Bakı Ali Neft Məktəbində “Texniki yaradıcılığa maraq” sərgisi keçirilib

Bakı Ali Neft Məktəbində “Texniki yaradıcılığa maraq” sərgisi keçirilib
13:28 23 Fevral 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 fevral, AzərTAc
Bakı Ali Neft Məktəbində (BANM) şagirdlərin və tələbələrin texniki yaradıcılığına həsr olunmuş “Texniki yaradıcılığa maraq” sərgisi təşkil edilib.
BANM-dan AzərTAc-a bildiriblər ki, sərgi bu ali məktəbin tələbələrindən ibarət “Gənc mühəndislər” və “Badamdar” klublarının, “Gənc mühəndislərin İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə “Gənc mühəndislərin İnkişafı” İctimai Birliyinin üzvləri, BANM-ın əməkdaşlıq etdiyi transmilli şirkətlərin nümayəndələri, orta məktəblərin şagirdləri, BANM-ın tələbələri iştirak ediblər.
BANM-ın tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov ali təhsil müəssisəsinin üç illik fəaliyyəti dövründə qazandığı uğurlar, burada mütəxəssis hazırlığında tətbiq olunan müasir proqramlar və mütərəqqi texnologiyalar barədə danışıb. Mühəndis kadrların hazırlanmasında nəzəri biliklərin təcrübə ilə vəhdətinin təmin olunduğu diqqətə çatdırılıb. Prorektor orta məktəblərin yuxarı sinif şagirdlərini texniki yaradıcılığa cəlb etmək, onlarda mühəndislik fəaliyyətinə həvəs oyatmaq və gələcəkdə texniki ali məktəblərdə təhsil almağa istiqamətləndirmək məqsədilə “Gənc mühəndislər” klubunun yaradıldığını söyləyib, bu klubun son bir il ərzində bəzi orta məktəblərdə gənc mühəndislər dərnəklərinin təşkili üçün atdığı addımlardan söz açıb. R.Hümbətov “Texniki yaradıcılığa maraq” sərgisinin klubun fəaliyyətinin canlandırılmasına kömək edəcəyinə, eyni zamanda, şagird və tələbələrdə texniki yaradıcılığa böyük həvəs oyadacağına əminliyini bildirib.
Prorektor tədbirdə iştirak edən transmilli şirkətlərin nümayəndələrinə müraciət edərək onları orta məktəblərdə yaradılan gənc mühəndislər dərnəklərinin texniki vəsaitlər, alət və avadanlıqla təchizatına kömək göstərməyə çağırıb. R.Hümbətov “Badamdar” klubunun rəhbəri Elçin Abbasovun tədbirin təşkilində xüsusi rolunu qeyd edib, ona təşəkkürünü bildirib.
BANM-nin tələbəsi Rəsul Səmədzadə, “Gənc mühəndislərin İnkişafı” İctimai Birliyinin sədri Polad Rüstəmov, “Badamdar” klubunun rəhbəri Elçin Abbasov və digər çıxış edənlər gənclərlə texniki yaradıcılıq işinin təşkilində, onların texniki ixtisaslara yönəldilməsində sərginin əhəmiyyətini vurğulayıblar.
Daha sonra BANM-ın həyətində hərəkət edən və uçan modellər nümayiş olunub.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Ali_Neft_Mektebinde_Texniki_yaradiciliga_maraq_sergisi_kechirilib-834156

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR