YAP gəncləri hesabat verdilər (FOTO)

YAP gəncləri hesabat verdilər (FOTO)
22:13 22 Fevral 2015
210 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva konfransın gündəliyi haqqında məlumat verib. Sədaqət Vəliyeva bildirib ki, hazırda YAP Nizami rayon təşkilatının 11253 nəfər üzvü var, onlardan 5511 nəfərini gənclər, 5293 nəfərini isə qadınlar təşkil edir, rayon təşkilatının 149 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir: “1993-cü ildə yaradılmış Nizami rayon təşkilatı mühüm inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb. Nizami rayonunda əhalinin YAP-a axını, ilk ərazi partiya təşkilatlarının yaradılması ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və onun layiqli davamçısı, Prezident İlham Əliyevə inamdan irəli gəlir”.

YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin III konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatı təqdim edən rayon təşkilatı GB-nin sədri, YAP Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov qeyd edib ki, GB-nin III konfransında üzvlərinin sayı 4256 nəfər idisə, bu gün bu rəqəm 5511-dir. Bu müddət ərzində YAP Nizami rayon GB bir çox işlər görüb, öz sıralarını daha da genişləndirib: “YAP Nizami rayon təşkilatı GB-nin üzvlərinin 2357 nəfərini qadınlar təşkil edir. Gənc üzvlərimizin 3061 nəfəri ali, 1470 nəfəri orta ixtisas, 980 nəfəri orta təhsillidir, 3 nəfəri isə elmlər namizədidir. Gənclərin 2042 nəfəri təhsil, 1573 nəfəri səhiyyə, 324 nəfəri idarəetmə sahəsində, qalan üzvlər isə digər idarə və müəssisələrdə çalışır, onların 378 nəfəri isə tələbədir. Sıralarımızda olan gənclərin 3 nəfəri Avropa Çempionu, 2 nəfəri Dünya Çempionu, 1 nəfəri Paralimpiya medalçısı, 28 nəfəri Respublika Çempionu, 6 nəfəri İdman Ustası, 2 nəfəri Prezident Mükafatçısı, 9 nəfəri isə ustalığa namizəddir. 12 gəncimiz isə 23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində seçicilərin etmadını qazanaraq bələdiyyə üzvü seçiliblər. Hesabat dövründə YAP Nizami rayon təşkilatı GB-nin sıralarına 1255 nəfər qəbul olunub”.

Əli Pənahov vurğulayıb ki, YAP Nizami rayon təşkilatı GB-nin təşkilatçlığı ilə gənclərin maarifləndirilməsi, kreativ və intellektual bacarıqlarının artırılması, sağlam yetişməsi, dövlətçilik ideyalarına sadiqlik və hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, bütövlükdə, rayonumuzun və respublikamızın ictimai-siyasi və sosial-mədəni həyatı ilə bağlı müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirib: “Bunalara misal olaraq, “Heydər Əliyev irsini öyrənirik!” Heydər Əliyev Məktəbindəki mühazirələri, Dövlət Bayrağı Günü münasibətilə flaşmobu, fiziki qüsurlu uşaqlar üçün bayram şənliyini, “Xocalıya ədalət” yürüşünü, Xocalı soyqırımına həsr olunmuş sərgi-tədbiri, "Azərbaycan bayrağı" ordenli qəhrəman İbad Hüseynovla görüşü, paint-ball yarışmasını, breyn-ring yarışmasını, "Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir: şagirdlərin gözü ilə" sərgisini, Daun sindromlu uşaqlar üçün şənliyi, gimnastika üzrə Bakı birinciliyini, Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbiri, Silahlı Qüvvələr Günü münasibətilə sərgi-tədbiri, kimsəsiz uşaqlara qayğını və s. göstərə bilərik”.

Sonra hesabat ətrafında çıxışlar olub.

Çıxış edən YAP Nizami rayon təşkilatı GB-nin üzvləri Elşəm Mirzəyev, Asif Əliyev, Ayan Yusifova və başqaları III konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatı qənaətbəxş hesab etdiklərini bildirib və gənclərin fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonra təşkilati işlərə baxılıb, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri, İdarə Heyəti və YAP GB-nin növbəti konfransına nümayəndələri seçilib.

Konfrans iştirakçılarının yekdil səsverməsinə əsasən Sevinc Abdullayeva YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri, Ramil Vəlibəyov sədrin I müavini, Xəyal Əhmədov və Həbib Nəsirov isə müavinləri seçiliblər.

Təşkilati məsələlərdən sonra çıxış edən YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva göstərilən etimada görə partiya rəhbərliyinə minnətdarlığını bildirib. Bildirib ki, YAP Nizami rayon təşkilatı Gənclər Birliyi bundan sonra rayonun və respublikanın ictimai-siyasi, sosial-mədəni həyatında aktiv olacaq, veriləcək tapşırıqları vaxtında və effektiv yerinə yetirəcəkdir.

Çıxış edən Milli Məclis sədrinin I müavini, YAP İdarə Heyətinin üzvü Ziyafət Əsgərov deyib ki, gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir: “Bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar”.

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün partiyanın sıralarında 650 minə yaxın üzvün olduğunu bildirib və qeyd edib ki, onların arasında gənclər xüsusilə fərqlənirlər.

YAP İcra katibinin müavini vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir və partiyanın fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edir: “Bu gün Prezident İlham Əliyevin sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır. Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olub. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib”.

YAP Siyasi Şurasının üzvü, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxışında deyib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir.

Tahir Budaqov bildirib ki, Azərbaycan dövləti siyasətində gənclərə üstünlük verməklə bərabər bu istiqamətdə siyasəti gənclərin bilavasitə iştirakı ilə formalaşdırıb həyata keçirir. Bu, onu göstərir ki, Azərbaycan dövləti gənc nəslə həm etibar edir, onun qayğıları ilə məşğul olur, həm də gənclərin ideyalarını, təkliflərini bilavasitə özlərindən alaraq həyata keçirir. Prezident İlham Əliyevin müvafiq Sərəncamla təsdiqlədiyi “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın qəbul edilməsi məhz bu siyasətin bariz nümunəsidir.

Çıxış edənlər bir daha Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Yeganə milli siyasi qüvvə olan YAP-ın gənclərin fəaliyyəti və inkişafı üçün hərtərəfli şərait yaratdığı bildirilib.

Çıxışlardan sonra konfrans işini yekunlaşdırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2366957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR