Leyla Əliyeva: “Əli və Nino” bu gün də rezonans doğuran sevgi hekayəsini canlandırır (FOTO)

Leyla Əliyeva: “Əli və Nino” bu gün də rezonans doğuran sevgi hekayəsini canlandırır (FOTO)
11:18 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir Vüqar İmanov/

Heydər Əliyev Mərkəzində tanınmış əsər, dünyada bestseller olan Qurban Səidin “Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişlərinin başlanmasına dair mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən filmin icraçı prodüseri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bildirib ki, “Əli və Nino” əsərini dəfələrlə oxuyub və onu ilk dəfə oxuyanda hiss etdiyi həyəcanı indiyədək xatirindədir: “İyirminci əsrin əvvəlində yazılmış bu kitab Azərbaycanın o dövrdəki insanlarını, məkanlarını aydın şəkildə təsvir edir. O, bu gün – 100 il sonra da rezonans doğuran sevgi hekayəsini canlandırır”.

Leyla Əliyevanın sözlərinə görə, çox şaddır ki, film məhz Bakının küçələrində, İçərişəhərdə, Opera və Balet teatrında, Qobustanda, Xınalıq dağlarında – kitabda təsvir olunan yerlərdə çəkiləcək.

Leyla Əliyeva qeyd edib ki, tolerantlıq, dialoq və yeni ideyalar ölkəsi olan Azərbaycanın qədim tarixi və zəngin ənənələri var.

O, Bakıda filmin istedadlı aktyorlarını və çəkiliş heyətini salamlayıb: “Əminəm ki, onların köməyi ilə biz bu unudulmaz hekayəni canlandıra biləcəyik”.

Leyla Əliyeva əmin olduğunu bildirib ki, insanlar da “Əli və Nino” filmini ekrana çıxdıqdan sonra sevəcəklər.

Jurnalistlərin “Ekranlaşdırma üçün niyə məhz bu əsəri seçdiniz” sualını cavablandırarkən Leyla Əliyeva vurğulayıb ki, bu kitab gözəl romandır.

Onun sözlərinə görə, kitabda Azərbaycan üçün müstəqilliyin vacibliyi əks olunur: “Bu bizim həmişə və indi də qiymətləndirdiyimiz məsələdir”.

O bildirib ki, bu kitabın məhəbbət haqqında olması da vacibdir.

Quruluşçu rejissor Kris Tikye (“Zibillik”, “Qızıl geyinmiş qadın”) layihənin reallaşdırılmasına dəstək verdiyinə görə Leyla Əliyevaya təşəkkürünü bildirib və çəkilişlərin başlanmasından qürur duyduğunu qeyd edib.

O bildirib: “Layihə üzərində işə dörd il əvvəl başlanılıb və bizim üçün dostluq mənbəyinə çevrilib. Eyni adlı romanın ekranlaşdırılmasında Kristofer Hemptonla birgə iştirak etmək mənim üçün şərəfdir. Əminliklə deyə bilərəm ki, rejissor Asif Kapadia, baş rolun ifaçıları Maria Valverde və Adam Bakri, digər aktyorlar və çəkiliş heyəti daxil olmaqla bu film etibarlı əllərdədir”.

Yaradıcı kollektiv KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb və dünya kinematoqrafiyasında layihənin reallaşdırılmasının böyük önəmini qeyd edib.

Filmin ssenari müəllifi “Academy Award” mükafatı laureatı Kristofer Hempton (“Təhlükəli əlaqələr”, “”Bağışlanma”) vurğulayıb ki, əsərin qeyri-adi süjeti və onun kino istehsalına uyğunlaşdırılmasında çətinlik onda ssenarini yazmağa xüsusi istək doğurub.

O deyib: “Rejissor heyəti ilə birlikdə ssenarinin hazırlanmasında əsərin ruhunu maksimum əks etdirməyə çalışdıq ki, bu, sonra ekranda təcəssümünü tapsın. Əsərdə həmin illər Azərbaycanın müstəqillik uğrunda mübarizəsini və filmə daha da rəngarənglik verəcək neft bumunun aktual məsələsini də maksimum əks etdirməyə çalışacağıq”.

Filmin rejissoru “BAFTA” (Britaniya Film və Televiziya İncəsənəti Akademiyası) mükafatı sahibi Asif Kapadia (“Döyüşçü”, “Senna”) isə bildirib ki, əsərin əvvəlki işləri kimi uğurlu layihə olması üçün çalışacaq. “Biz uzun yol qət etdik və nəhayət “Əli və Nino”nun çəkilişlərinə başlayırıq. Mən çox həyəcanlıyam. Bizim çox yaxşı ssenarimiz, beynəlxalq səviyyədə komandamız, çəkiliş üçün çox gözəl məkanlarımız və güclü aktyor heyətimiz var. Gözəl əsərin ekranlaşdırılması üçün çox yaxşı yaradıcı kollektiv toplaşıb və səmərəli çəkiliş prosesi üçün bütün şərait yaradılıb. Fikrimcə, əsəri böyük uğur gözləyir”.

Baş rolların ifaçıları artıq bir neçə aydır Bakıdadırlar və obrazların canlandırılması üçün Azərbaycanın bəzi görməli yerlərinə baş çəkiblər, milli mədəniyyəti və dili öyrəniblər.

Nino obrazını oynayan Maria Valverde (“Çıxış”:Tanrılar və krallar” filmi) deyib: “Biz gözəl ölkənizə və insanlarınıza o qədər öyrəşmişik ki, buradan getmək bizə çətin olacaq. Mən kitabı bir nəfəsə oxudum və çox xoşuma gəldi. Azərbaycan yazıçısının filmində gürcü Ninonu oynamaq böyük şərəfdir və müasir kinematoqrafiyada bu layihəni möhtəşəm hesab edirəm. Bu əsəri bütün qəlbimlə sevdim və düşünürəm ki, çəkiliş prosesindən sonra tamaşaçılar da bu filmi layiqincə qiymətləndirəcəklər”.

Filmdə Əli rolunu oynayan Adam Bakri (“Ömər”) qeyd edib: “Ölkəniz və Bakı çox xoşuma gəldi. Filmin çəkilişləri üçün bir çox yerdə oldum, rəqs dərsləri aldım və ata minməyi öyrəndim”.

Aktyor heyətinə dünyanın məhşur kinoulduzları Mendi Petinkin (“Vətən”, “Cinayətkar kimi fikirləş”, “Şahzadə gəlin”) və Konni Nilson (“Nimfoman”, “Qladiator”) da daxildir.

Aktyor heyətinə qatılacaq digər aktyorlar bunlardır: Rikkardo Samariko (“Gülləsiz atəş”, “Qardaşım evin yeganə övladıdır”), Humayon Erşardi (“Hədəf nömrə bir”, “Küləyin dalınca qaçan”), Fəxrəddin Manafov (“Nəfəs almamağa çalış”, “Əlvida, cənub şəhəri”), Assad Buab (“Vətənpərvərlər”, “Lola hər nə istərsə”), Numan Akar (“Vətən”) və Halit Ərgənç (“Min bir gecə”, “Möhtəşəm yüz il”).

Filmin çəkilişi üçün quruluşçu rəssam Karlos Konti (“Yolda”, “Küləyin dalınca qaçan”, “Motosikletçinin gündəliyi”), quruluşçu operator Gökhan Tiryaki (“Qış yuxusu”, “Bir dəfə Anatoliyada”), kostyum dizayneri Mişel Klepton (“Taxtların oyunu”) və redaktor Aleksandr Berner (“Yupiterin qalxışı”, “Buludlu atlas”, “Hesablaşma”) daxil olmaqla dünya səviyyəsində bir komanda formalaşıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2367052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR