Lerikdə həyat dondu

Lerikdə həyat dondu
12:51 23 Fevral 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlərdə cənub bölgəsinə düşən güclü qar bölgənin bütün rayonlarında, o cümlədən Lerik rayonunda ciddi fəsadlar yaradıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun enerji təsərrüfatı, yol infrastrukturu iflic vəziyyətinə düşüb.

Lerik rayonunun mərkəzinə son onilliklərin ən güclü qarı düşüb. Rayon mərkəzinə 1 m, ucqarlara 1,5 m. qar yağıb. Yağan qar həmişə olduğu kimi bu dəfə də fəsadsız ötüşməyib.

Sakinlər yağıntı ilə bağlı yaranan problemlərdən şikayət edirlər.

"Kəndlərə yol yoxdur. 3 gündür işıq yoxdur", deyə rayon sakini Xudaverdi Zamanov bildirib.

Ötən ilki quraqlıqdan, su qıtlığından əziyyət çəkən sakinlər isə ilin bu vədəsində yağan qarı ruzi-bərəkət sayır.

Lənkəran-Lerik yolunda sürüşmələr aktivləşdiyindən yola fasiləsiz olaraq gil, torpaq qatı, qaya parçaları tökülür. Yaranmış vəziyyətlə əlaqədar 43 saylı Lerik Yol İstismar İdarəsi gücləndirilmiş iş rejimində çalışır.

Rayon mərkəzilə kəndlər arasındakı 456 km.lik avtomobil yolunun qardan təmizlənməsinə isə ən azı 1 həftə vaxt lazım olacaq.

"35 kv.lıq hava xətlərində qəza baş verib. Fevralın 20-si saat 3-dən başlayaraq rayonumuzda elektrik verilişi dayanıb. Verilən məlumata görə, briqadalar həmin ərazidə işləyir, lakin enerjini bərpa etmək mümkün olmayıb", - deyə rayon fövqəlada hallar komissiyasının sədri Habil Məlikov bildirib.

Əldə etdiyimiz son məlumata görə, hazırda rayonda 50-yə yaxın yaşayış məntəqəsinə enerji verilişi bərpa olunub. Eyni zamanda, qar yağmağa fasilə verib.
Mənbə
ANS PRESS: Esmira İsmayılova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR