Almaniyada Xocalı soyqırımına dair beynəlxalq konfrans keçirilib (FOTO)

Almaniyada Xocalı soyqırımına dair beynəlxalq konfrans keçirilib (FOTO)
13:23 23 Fevral 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlkin İzzət/

Xocalı soyqrımının 23-cü ildönümü ilə əlaqədar Almaniyanın Bielefeld Universitetində beynəlxalq konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Almaniyanın Nordrayn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı və Türkiyə Gənclər Təşkilatının (TGB) dəstəyi ilə keçirilən konfransda soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla edildikdən sonra Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səslənib. Daha sonra Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədr müavini Faiq Məmmədov konfransı giriş sözü ilə açaraq bütün iştirakçılara təşəkkür edib.

Professor Mehmet Perinçek apardığı çoxsaylı elmi-tədqiqat işlərinin nəticələri və arxiv sənədlərinə əsaslanan çıxış edərək iştirakçıları “Böyük Ermənistan” adlı xəyali dövlət yaratmaq məqsədilə 1890-cı ildə yaradılmış “Daşnaksütun” partiyası, erməni milli hərəkatının qəsbkar siyasəti haqqında məlumatlandırıb. M. Perinçek daha sonra Çar Rusiyasının himayəsi altında erməni dövlətinin yaradılması, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsinə tarixi nəzər salıb. Türkiyəli alim bu barədə dərc etdirdiyi kitabları haqqında məlumat verib, bu nəşrlərdən sitatlar gətirib.

Daha sonra Azərbaycan həqiqətləri barədə çıxış edən millət vəkili Qənirə Paşayeva erməni yalanlarını ifşa etmək, bu barədə Almaniya ictimaiyyətini məlumatlandırmaq üçün Azərbaycan və Türk gənclərini daha fəal olmağa çağırıb. O, gənclərin daha çox müxtəlif arxivlərdə araşdırmalar aparmasını, erməni yalanlarının tarixi faktlarla ifşa edilməsinin və arxiv materialları əsasında müxtəlif dillərdə kitabların dərcinin vacib olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva isə Xocalı soyqırımı haqda Avropa ictimaiyyətinin geniş məlumatlandırılması istiqamətində görüləcək işlər barədə danışıb, hər kəsi bu fəaliyyətdə birliyə və aktiv olmağa dəvət edib.

Çıxışlardan sonra konfrans iştirakçıları arasında müzakirələr aparılıb. Konfransda Azərbaycan və Türk diaspor təşkilatları, o cümlədən Kölndəki Alman-Azərbaycan Mədəniyyət Evinin, Hannoverdə fəaliyyət göstərən “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin, Bielefeld Atatürkçü Düşüncə Dərnəyinin rəhbərləri və üzvləri iştirak edib.

Konfransın keçirildiyi Bielefeld Universitetin foyesində “Xocalı soyqırımı” adlı informasiya stendi də qurulub. Stenddə Xocalı dəhşətlərini əks etdirən kitab, jurnal, broşür və digər əyani vəsaitlər nümayiş etdirilib, tələbələrə və qonaqlara faciə haqqında geniş məlumat verilib.

Qeyd edək ki, Mehmet Perinçek qondarma erməni soyqırımının beynəlxalq yalan olduğunu bildirən və buna görə İsveçrədə cinayət məsuliyyətinə cəlb olunmuş Doğu Perinçeyin oğludur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2367130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR