Qaraçı uşağı və "Barbie"

Qaraçı uşağı və "Barbie"
00:27 23 Fevral 2015
141 Sosial
Ölkə mətbuatı
A- A+

Qaraçı uşağın əlinə “Barbie” vermək təhlükəlidir. Qaraçı onunla oynamaz, yeyər. Bu isə birbaşa qaraçının səhhəti üçün qorxuludur.

Qədim ata-babalarımızın şizofrenik çığır-bağırtısının nəticəsi olan atalar sözləri və məsəllər daha çox ədalətsizliklə barışmağa çağırır. “Armudun yaxşısını meşədə ayı yeyər”, “Atın qabağına sümük, itin qabağına ot” kimi sərlövhələr ikrah hissi doğurur.

İki il əvvəl Qazaxıstandan qonaq gələn hüquq müdafiəçisi qadınla tanış oldum. Qazax qadın görüşümüzün ilk dəqiqələrindən Bakıda gördüyü centlmenlikdən, kişi mədəniyyətindən, bizim necə xoşbəxt qadınlar olduğumuzdan danışırdı. Söhbətin ilk saatları yan-yörəmə boylanıb başqa millətdən olan qadınları axtarırdım. Ancaq biz - iki azərbaycanlı qadın qazax gözəlinin azərbaycanlı kişilər haqda leksiyasına tək qulaq asırdıq. O bizi inandırmağa çalışırdı ki, dünyanın ən mədəni kişiləri Bakıda yaşayırlar. Dünyanın heç bir kişisi azərbaycanlı kişi qədər qadına diqqət göstərə bilməz. Qazaxıstanlı qonaq konkret ortamlarda olduğu üçün məhdud vaxtda məhdud sifətləri görmüşdü. İşin əslini, əsl simanı isə ona açmağa cəmi iki ay lazım olacaqdı.

Qazaxıstanlı hüquq müdafiəçisi azərbaycanlı oğlana ərə gedib Londona köçəcək, iki ay sonra isə alfonsla eyni evi paylaşmaqdan imtina edəcəkdi.

Qazaxıstanlı, Yaponiyada ali təhsil almış, yaşı qırxı adlamış, müəyyən həyat təcrübəsi olan qadın tanımadığınız uzaq diyarlarda yox, Bakıda tora düşdü. Mədəniyyətinə, təhsilinə inandığı azərbaycanlı kişi ilə evlənib onu özü ilə Londona apardı. Əlinə layiq olmadığı oyuncaq keçən varlıq isə oynamaq yerinə onu yeməyə başladı. Oyuncağın baş hissəsi bərk olduğu üçün dişini sındırdı...

Həyatı boyu Avropanı ancaq xəritədə görən adamlar Xırdalanda oturub Avropadakı həyatın əxlaqsızlığından danışırlar. Əxlaq müzakirə predmeti deyil. Əxlaqın cinsəlliklə əlaqəsi yoxdur. Əxlaqsızlıq isə müzakirə predmeti ola bilər. Məsələn, qadınının qulağını kəsmək, sonra buna haqq qazandırmaq üçün əxlaqı səbəb gətirmək, gününü avaralanmağa həsr etmək, beş-altı kişinin oturduğu məclisdə ancaq tuman və tumangeyənlərdən danışmaq, bütün məsuliyyəti qadına yükləyib onu bütün haqlarından məhrum etmək əxlaqsızlıqdır.

Bir şəhərin küçələrində gəzərkən gözünün içi gülən qadın yoxdursa, o şəhər çoxdan ölüb. O şəhərin ruhu əxlaqsızdır.

Normal, təmiz balıq alıb yemək imkanı olduğu halda gölməçədən sidik qoxan balığı güc-bəla ilə tutub yeyən varlıq kişidir. Ona layiq olmadığını vermək onun fizioloji tarazlığını pozur. Əziyyət çəkir. Qaraçı uşaq kimi “Barbie”ni o tərəf, bu tərəfə çevirib ağzına dürtür.

Yazıya şərhləri təxmin edirəm: “Yanıq”, “deyəsən, buna baxan yoxdur, kişiləri söyür”, “get, özündən yaz”...

Biz qadınların beyni ayaqlarımızın arasında yerləşmir, istifadə müddətimiz əbədidir. Kişilərdən fərqli olaraq, qarşı cinsə məqsəd yox, vasitə kimi baxırıq. Əlimizə düşən odun parçasından kişi düzəldə bilirik. Ana oluruq, süpürgəçi, aşpaz, xidmətçi oluruq. Çəkimiz artır, üzümüz qırışır, gözümüzə kölgə çökür. Pislik tanımayan içimizə ifritəlik çökür. Bizə də asan deyil. Hamımız qaraçı uşağının əlində əbədi “Barbie” qala bilməyi bacarmırıq.

Günay Arda
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR