Los Anceles yəhudi sinaqoqunda Xocalı soyqırımı anılıb

10:22 23 Fevral 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 10:20 ]


Bakı - APA. Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar ABŞ-ın Los Anceles şəhərində yerləşən “Piko Şul” yəhudi sinaqoqunda anım tədbiri keçirilib.

 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, baş konsulluqla birgə keçirilən tədbirdə yəhudi icmasının çoxsaylı nümayəndələri ilə yanaşı, digər müxtəlif icmaların çoxsaylı nümayəndələri də iştirak ediblər.

 

Tədbiri açan “Piko Şul” sinaqoqunun rəhbəri Ravvin Yona Bukstayn Azərbaycanın tarixi tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bildirərək, qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycanda yəhudilərə daim xoş münasibətin göstərildiyini vurğulayıb. O, Azərbaycanın dünyada yaşayan yəhudilərin və İsrailin dostu olduğunu qeyd edərək, Xocalı qətliamına dair anım tədbirinin keçirilməsi ilə yəhudi icmasının azərbaycanlıların dərdini və ağrı-acısını bölüşdüyünü diqqətə çatdırıb.

 

Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev belə faciəvi gündə Azərbaycanın xalqının ağrı-acısını bölüşdüyünə görə “Pico Shul” sinaqoquna və yəhudi icmasına təşəkkür edib, bu tədbirin ABŞ-da bir yəhudi sinaqoqunda Xocalı qətliamına həsr olunmuş ilk tədbir kimi tarixə düşdüyünü qeyd edib. O, Azərbaycanda yəhudilərə qardaşlıq münasibətinin göstərildiyini, tarix boyunca dar günlərində azərbaycanlıların daim yəhudilərə yardım əlini uzatdığını və onları qoruduğunu bildirib. Diplomat həmçinin Xocalı soyqırımı haqda həqiqətlərin dünyaya yayılması istiqamətində məqsədyönlü işlər görüldüyünü vurğulayaraq, bu səpkidə Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya Ədalət” kampaniyasının son illərdə önəmli nəticələr əldə etdiyini qeyd edib.

 

Növbəti çıxış edən Xocalı soyqırımının canlı şahidlərindən olan Anar Usubov öz xatirələrini bölüşərək, soyqırım nəticəsində yalnız ailə üzvlərini və qohum-əqrəbasını deyil, eyni zamanda uşaqlığını, gəncliyini də itirdiyini bildirib.

 

“Piko Şul” sinaqoqunun nümayəndəsi Emili Pflaster isə öz çıxışında Xocalı soyqırımı ilə bağlı gerçəklikləri araşdırdığı zaman qarşılaşdığı faktlardan sarsıldığını, baş verən vəhşiliklərin insanlıq anlayışına sığmadığını qeyd edib. E.Pflaster bir müddət əvvəl Los Ancelesdə səfərdə olan Xocalı soyqırımının canlı şahidlərindən olan Dürdanə Ağayeva ilə görüşdüyünü, onun başına gələnlərdən dəhşətə gəldiyini bildirib. E.Pflaster bəşər tarixində belə faciələrin bir daha yaşanmaması üçün Xocalı həqiqətlərinin bütün dünyanın bilməli olduğunu vurğulayıb.

 

Çıxışlardan sonra tədbir iştirakçıları Xocalı soyqırımının şahidlərindən olan D.Ağayeva ilə Azərbaycanın Los Ancelesdəki baş konsulluğu tərəfindən hazırlanmış video-materiala baxıblar. Müsahibə janrında olan materialda D.Ağayeva ermənilər tərəfindən ona qarşı əsirlikdə törədilmiş vəhşiliklər barədə ətraflı danışır.

 

Tədbirin sonunda yəhudi skripka ifaçısı tərəfindən yəhudi soyqırımı Holokosta həsr olunmuş həzin musiqilər ifa edilib. Tədbir iştirakçıları Xocalı faciəsini əks etdirən foto-sərgi ilə də tanış olublar.

 

Qeyd edək ki, tədbiri pozmağa çalışan Los Anceles erməni lobbisinin nümayəndələri “Pico Shul” sinaqoqunun divarlarına müxtəlif təhqiramiz qraffitilər yazıblar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373691

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR