Qərb qərib deyilmiş?! Amma qəribəlikləri də var! (VİDEO)

Qərb qərib deyilmiş?! Amma qəribəlikləri də var! (VİDEO)
23:11 22 Fevral 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

Həftənin əsas mövzularından biri həm də Birləşmiş Ştatların dövlət katibinin müavini Viktoriya Nulandın Cənubi Qafqaza səfəri oldu. Səsinin Vaşinqtondan gəlməsinə daha çox öyrəşdiyimiz xanım Nulandın Bakıda görünməsi Bakı və Vaşinqton arasındakı münasibətlərdə dəyişikliklərin olmasından xəbər verir.

Son bir ildə okeanın o tayından gələn soyuq siklonlar və bu soyuqluğa “Odlar yurdu”nun od püskürməsi. Bu müddətdə ABŞ-la Azərbaycan arasında soyuqluq ən yüksək həddə çatdı. Azərbaycandan Birləşmiş Ştatların dövlət orqanlarına qarşı ittihamlar səsləndirildi. ABŞ-da Azərbaycan, Azərbaycanda ABŞ dinləmələri keçirildi. Arxada qoyduğumuz həftə yaydan bəri davam edən soyuqluğun aradan qaxmağa başlaması ilə yadda qaldı. Birləşmiş Ştatlar ölkəmizə yeni səfir göndərdi və dövlət başçısı Robert Sekutanın etimadnaməsini qəbul etdi.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Cənubi Qafqaz turnesi çərçivəsində Bakıya səfərini iki ölkə arasındakı münasibətlərin yeni mərhələsi də adlandırmaq olar. Hər kəs bu yüksək çinli məmurun Azərbaycan hakimiyyətinin xarici tənqidçilərinin sevimli mövzusu olan insan haqları, siyasi məhbus problemi, demokratiya barədə danışacağını proqnozlaşdırdığı halda Nuland vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşə 20 dəqiqədən də az vaxt ayırdı.

Prezident İlham Əliyevlə müzakirə edilən məsələlər sırasına isə ilk növbədə enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, Əfqanıstanla bağlı əməkdaşlığının perspektivləri, Qarabağ münaqişəsinin nizama salınması, bölgədə gərginliyin aradan qaldırılması, regionda sülh və sabitliyin təmin olunması ilə bağlı məsələlər oldu. Bütün bunlar Azərbaycanda Birləşmiş Ştatlara fərqli yanaşmanın formalaşması ilə nəticələndi.

YAP icra katibinin müavini Səyavuş Novruzov Nulandın səfərini belə şərh edib: "Müəyyən mətbuat orqanları erməni lobbisinin təhriki ilə əlaqədar müxtəlif səpkidə yazılar dərc edirdi. Eyni zamanda müxtəlif bəyanatlar yayırdı. Güya Amerika-Azərbaycan dövlətlərarası münasibətlərə xələl gələcək. Bizdə də bəzi qüvvələr bundan istifadə edib. Hər hansı bir keçmiş səfirin və yaxud da hər hansı bir üniversitet professorunun yazısını dövlət departamenti, o cümlədən də ABŞ-ın adından cəmiyyətə təqdim etmək istəyirdi. Lakin son günlərdə ardıcıl olaraq bir neçə səfərlər bir daha Amerika-Azərbaycan münasibətlərinin yüksək xəttlə inkişaf etdiyini göstərdi”.

Nulandın regiona səfəri həm də Ermənistanda keçirəcəyi görüşləri və bəyanatları baxımından maraq kəsb edirdi. Birləşmiş Ştatlar rəsmisi Bakıda Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşlarının azad edilməsini tərəflər arasında etimad mühitinin formalaşması baxımından mühüm adlandırdı. Təbii ki, bu bəyanat çox müsbət qarşılandı. Viktoriya Nuland oxşar fikirləri İrəvanda da dedi. Amma erməni mətbuatının məlumatına görə, o bu dəfə Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov yox, cinayətkar adlandırdı.

“Hər dəfə onlar olduqları ölkədə mövcud şəraitə uyğunı olaraq çalışırlar ki, auditoriyanın xoşuna gəlsinlər. Əgər durub orda desə ki, bu azərbaycanlı girovları buraxın, ona başqa xoşagəlməz suallar verə bilərdilər”, – deyə millət vəkili Rasim Musabəyov bildirib.

“Burada açıq mətnlə bəyanatla bildirdi ki, girovlar qaytarılmalıdır. Ermənistanda onun nisbətən korreksiyaya uğuraması da başa düşüləndi. Hər halda Nuland bunu bəyan elədi. Və zənn edirəm ki, bu təkcə onların qaytarılıb-qaytarılmayacağından asılı olmayaraq bu məsələyə prinsupial mövqe göstərmək baxımından əhəmiyyətlidir”, – deyə millət vəkili Zahid Oruc fikrinin açıqlayıb.

“Bunlar hamısı bəyanatdı. Ancaq məndə belə bir fikir formalaşır ki, bunlar burada olarkən bizə xoş olması üçün, orda da erməniyə xoş olması üçün bir cür bəyanat verirlər” – deyə baş nazirin müavin Əli Həsənov vurğulayıb.

İkili yanaşmanın daha bir təzahürü Viktoriya Nulandın Bakıda Şəhidlər xiyabanının yanından ötməsi, İrəvanda isə qondarma soyqırım abidəsini ziyarət etməsi oldu. Təbii ki, bu da elə belə deyildi. Nuland girovlar məsələsinə rəsmi Bakının nə qədər həssaslıqla yanaşdığını bildiyi kimi, ermənilərin də bu il qondarma soyqırımın 100 illiyinə hazırlaşması, diqqət edilməsinə biganə ola bilmədi.

Bunu Birləşmiş Ştatların dövlət katibinin nümayəndəsinin erməni lobbisinə doğru reverensı kimi də qəbul etmək olar. Eyni zamanda bu rəsmi Vaşinqtonun Türkiyəyə göndərdiyi bir ismarışdır. Bir sözlə “Qərb” bir daha göstərdi ki, bizim üçün “Qərib” deyil, amma “Qəribəlikləri” olub və olacaq.

Mənbə
Hesabat İlkin Kərimov



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=327602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR