Fransız alim və "erməni məsələsi": "Aqos"un köşə yazarı nədən narahatdır?

Fransız alim və "erməni məsələsi": "Aqos"un köşə yazarı nədən narahatdır?
11:12 3 Yanvar 2015
120 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsinə bir sıra dairələr aşırı maraq göstərirlər. Bunun fonunda KİV-də xüsusi məqsədlə məlumatlar yayılır. Təəssüf ki, bu zaman real vəziyyət təhrif olunur, əsasən də Türkiyə və Azərbaycanı barış mövqeyi tutmamaqda ittiham etməyə cəhd edilir. Şübhə yoxdur ki, belə cəhdlər müsbət nəticə verə bilməz. Çünki Ermənistan işğalçı qoşunlarını Azərbaycan torpaqlarından çıxarmayınca, onunla əməkdaşlıq mümkün deyil. Rəsmi Ankara da dəfələrə bəyan edib ki, sərhədlərin açılması yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkündür. Ancaq əks tərəf sakit dayanmır. O, əsassız ittihamlarını davam etdirməkdədir.

Əməkdaşlığa çağırış: obyektivlik və humanizm

Tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir. Buradan da başqalarına qarşı əsassız ittihamlara cəmi bir addım qalır. Ermənilər həmişə bu yolu tutublar. Onlar qonşu xalqlar haqqında yalan danışmağa, əsassız iddialar irəli sürməyə vərdiş ediblər. Təəssüf ki, bəzi ziyalılar ermənilərin bu hiyləgər hərəkətlərinə uyurlar. Türkiyəli yazar Baskın Oranın "Radikal" qəzetində dərc olunan bir məqaləsi bu aspektdə xeyli düşündürücüdür (bax: Baskın Oran.Türk'ten fazla Türkçü olmak / www.radikal.com.tr, 26 dekabr 2014).

Əslində, həmin müəllif həm də ermənilərin Türkiyədə nəşr etdirdikləri "Aqos" qəzetinin köşə yazarıdır. Mütəmadi olaraq məqalələrlə çıxış edir. Prezident Rəcəb Tayyib Ərdoğanın hazırda yeritdiyi siyasəti "dövlət terroru" kimi xarakterizə edir, onun "qorxu imperatorluğu" qurmaqla uğurlar əldə etdiyini vurğulayır (bax: məs., Baskın Oran. Uzun Adam'ın büyük başarısının kısa sırrı / www.radikal.com.tr, 19 dekabr 2014).

Bütün bunların fonunda B.Oranın Türkiyə-Ermənistan münasibətləri ilə bağlı fikirləri üzərində dayanmaq istərdik. O, Türkiyə tarixi üzrə mütəxəssis olan fransız Maxime Gauini tənqid atəşinə tutur. Səbəb isə ondan ibarətdir ki, həmin alim Ermənistanda milliyyətçi-şovinist ideologiyaya qulluq edən insanların hakimiyyətdə olduğunu deyir. Rəsmi İrəvanın yeritdiyi siyasət qonşularla münasibətlərin normallaşmasına mane olur. Bu baxımdan Türkiyə-Ermənistan əlaqələrinin yaranması və inkişaf etməsi bir xəyaldır. Onun reallaşması üçün ilk növbədə İrəvan həyata keçirdiyi siyasətə yenidən baxmalıdır.

Fransız tarixçisinin bu fikirlərinin əsası vardır. Təcrübə sübut edir ki, ermənilər həmişə başqalarına qarşı iddialar irəli sürüblər. Onlar Osmanlı İmperiyasını dağıtmaq istəyən Qərb siyasətçilərinin oyuncağı rolunu ifa ediblər. Uzun illər dinc insanlara, diplomatlara, dövlət adamlarına qarşı terror törədiblər. Minlərlə günahsız adamlar erməni terrorunun qurbanı olublar. Bunları heç kim inkar edə bilməz.

XX əsrin əvvəllərində Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına Ermənistan adlı dövlət yaradıldıqdan sonra erməni separatizmi və terroru daha dəhşətli məzmun aldı. Hətta sovet dövründə ermənilər Moskvada bir neçə terror aktı da həyata keçirdilər. Qərb ölkələrində isə türk diplomatlarına qarşı daim terror aktları həyata keçirirdilər.

Sovet İttifaqının dağılma ərəfəsi Ermənistan Azərbaycan torpaqlarını işğal etməyə başladı. İrəvanın təcavüzkar siyasəti indi də davam edir. O, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə hər cür vasitə ilə mane olur. Beynəlxalq təşkilatların Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının çıxarılması haqqında qəbul etdiyi sənədlərin heç birinə əməl etmir.

Bu gerçəklikləri hər kəs yaxşı bilir. Bunun fonunda Türkiyədən Ermənistanla sərhədləri açmağı tələb etməkdə məqsəd nədir? Təbii ki, növbəti dəfə ermənilərə haqq qazandırıb, qonşu dövlətlərin hesabına onu inkişaf etdirmək. Özü də bu halda Dağlıq Qarabağdan işğalçı qoşunların çıxarılması şərtinə əməl edilməsi nəzərdə tutulmur. Söhbət Türkiyə-Ermənistan sərhədlərinin açılması layihəsinin müəllifi olan Qərbdən gedir.

Təcavüzdən imtina: sülhə aparan yol

Şübhə yoxdur ki, bu ssenarini ermənilər tam razılıqla qəbul edir və hər fürsətdə onun müdafiəsinə qalxırlar. Rəsmi İrəvan hətta Ankaraya hədə-qorxu gəlməkdən belə çəkinmir. Eyni zamanda, Türkiyə ilə Azərbaycanın arasını vurmağa çalışır.

Apardığımız bu kiçik müqayisələr göstərir ki, türk-erməni münasibətlərinin məzmunundan danışarkən çoxlu sayda faktorları nəzərə almaq lazımdır. Kənardan sifarişlə fikir yürütmək risklidir və bunun real təsiri olmur. Hesab edirik ki, B.Oran bu məqamları nəzərə ala bilməyib.

O, Türkiyə-Ermənistan sərhədlərinin açılması və iki ölkə arasında münasibətlərin normallaşması məsələsində yanlış mövqe tutur. Tarixçi M.Gauinin Ermənistanın düzgün xarici siyasət yeritməməsi haqqında dedikləri həqiqətdir. Lakin bu o demək deyil ki, Türkiyə və Azərbaycan Ermənistanla daim düşmən olmaq niyyətindədirlər. Qətiyyən belə deyil. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, rəsmi İrəvan təcavüzkar siyasətindən əl çəksə, onunla münasibətlərə yenidən baxa bilər. Ankara da Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra Ermənistanla sərhədləri aça biləcəyini dəfələrlə bildirib. Burada qaranlıq və ya müəmmalı nə var?

Lakin Ermənistan rəhbərliyi, onun havadarları və erməni diasporu vəziyyəti təhrif olunmuş formada təqdim edirlər. B.Oran da yazır ki, Türkiyə Azərbaycanın qorxusundan Ermənistanla imzalanan protokollardan geri çəkildi (bax: Baskın Oran. Türk'ten fazla Türkçü olmak / www.radikal.com.tr, 26 dekabr 2014). Bunun fonunda isə erməni diplomatiyası Ankara-İrəvan münasibətlərinin normallaşması üçün çalışdığına görə təriflənir. Məsələn, bir vaxtlar Ermənistan prezidenti Levon Ter-Petrosyanın müşaviri olmuş Jerar Libaridyan haqqında belə fikirlər bildirilir.

Məsələ ondan ibarətdir ki, tarixçi M.Gauini J.Libaridyanın bir zamanlar daşnaklarla əlaqəli olduğunu ifadə edib. O hətta ABŞ-dan Fransaya həmin partiyadan olan bir nəfər terrorçunu müdafiə etməyə də gəlib. Bunların əsasında M.Gauini müşavir işlədiyi müddətdə və elə hazırda da J.Libaridyanın nə dərəcədə barışcıl mövqedə olduğunun aydın olmadığını vurğulayır. Bunu fransız alim 2014-cü ildə Ankara Universitetində türk-erməni münasibətləri məsələsinə həsr edilmiş konfransda J.Libaridyanın moderatorlardan biri olması ilə əlaqəli deyib.

Əlbəttə, R.T.Ərdoğanı "dövlət terroru"nda ittiham edib, Azərbaycanı Ankaraya Ermənistan məsələsində təzyiq göstərən ölkə kimi qələmə verib, erməni diplomatları barış carçısı qismində təqdim etmək xüsusi niyyətlərin olmasına işarədir. Burada ermənilərin təsiri hiss olunur. Çünki Türkiyənin Ermənistanla sərhədinin bağlı qalmasının konkret səbəbləri var və onlar aradan qalxmayınca məsələ həllini tapa bilməz.

Sirr deyil ki, bir neçə ildir, Ermənistan və onun havadarları məhz bu tam aydın bir həqiqəti gizlədərək Ankara ilə əməkdaşlıq etmək istəyindən danışırlar. Bununla yanaşı, "soyqırımı" məsələsində güzəştə getməyəcəklərini də bəyan edirlər. İndi bu qondarma hadisənin ildönümünə intensiv surətdə hazırlıq işləri gedir. Həmin kontekstdə KİV-dən də istifadə etməklə Türkiyə və Azərbaycana təzyiq göstərmək cəhdləri edilir.

Ermənistan hər şeydən əvvəl işğal etdiyi Azərbaycan torpaqlarından hərbi qüvvələrini çıxarmalıdır. Digər məsələlər yalnız bundan sonra öz həllini tapa bilər. Azərbaycanda və Türkiyədə bunu çox yaxşı bilirlər. Kimsə Ermənistanla əlaqələrin nə vaxtsa bərpa edilə biləcəyinə qarşı deyil. O cümlədən M.Gauini "türk milliyyətçilərdən artıq türk" kimi qələmə vermək də gerçəkliyi əks etdirmir. Lakin əsas məsələ ondadır ki, hazırda mövcud olan şərtlər daxilində, ədalət hissini unudaraq əməkdaşlıqdan danışmaq səmərəsiz bir işdir. Hadisələri zaman kontekstindən çıxarmaq olmaz. Bir vaxtlar Alparslan Türkeş də ermənilərlə münasibətlərin qurulmasına çalışmaqla zamana uyğun hərəkət etmişdi. Ancaq bu, o anlama gəlməməlidir ki, ümumiyyətlə, Ermənistanın yanlış xarici siyasət yürütdüyünü qəbul etməyəsən.

Milyonlarla azərbaycanlı öz torpağında qaçqın vəziyyətdə yaşayır. Onları unutmaq olarmı? Xocalıda törədilən kütləvi qırğını nəzərə almamaq mümkündürmü? Hələ də əsirlikdə olan azərbaycanlıların azad edilməsi barədə düşünməyək? Bunlar əsaslı suallardır. Yaxşı olar ki, ədalətli, obyektiv və vicdanlı adamlar həmin məqamları vurğulasınlar, haqsızlığa yol verilməyəcəyini qətiyyətlə desinlər. Bunun əvəzində ümumi xarakterli humanist tövsiyələr verməyin faydası yoxdur.

Newtimes.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR