Qazını göstər - deyək dostun kimdir

Qazını göstər - deyək dostun kimdir
09:42 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Təbii qaz təminatı baxımından Rusiyadan ifrat dərəcədə asılı olmaq avropalıları çoxdan pəjmürdə etmiş məsələlərdən biri idi. Hətta avropalılar dünyanın o biri başı sandıqları ölkələrdən də təbii qaz aramağa başlamış və bu axtarışlarda insan haqları, demokratiya, azad seçkilər, vətəndaş cəmiyyəti və qeyri bu kimi tələblərini müvəqqəti unutmaq qərarına gəlmişdilər.
 
Proses sürətlə başlanmışdı və Rusiyanın "Qazprom" konserninin qiymət diktaturasından canını qurtarmaq istəyən avropalılar indiyədək ağıllarına da gətirmək istəmədikləri variantları sınamaqla məşğuldurlar.
Belə variantlardan biri Liviya qazının alış həcminin artırılması idi.


 
Liviyada nə insan haqları var, nə demokratiyadan əsər-əlamət görünür, nə də oradakı cəmiyyəti vətəndaşlar toplusu adlandırmaq mümkün deyil.
Müəmmər Qəzzafinin liderlik etdiyi Cəmahiriyyə sistemi çökəndən, Qəzzafinin özü isə əzabla öldürüləndən sonra silahlanmış dəstələr arasında müharibə məkanına çevrilərək tayfalar arasında bölüşdürülmüş Liviyada indi İŞİD cip oynadır.
 
Benqazi, Tobruk və Dorna kimi iri şəhərlər bayraqları saqqalları, saqqalları da məramları rəngdə olan darbalaq terrorçuların əlindədir.
Paytaxt Tripolidə islamçılar oturub hökumət qurublarsa, ölkə hökuməti qaçaraq başqa şəhərə sığınıb və guya oradan Liviyanı idarə etdiyini bəyan edir.
Avropa Birliyi İŞİD-ə nifrət edir və "Allahu-əkbər!" deyənlərin başlarını "Allahu-əkbər!" deyib kəsənlərin axırına çıxmaq istəyir. Fəqət, bununla yanaşı, Liviyada alınan təbii qazın həcmini də azaltmaq istəmir.


 
Hazırda Avropa Komissiyasının enerjidaşıyıcıları təminatı məsələləri üzrə nümayəndələri liviyalılarla danışıqlar apararaq təbii qaz nəqli həcmlərinin artırılmasına yönəlmiş layihələri müzakirə edirlər.
Liviya məqsədlərdən sadəcə, biridir.
Avropa Birliyi "mavi yanacaq" problematikasının həllində çıxış yollarını marşrutların diversifikasiyasında, yəni say və istiqamətlərin artırılmasında gördüyünü bəyan etmişdi.
 
Elə bu səbəbdən də liviyalılarla sövdələşən Brüssel eyni zamanda Əlcəzair, Mərakeş, ABŞ, Nigeriya, Qətər və İranla da danışıqlara başlamışdı.
Həmin variantların heç biri real nəticələr verməyib hələ ki.
Avropa yanlış addımlar atdığıın etiraf etməsə də, Azərbaycan variantını uzun müddət qulaqardına vurduğunu dolayısı ilə boynuna alıb. Brüssel, təbii ki, belə bir bəyanat verməyib və "bağışlayın, indiyədək sadəlövhlük etmişik, ambisiyaları reallıqdan üstün tutmuşuq, bundan belə praqmat olacaq, məntiqi addımlar ataraq bizimlə strateji müttəfiq və sabit tərəfdaş olmaq istəyənlərin müraciətlərini qulaqardına vurmayacağıq" deməyib.
Doğrudur, amma verbal olaraq gündəmə gətirilməyən etiraf əməllərlə reallaşdırılıb.
 
Kreml durumdan maksimum istifadə etməkdədir. Rusiyanın qazının Avropaya nəql olunduğu boru kəmərlərindən real gəlir mənbəyi ilə yanaşı, siyasi təzyiq rıçaqı kimi istifadə edən Moskva "geosiyasi ekstaz"a düşdüyündən son həftələrdə hətta Avropa Birliyini şantaj etməyə başlayıb.
Ukraynadakı olaylardan, daha doğrusu, bu ölkənin şərqində separatçılara tam dəstək verməsindən sonra məruz qaldığı sanksiyaların ağır yükündən qurtula bilməyən, iqtisadiyyatı kollapsa doğru gedən Moskva aqressiv davranışına görə Avropanın yeni sanksiyalarına məruz qalıb.
Cəza sanksiyalarısa bundan sonra daha da sərtləşəcək, daha çeşidli və müxtəlif olacaq.


 
Hər halda Avropa Birliyinin rəhbərliyi belə deyir.
Üstəlik, Rusiya prezidenti Vladimir Putinin Ankaraya rəsmi səfəri əsnasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yeni anlaşmaya nail olması və "Qazprom"un qazını Avropaya bu dəfə türklərin vasitəsiə çıxarmaq niyyətində olması da Brüsseli qıcıqlandırır.
Rusiyanın neftindən imtina etmək Avropa Birliyi üçün çətin, amma mümkündürsə, təbii qaz təminatı ilə bağlı asılılıqdan qurtulmaq olduqca müşkül məsələ təsiri bağışlayır.
 
Sərf etdiyi "mavi yanacağın" 1/3 hissəsini Avropa Birliyi Rusiyadan alır. Şərqi Avropanın bir sıra ölkələrində isə rus qazından 100 faizlik asılılıq var.
Məsələn, Sloveniya, Bolqarıstan və Albaniya təki.
Həmin ölkələr ötən həftənin sonlarında Azərbaycan qazı ilə maraqlandıqlarını bildiriblər.
ABŞ-ın nüfuzlu analitik mərkəzi "Stratfor"da hesab edir ki, Sloveniya, Bolqarıstan və Albaniya təbii qazın Azərbaycandan alınmasına nail olsalar, Rusiyadan asılılıqdan qurtula bilərlər.
 
"Azərbaycan regionda yeganə ölkədir ki, təbii qaz satışlarında Rusiyanı tam əvəzləyə bilməsə də, "Qazprom"u çox əhəmiyyətli dərəcədə sıxışdıra bilər", - amerikalı analitiklər hesab edirlər.
Liviya, Əlcəzair, Tunis, Mərakeş, Qatar kimi ölkələrdən təbii qaz idxalı layihələri avropalılar üçün bahalı və yetərincə risklidir. Avropalıların İrandan təbii qaz almalarına isə ABŞ, çətin ki, imkan verə: axı belə olan təqdirdə Vaşiqtonun 1979-cu ildən bəri Tehrana qarşı tətbiq etdiyi sanksiyalar çəmbəri yarılır və iranlılar amerikalıların nüfuzuna ağır zərbə vururlar.


 
Azərbaycan qazı isə tam başqa müstəvidəki məsələdir.
Sloveniya, Albaniya və Bolqarıstandakı analitiklər hesab edirlər ki, Azərbaycanın təbii qazının Avropa Birliyinə nəqli indiyədək iqtisadi-ticari və maliyyə məsələləri ilə bağlı problem idisə, indi strateji əhəmiyyət kəsb edən məqama çevrilir.
 
Azərbaycanın lideri olduğu Xəzəryanı regionun ehtiyatları Rusiyanın enerjidaşıyıcılarına yeganə və real alternativdir.
"Stratfor" bununla bağlı avropalılara aşkar xəbərdarlıq edir: "Avropa Birliyi Azərbaycandan təbii qazı nəql edəcək yeni boru kəmərinin inşasına mümkün qədər tez başlamaqla yanaşı, Azərbaycana tam dəstək verməlidir. Habelə, Azərbaycanın hərbi potensialı da dəstəklənməlidir. Unutmayaq ki, ABŞ-ın postsovet məkanındakı digər müttəfiqlərindən fərqli olaraq, Azərbaycan müdafiə məsələləri ilə bağlı dəstəyə görə, yəni alacağı silah və hərbi texnika üçün real pul ödəməyə hazırdır".
 
İki gün əvvəl Albaniya hökuməti "Cənub Qaz Dəhlizi" və bu marşrutun Türkiyə ərazisindən keçəcək hissəsi olacaq "Transanadolu qaz boru kəməri" (TANAP) ilə bağlı məsləhətləşmələrə başlamaq niyyətində olduğunu bildirib.
 
Sloveniya və Bolqarıstanda da analoji müzakirələr başlanıb. Rəsmi Tirana kimi, Lyublyana və Sofiya da Azərbaycanın təbii qazını almaq niyyətində olduqlarını vurğulayıblar.



 
"Cənub Qaz Dəhlizi" ilə ildə 16 milyard kubmetr təbii qazın nəqli qəzərdə tutulur.
ARDNŞ bu layihədə 80 faizlik paya malikdir ki, o payın dəyəri 15 milyard dollardır.
 
Yunanıstan ərazisində TANAP kəməri "Transadriatik qaz boru kəməri"nə (TAP) çevriləcək və qaz İtaliyaya nəql olunacaq. Daha sonra isə "mavi yanacaq" Avropa Birliyinin digər ölkələrinə ötürüləcək.
"Cənub Qaz Dəhlizi" ilə Azərbaycanla yanaşı, Türkmənistan, hətta İraq və İranın da təbii qazının Avropa Birliyinə çatdırılması istisna edilmir.
İnşasına bu il başlanacaq kəmərin tikintisi 3 il sonra başa çatacaq, 28 milyard dollar maliyyə tələb edəcək. Bu işlərdə ARDNŞ-in payı 20 faizdir.
Rusiya var qüvvəsi ilə "Cənub axını"nı reklam edərək onun daha uğurlu və effektli layihə olduğunu bəyan etsə də, bu kəmərlə ildə 63 milyard kubmetr təbii qazın nəql olunacağına nə avropalılar, nə də amerikalılar inanırlar.


 
Əvəzində bolqarlar, albanlar və slovenlər Bakı ilə danışıqlara hazırlaşırlar. Avropa Birliyinin digər ölkələrini qabaqlamaq üçün.
Analitiklər hesab edirlər ki, “Cənub Qaz Dəhlizi” layihəsi Bakının siyasi çəkisi ilə geosiyasi önəmini artıq artırıb.
Rəsmi Bakını Avropa Birliyi ilə təmaslarda yeni anlaşmalar, müqavilələr, ticari imtiyazlar, sərmayələrin artımı, Qərbin böyük enerji şirkətləri ilə yeni müzakirələr və ən başlıcası, müdafiə sahəsində böyük sövdələşmələr gözləyir.
 
Ekspertlər onu da deyirlər ki, Azərbaycan, sadəcə, Avropa Birliyini təbii qazla təmin edəcək ölkə olmayacaq. Rəsmi Bakı Baltika və Qara dənizlərdən başlayaraq Çin sərhədinədək uzanacaq yeni geosiyasi “zona”da çox önəmli yerə dönür. Bu zona Rusiyanın kənar ölkələrə təsir və təzyiqlərinin qarşısını almağa yönəlib.
Avropa Birliyi sözügedən zonaya Baltikyanı ölkələr, Polşa, Sloveniya, Albaniya, Macarıstan, Rumıniya, Moldova, Gürcüstan və təbii ki, Azərbaycanı daxil edib.
Göründüyü kimi, rəsmi Bakının çəkisi və imkanlarının artımı, hadisələrə təsir imkanlarının güclənməsi danılması mümkünsüz faktdır.
 
Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/326031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR