“Əli və Nino” filminin yaradıcı heyəti mətbuat konfransı keçirib - FOTOSESSİYA

“Əli və Nino” filminin yaradıcı heyəti mətbuat konfransı keçirib - FOTOSESSİYA
11:42 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 11:36 ]

Leyla Əliyev: “Filmdə mübarizənin ölkəmiz üçün nə qədər vacib olduğu nümayiş etdiriləcək, eyni zamanda tamaşaçılar məhəbbət hekayəsinin şahidi olacaqlar”

Bakı. Cavid Zeynallı – APA. Heydər Əliyev Mərkəzində “Əli və Nino” romanı əsasında çəkiləcək eyni adlı filmlə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, mətbuat konfransında Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin icraçı prodüseri Leyla Əliyeva, rejissoru Asif Kapadia, ssenari müəllifi Kristofer Hempton, Əli rolunun ifaçısı Adam Bakri, Nino obrazını canlandıran Maria Valverde və başqaları iştirak edib.

 

Leyla  Əliyeva “Əli və Nino” romanı əsasında film çəkilməsindən məmnun olduğunu bildirib: “Mən “Əli və Nino” əsərini dəfələrlə oxumuşam və onu ilk dəfə oxuyanda hiss etdiyim həyəcan indiyədək xatirimdədir. XX əsrin əvvəlində yazılmış bu kitab Azərbaycanın o dövrdəki insanlarını, məkanlarını aydın şəkildə təsvir edir. O, bu gün – 100 il sonra da rezonans doğuran sevgi hekayəsini canlandırır. Çox şadam ki, film məhz Bakının küçələrində, İçərişəhərdə, Opera və Balet Teatrında, Qobustanda, Xınalıq dağlarında – kitabda təsvir olunan yerlərdə çəkiləcək. Mən bu istedadlı aktyorları və çəkiliş heyətini Bakıda salamlamaqdan məmnunam. Əminəm ki, onların köməyi ilə biz bu unudulmaz hekayəni canlandıra biləcəyik”.

 

Leyla Əliyeva əlavə edib ki, filmdə mübarizənin ölkəmiz üçün nə qədər vacib olduğu nümayiş etdiriləcək, eyni zamanda tamaşaçılar məhəbbət hekayəsinin şahidi olacaqlar: “Niyə məhz bu kitab? Düşünürəm ki, bu kitab əsas etibarilə Azərbaycanın müstəqilliyinin nə qədər vacib olmasını əks etdirir. İkinci səbəb də sözsüz ki, bu, çox gözəl, epik bir məhəbbət hekayəsidir”.

 

Filmin rejissoru Asif Kapadia APA-nın sualına cavabında bildirib ki, filmin Azərbaycan və dünya tamaşaçısı arasında uğur qazanması üçün əlindən gələni edəcək: “Biz hamımız çalışırıq ki, bu, uğurlu layihə olsun. Filmin uğuru lazım olan elementlərin yerində olması ilə bağlıdır. Bu əsərdə gözəl sevgi hekayəti var. Eyni zamanda istedadlı heyət seçilib, uğurlu aktyorlar işə cəlb olunub. Gözəl məkan və mənzərəni də bura əlavə etsək, demək, gələcək uğurdan danışmağa dəyər”.

 

“Əli və Nino”nun ssenari müəllifi Kristofer Hempton romanda olduğu kimi, filmdə də Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin əksini tapacağını vurğulayıb: “Bu, mənim üçün çox maraqlı kitab oldu. Əlbəttə ki, mürəkkəb məqamları vardı və bu mürəkkəbliyinə görə də mən razılaşdım. Biz həmkarım Asiflə çalışdıq ki, əsərə sadiq qalaq. Çalışaq ki, filmi məhz orijinala yaxın çəkək. Filmdə sözsüz ki, Azərbaycanın o dövrdə müstəqillik uğrunda mübarizəsini də əks etdirməyə çalışacağıq. Düşünürəm ki, məhz o dövrdə neft bumu və bu gün ölkənin inkişafı bu əsərin daha aktual film olması üçün şərait yaradır”.

 

Əli obrazının ifaçısı Adam Bakri artıq Azərbaycan dilini öyrənməyə başladığını deyib: “Bir neçə aydır ki, biz buradayıq. Düşünürəm ki, layihənin sonunda ölkəni tərk etmək bizim üçün çox çətin olacaq. Biz artıq bu ölkəyə öyrəşmişik. Mən artıq Azərbaycan dilini öyrənməyə başlamışam”.

 

Nino obrazını canlandıracaq Maria Valverde “Əli və Nino” əsərinə olan sevgisindən danışıb. O, əsərin ekranlaşdırıldıqdan sonra da hamı tərəfindən seviləcəyinə ümidvar olduğunu bildirib: “Mənim üçün Nino obrazını canlandırmaq çox böyük bir şərəfdir. Mən kitabı oxudum və çox xoşuma gəldi. Düşünürəm ki, bu rolu uğurla ifa etməyim çox mühüm bir layihənin reallaşması olacaq. Artıq uzun müddətdir ki, Adam Bakri və Asif Kapaida ilə bir yerdə çalışırıq. İşimiz çox məhsuldardır. Ümid edirəm, mən bu kitabı sevdiyim kimi, ekranlaşdırıldıqdan sonra filmi ikiqat olaraq tamaşaçılar sevəcəklər”.

 

Filmdə Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Assad Buab, Numan Akar və Xalid Ərgənç də rol alacaqlar.

 

Ekran əsərinin quruluşçu rəssamı Karlos Konti, quruluşçu operatoru Gökhan Tiryaki, kostyum dizayneri Mişel Klepton, redaktoru Aleksandr Bernerdir.

 

Qeyd edək ki, Qurban Səidin “Əli və Nino” romanı XX əsrin orijinal əsərlərindən biri hesab olunur. İlk dəfə 1937-ci ildə alman dilində çap olunmuş əsər 33 dilə tərcümə olunub, 100 dəfədən çox nəşr edilib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373711

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR