Sabahdan ərzaq məhsulları 30 faiz bahalaşa bilər - FOTOREPORTAJ

Sabahdan ərzaq məhsulları 30 faiz bahalaşa bilər - FOTOREPORTAJ
20:52 22 Fevral 2015
191 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Mərkəzi Bankın valyuta məzənnələrinə etdiyi dəyişikliklər bazarlarda ərzaq məhsullarının qiymətlərinə kəskin təsir edib.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə valyuta məzənnələrində dəyişikliklər edilib. 1 avronun rəsmi məzənnəsi 1.19 AZN, 1 ABŞ dollarının rəsmi məzənnəsi isə 1.05 AZN səviyyəsində müəyyən edilib.

Bununla da ölkəyə dollar və avro ilə idxal olunan məhsulların qiymətində 30 faizlik artım proqnozlaşdırılırdı. Artıq bu gün dən etibarən bahalaşma start götürüb. Şəhərin ən iri marketlərində səhər saatlarında alıcılar fərqli qiymətlərlə qarşılaşıblar. Vəziyyətlə tanış olmaq üçün bir neçə marketə baş çəkdik.

Neftçilər metrosu yaxınlığındakı “Qarabağ” marketdə administrator qiymətlərin əvvəlki səviyyədə qaldığını desələr də, ərzaq məhsullarının üzərindəki qiymətlər ciddi artımdan xəbər verirdi. Satıcılar isə əsas bahalaşmanın birinci gündən başlayacağını dedilər.

Qiymət artımı əsasən tütün məhsullarında və spirtli içkilərin qiymətlərində müşahidə olunur. Ümumilikdə müxtəlif markalı tütün məhsullarının qiymətində 20-40 qəpik artım var. Bəzi marketlərdə çörək 10-20 qəpik bahalaşıb. Həmçinin sərinləşdirici içkilərin qiymətində 5-10 qəpik artım var.

Qeyd edək ki, bir çox marketlərdə sürətlə qiymət dəyişmə əməliyyatı keçirilir. Hətta bəzi marketlər bir neçə saat qapıları bağlayaraq, qiymətləri yeniləri ilə əvəz ediblər. Baş çəkdiyimiz marketlərdə ilk baxışdan alıcı seyrəkliyi də diqqətimizi çəkdi. Hər zaman kassanın önündə alıcıların növbəyə düzüldüyü iri marketlərdə indi 5-6 nəfər alıcı var idi. Marketin administratoru da alıcı sayının azaldığını təsdiqlədir.

Xətai rayonunda, Zığ şosesində yerləşən “Mega Store” adlı marketdə də qiymətlərlə maraqlandıq. Ümumi qiymətlərdə dəyişiklik olmasa da, yalnız çörəyin qiymətində bahalaşma müşahidə olunur.

Marketin rəhbər şəxsinin sözlərinə görə bahalaşma sabahdan başlayacaq: “Əksər məhsullarda 30 faiz bahalaşma olacaq. Əsasən un, spirtli içkilər, qənd, şəkər tozu, düyü və bu kimi məhsullarda bahalaşma gözlənilir. Rusiyadan və xarici ölkələrdən gələn məhsullarda bahalaşma özünü göstərəcək. Bu məhsullar ölkəmizdə istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün maya dəyəri də bahalaşacaq və bu da qiymətlərə təsir edəcək. Ancaq yerli istehsal olan məhsullarda bahalaşma gözlənilmir”.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hətta bəzi marketlərdə piştaxtalar boşaldılaraq, anbara yığılıb və satıcılar malları satmaqdan imtina ediblər.

Bazarlarda baş verən ajiotajı dəyərləndirən Natiq Cəfərli bildirdi ki, nazirlik yaranan vəziyyətə ciddi nəzarət etməlidir: “Təəssüf ki, Azərbaycanda bir çox sahələrdə əsasən də ərzaq məhsullarının ölkəyə gətirilməsində ciddi inhisarçılıq var. Bu baxımdan, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bahalaşmanın qarşısını almaq üçün ciddi addımlar atmalıdır. Ancaq normal rəqabətli mühit olsa, insanların ölkəyə ərzaq məhsulları gətirməsinə mane qoyulmasa, süni əngəllər yaradılmasa, Azərbaycanda ciddi qiymət artımı olmazdı. Ölkəyə bütün mallar, geyim, elektronika, avtomobil, ərzaq və sair xaricdən dollar və avro ilə gətirilib. Mərkəzi Bankın qərarından sonra bu məhsulların maya dəyəri avtomatik olaraq 30% artır. Ona görə də, bu artım olacaq və biz də bunun çox ciddi fəsadlarını görəcəyik. Bu il inflyasiya ikirəqəmli həddə olacaq və bu da insanların real gəlirlərinə, qazandıqları vəsaitin dəyərinin azalmasına təsir edəcək. Ancaq süni qiymət artımı bazar iqtisadiyyatı üçün əlamətdar deyil, bu Sovet dövründən qalma bir ifadədir. Satışla məşğul olan sahibkarlar bu zəncirin son həlqəsidir. Onların qiymətlərə ciddi təsir etmək imkanı yoxdur. Onlar topdansatış mərkəzlərindən aldıqları qiymətin üzərinə müəyyən kiçik əlavələr etməklə məhsulları satırlar. Problemin kökü marketlərdə deyil. Əsas problem ölkəyə gətirilən malların gömrükdən keçməsimdədir, bu zaman edilən müdaxilələrdədir. Bu müdaxilələr olmasa, qiymətlər daha az artar. Təəssüf ki, bu kimi neqativ hallar mövcuddur”.

İqtisadçı bildirdi ki, xaricdən gətirilən məhsullarda qiymət artımı qaçılmazdır: “Rəsmi statistikaya görə, Azərbaycan bazarlarında satılan ərzaq məhsullarının 500 faizi, hətta bəzi ərzaq məhsullarının 80-85 faizi xaricdən gətirilir. Xaricdə bu məhsullar dollar və avro ilə alındığı üçün yerli bazarda qiymətlər qalxacaq. Bəzi yerli istehsalçılar da köməkçi xammal və materialları xaricdən alırdılar. Bu səbəbdən həmin yerli şirkətlərin istehsal etdikləri məhsulların da maya dəyəri artacaq. Ancaq elə sahələr də var ki, ümumi ixracatdan asılıdır. Geyimin 90-93 faizi, texnikanın demək olar ki, 100 faizi xaricdən gətirilir. Bu səbəbdən həmin mallarda qiymət artımı daha kəskin şəkildə özünü göstərəcək. Tütün məhsullarının da böyük əksəriyyəti xaricdən gətirilir və dollarla alınır. Bu səbəbdən həmin məhsullarda 30 faizə yaxın artım olacaq”.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
























Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/326038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR