Los Ancelesdəki yəhudi sinaqoqunda Xocalı soyqırımı anıldı

10:49 23 Fevral 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar ABŞ-ın Los Anceles şəhərində yerləşən “Piko Şul” yəhudi sinaqoqunda anım tədbiri keçirilib.

 

Azərbaycanın Los Anclesdəki Baş Konsulluğundan Lent.az-a verilən məlumatına görə, tədbirdə yəhudi icmasının və digər cəmiyyətlərin çoxsaylı nümayəndələri iştirak edib.

 

Tədbiri açan “Piko Şul” sinaqoqunun rəhbəri Ravvin Yona Bukstayn Azərbaycanın tarixi tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, Azərbaycanın dünyada yaşayan yəhudilərin və İsrailin dostu olduğunu qeyd edərək Xocalı qətliamına dair anım tədbirinin keçirilməsilə yəhudi icmasının azərbaycanlıların dərdini və ağrı-acısını bölüşdüyünü diqqətə çatdırıb.

 

Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev belə faciəvi gündə Azərbaycanın xalqının ağrı-acısını bölüşdüyünə görə “Pico Shul” sinaqoquna və yəhudi icmasına təşəkkür edib. O, Azərbaycanda yəhudilərə qardaşlıq münasibətinin göstərildiyini, tarix boyunca dar günlərində azərbaycanlıların daim yəhudilərə yardım əlini uzatdığını və onları qoruduğunu bildirib.

 

Xocalı soyqırımının canlı şahidlərindən olan Anar Usubov öz xatirələrini bölüşərək soyqırım nəticəsində, yalnız ailə üzvlərini və qohum-əqrabasını deyil, eyni zamanda uşaqlığını, gəncliyini də itirdiyini bildirib.

 

“Piko Şul” sinaqoqunun nümayəndəsi Emili Pflaster isə öz çıxışında Xocalı soyqırımı ilə bağlı gerçəklikləri araşdırdığı zaman qarşılaşdığı faktlardan sarsıldığını, baş verən vəhşiliklərin insanlıq anlayışına sığmadığını qeyd edib. E.Pflaster bir müddət əvvəl Los Ancelesdə səfərdə olan Xocalı soyqırımının canlı şahidlərindən olan Dürdanə Ağayeva ilə görüşdüyünü, onun başına gələnlərdən dəhşətə gəldiyini bildirib. E.Pflaster bəşər tarixində belə faciələrin bir daha yaşanmaması üçün Xocalı həqiqətlərinin bütün dünyanın bilməli olduğunu vurğulayıb. 

 

Çıxışlardan sonra tədbir iştirakçıları Xocalı soyqırımının şahidlərindən olan D.Ağayeva ilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən hazırlanmış video-materiala baxıblar. Müsahibə janrında olan materialda D.Ağayeva ermənilər tərəfindən ona qarşı əsirlikdə törədilmiş vəhşiliklər barədə ətraflı danışır. 

 

Tədbirin sonunda yəhudi skripa ifaçısı tərəfindən yəhudi soyqırımı Holokosta həsr olunmuş həzin musiqilər ifa edilib. Tədbir iştirakçıları Xocalı faciəsini əks etdirən foto-sərgi ilə də tanış olublar.

 

Qeyd edək ki, tədbiri pozmağa çalışan Los Anceles erməni lobbisinin nümayəndələri “Pico Shul” sinaqoqunun divarlarına müxtəlf təhqiramiz qraffitilər yazıblar.

 

D.Ağayeva ilə aparılmış video-müsahibəyə bu linkdə baxmaq olar:

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194262

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR