Rusiyadakı azərbaycanlı miqrantlar geri qayıdırlar?

Rusiyadakı azərbaycanlı miqrantlar geri qayıdırlar?
09:05 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

- Ailəni də yığıb Bakıya qayıdırıq. Burada vəziyyət qəlizləşib. Yəni Urusetdə artıq hər şey "uruscadır"...
46 yaşlı Nəbi Qasımov gülür. Onun gülüşü də danışığı tək əsəbidir. Hiss olunur ki, əsəbləri tarıma çəkilib. Dediyinə görə, Rusiyaya qarşı sanksiyalar tətbiq olunmağa başlayandan sonra rubl can verir. Rubl can verirsə, deməli, qiymətlər qalxır, ticarət çətinləşir.
 
Nəbi ticarətlə məşğul olmur:
- Yox, əşşi, mən hara, ticarət hara?! Mən ustayam, dam, taxtapuş ustası. Nijni Novqorod şəhərində və şəhərin kənarındakı villaların, malikalənələrin tikintisində işləyirəm. Əvvəl hər şey yaxşı idi. Sifariş çoxdu, pul da əla. İndisə ev tikdirənlər yoxdur. Var e, amma azdır. Çox az. O pulla da ailə saxlamaq olmaz ki. Hələlik Bakıya qayıdıram, sonrası Allah kərimdir.
 
Nəbi Qasımov Milli.Az-ın əməkdaşı ilə söhbətində onu da söyləyir ki, Bakıda iki il əvvəl mənzil almışdı. "Vosmoyun kruqu" dediyi tərəfdədir: "Metro var ha, "20 Yanvar", bax onun yanındadır, körpünün sağ tərəfindəki binanın 4-c mərtəbəsində. Yaxşı mənzildir. Orada yaşayacağıq hələlik".
Nəbi onu da söyləyir ki, ara sakitləşən kimi yenidən dönəcək Rusiyaya.
 
O, Rusiya vətəndaşıdır.
 
Rusiyada yaşayan, orada işləyən azərbaycanlılar arasında ikibaşlı qartal şəkli olan pasport alanlardan biri. Rəsmi statistikaya görə, Rusiyada 300 minə yaxın azərbaycanlı miqrant var. Qeyri-rəsmi statistika isə belə soydaşlarımızın sayının 2 milyon nəfəri haqladığını deyir.
Və o milyonların Azərbaycana qayıdacağı, Rusiyadakı ağır iqtisadi-maliyyə vəziyyətinin bu şəxslər üçün ciddi çətinliklər yaratdığı, soydaşlarımızın da o çətinliklərə dözməyərək çıxış yolunu Bakıya dönməkdə gördükləri vurğulanır.


 
Hər halda Bakıda belə deyənlər var.
 
Ekspertlər, media, siyasətçilər və ilaxır.
 
Belədirmi?
 
Çətin.
 
Yəni Rusiyadakı azərbaycanlı miqrantların tam əksəriyyəti durumdan şikayətlənərək çətinliklərdən gileylənsələr də, qayıtmaq niyyətində deyillər.
 
Yeni qaydalar başlanıb: kvotalar əvəzinə patentlər
 
Bu ilin yanvarın 1-dən bəri Rusiyada əmək miqrantları ilə bağlı yeni qaydalar qüvvəyə minib. Miqrantların özlərinin dediklərinə görə, qaydalar sərtləşdirilib və miqrasiya qanunları daha da aqressiv olub.
 
Rəsmilər isə tam tərsini söyləyir, məqsədin yalnız əmək miqrasiyasının leqallaşdırılması olduğunu vurğulayırlar.
Rusiyanın Federal Miqrasiya Xidmətinin (FMX) mətbuat mərkəzindən əməkdaşımıza verilən açıqlamaya görə, ölkəyə əmək miqrantlarının cəlb olunması ilə bağlı 2015-ci ilin yanvarın 1-dən yeni qaydalar qüvvəyə minib. Əgər əvvəllər bu və digər sahələrdə miqrantların sayı ilə bağlı kvota sistemi tətbiq olunurdusa, indi Rusiyada yaşamaq və işləmək istəyən miqrantın patent alması gərəkdir.
 
"Patent sisteminin tətbiqi xarici ölkə vətəndaşlarının, o cümlədən Rusiyaya işləməyə gəlmiş Azərbaycan vətəndaşlarının işədüzəlmə prosesini asanlaşdırmaqla yanaşı, bu sahədəki rüşvətxorluq və korrupsiya ilə mübarizəni daha effektiv etməyə imkan verəcək. Eyni zamanda iş patentinin dəyərini azaltmaq və ya artırmaqla regionlar miqrasiya axınlarını özlərini nizamlaya biləcəklər", - mətbuat mərkəzindən verilən açıqlamada deyilir.


 
Yeni miqrasiya qaydaları təqribən 7 milyon miqranta, o cümlədən 450 min azərbaycanlıya birbaşa təsir edir.
Patent almaq asan deyil. Bunun üçün miqrant işləmək istədiyi yer barədə informasiya verməli, rus dili, Rusiya tarixi və ölkə qanunvericiliyinin əsasları ilə bağlı imtahandan çıxmalı, tibbi müayinədən keçməli, səhiyyə polisi almalıdır.
 
Bütün gərəkli sənədlər 30 gün ərzində tərtib olunub hazırlanmalıdır.
Daha sonra miqranta 1 aydan 12 ayadək müddətə malik patent verilir. Sonradan patentin vaxtını uzatmaq olar: bir şərtlə ki, miqrantın real, ən başlıcası isə leqal iş yeri olsun.
Belə iş yerinin olmadığı və ya miqrantın yalan məlumatlar verdiyi aşkarlanarsa, patent ləğv olunur.
 
Ən nəhayət, patentdən yalnız onun verildiyi regionda istiadə etmək olar. Yəni, məsələn, Rusiyanın Tver vilayətində patent almış azərbaycanlı miqrant işləmək üçün Moskvaya gedə bilməz.
Əvvəllər belə sistem özəl strukturlarda çalışan miqrantlara şamil olunurdu və Rusiya Federal Miqrasiya Xidmətinin əməkdaşlarının dediklərinə görə, həmin sistem yaxşı effekt verərək özünü doğruldub.
 
Moskvadakı Miqrasiya Tədqiqatları Mərkəzinin ekspertləri əməkdaşımızla söhbətlərinlə söylədilər ki, yeni qaydaların tətbiqi milyonlarla miqrantın fəaliyyətinin leqallaşdırılmasına, onların vergiödəyicilərinə çevrilmələrinə və deməli, hüquqlarının müdafiəsi üçün imkanlar yaradılmasına imkan verir.


 
"Belə patentlərin özəl şirkətlərlə yanaşı, dövlət təşkilatlarında çalışacaq miqrantlara da verilməsini istəyirik. Bizdə olan məlumatlara görə, hazırda Rusiyadakı miqrantların ən yaxşı halda 30 faizi leqal çalışır. Onların çalışma iznləri var, əmək müqavilələri imzalayıblar və s. Yerdə qalan 70 faiz isə illeqal statusa malik miqrantlardır və onların arasında azərbaycanlılar da az deyil. Bir düşünün: Moskva şəhəri və Moskva vilayətində 2 milyona yaxın miqrant var. Onların əksəriyyəti patent alaraq ayda 4 min rublu dövlət büdcəsinə ödəsələr, dövlət nə qədər gəlir əldə edə bilər?!" - Mərkəzin layihə direktoru Yuliya Florinskaya söylədi.
 
Yeni qaydalar Rusiyanın regionlarına patentlərin qiymətini müstəqil qaydada müəyyənləşdirməyə də imkan verir. Məsələn, ən bahalı patentlər Moskvadadır - ayda 4 min rubl.
 
Rusiyanın əyalətlərində və vilayətlərdə isə aylıq patenti 1500 rubla da almaq olar.
 
Ekspertlərin fikrincə, patentlərin qiymətinin fərqli olması və onların müxtəlif səviyyədə müəyyənləşdirilməsi əmək bazarındakı proseslərə nəzarət imkanları yaradır. Məsələn, hansısa regionda miqrantlara kəskin ehtiyac yoxdursa, patentin qiyməti bahalı olur və bu, təbii ki, miqrasiyanı stimullaşdırmır. Yəni konkret subyekt üçün əmək bazarına cəlb olunan miqrantların sayını nizamlamaq üçün sırf iqtisadi rıçaqlar işə salınır.
 
Gəlirlər, ya qalırlar?
 
Belə bir durumda Rusiyadakı azərbaycanlı miqrantların geriyə, Azərbaycana qayıtmaq niyyəti varmı və ümumiyyətlə, bu barədə deyilənlər doğrudurmu?
Şimal qonşumuzun ərazisindəki müxtəlif şəhərlərdə yaşayan soydaşlarımızın dediklərinə görə, vəziyyət mürəkkəbdir - bu, reallıqdır.
Rus rublu dəyərini sürətlə itirir, inflyasiya güclənir, bahalaşmanın nə zaman başa çatacağı bilinmir. Azərbaycanlı miqrantlar əsasən ticarət, inşaat, nəqliyyat sektorlarında çalışdıqlarından Qərbin sanksiyaları nəticəsində ölkə iqtisadiyyatında yaranmış böhranın fəsadları daha çox sadaladığımız sahlərdə hiss olunur və bunu da soydaşlarımız, təbii ki, bütün sərtliyi ilə hiss edirlər.


 
Fəqət onların arasında "kütləvi qayıdış" meylləri yoxdur. Sözsüz, Azərbaycana qayıdanlar var və onların sayı artır. Bununla belə, Rusiyadakı azərbaycanlı miqrantlar dəyişən situasiyaya, ağırlaşan şərtlərə uyğunlaşaraq yaşamağı qayıdış "uğursuzluğu"ndan üstün tuturlar.
O da var ki, azərbaycanlı miqrantların statuslarında da dəyişikliklər sürətlənib.
 
Bu yaxınlaradək bazarlardan birində trivial alverlə məşğul olan azərbaycanlı indi kiçik də olsa, biznes strukturu sahibinə çevrilir.
Xırda və orta şirkətlərin sahibləri isə daha böyük layihələrə başlayıblar.
 
Onlar işlərini yarımçıq qoymaq, bizneslərini dəyər-dəyməzinə satmaq və ya kiməsə icarəyə vermək istəmirlər.
Bütün çətinliklərə rəğmən.
 
Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/326032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR