş Şəhər Xəstəxanası baş həkiminin müavini Kəmalə Cavadova, “Neft Daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev, “Neftçi” İSM-in Pirallahı stadionunun karate bölməsinin rəhbəri Nazim Möhsümzadə və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlərdən və onların aradan qaldırılması yollarından danışdılar.
Daha sonra zalda quraşdırılmış səyyar mikrofon önünə yaxınlaşan sakinlərin rayon rəhbərliyinə sualları və müraciətləri ətraflı cavablandırıldı.
Milli Məclisin deputatı Rauf Əliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev yığıncaqda çıxış edərək respublikada gedən sürətli tərəqqidən danışdılar və Pirallahı rayonunda görülən işləri müsbət dəyərləndirdilər.
“2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə dair” qərar layihəsi səsverməyə çıxarılaraq yekdilliklə qəbul olundu.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edildi.
2014-cü ildə rayonun sosial-iqtisadi və mədəni inkişafına öz töhfələrini vermiş, ictimai həyatında fərqlənmiş bir qrup sakin rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olundu.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pirallahi_yaxin_gelecekde_Bakinin_qabaqcil_rayonlardan_birine_chevrilecek-834065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR