“Marşa” qasırğası Avstraliyanın Kvinslend ştatında 100-dən artıq evi dağıdıb

“Marşa” qasırğası Avstraliyanın Kvinslend ştatında 100-dən artıq evi dağıdıb
08:28 23 Fevral 2015
50 Dünya
Ölkə mətbuatı
A- A+


Kanberra, 23 fevral, AzərTAc
“Marşa” qasırğası Avstraliyanın Kvinslend ştatında 100-dən artıq evi dağıdıb, 1500-dən çox evə isə ciddi zərər dəyib.
Bu barədə fevralın 23-də ştat hökuməti məlumat yayıb.
Xəbər verdiyimiz kimi, ən yüksək - 5 bal kateqoriyasına aid edilən “Marşa” qasırğası fevralın 20-də Kvinslend ştatını vurub. Qasırğanın episentrinin yaxınlığında küləyin sürəti saatda 285 kilometrə çatıb. Təbii fəlakət ən çox Yeppun və Rokqempton şəhərələrinə zərər vurub. Quru ilə bir müddət hərəkət edən qasırğa tezliklə gücünü itirib. Buna baxmayaraq, Kvinslend ştatının bir çox şəhərləri və yaşayış məntəqələri güclü küləkdən və 500 millimetri keçən yağıntılardan ziyan çəkib.
Kvinslend ştatının hakimiyyət orqanlarının bildirdiyinə görə, sığorta şirkətləri təbii fəlakət nəticəsində ev, digər tikili və avtomobillərinə dəymiş zərərin ödənilməsi üçün artıq 4,3 min tələbnamə alıblar. Sığorta şirktləri Kvinslendi tərk etmiş insanlar evlərinə döndükdən sonra bu tələblərin kəskin artacağını bildirirlər.
Xilasedicilər artıq 15 min evə elektrik enerjisinin verilişinin bərpa olunduğunu bildiriblər. Bununla yanaşı, ştatın müxtəlif yerlərində hələ də 50 min ev elektrik enerjisiz qalıb.
Meteoroloqların bildirdiyinə görə, Kvinslend ştatı son 50 ildə beş dəfə ən yüksək beş bal kateqoriyasına aid edilən qasırğanın zərbəsinə məruz qalıb. Sonuncu dəfə bu, 2011-ci ilin fevralında baş verib. Həmin vaxt “Yasi” siklonu Avstarliya iqtisadiyyatına 3,5 milyard dollar zərər vurmuşdu.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Kanberra




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Marsa_qasirgasi_Avstraliyanin_Kvinslend_statinda_100_den_artiq_evi_dagidib-834103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR