Aysel - Bu günün gözəlliyi

Aysel -  Bu günün gözəlliyi
18:49 3 Yanvar 2015
192 Sosial
Ölkə mətbuatı
A- A+

Adamlar bizi susdurdu, ağac olduq. (Ölüm krizi)

Köhnə dostları görəndə köhnəlmirik, təzələnirik hərdən. Hərdən təzələr köhnəldir bizi.

Keçmişi qaytarmaq olmur. Keçmişi qaytarmaq gərək deyil heç. (Var olmaq)

Təkcə ona görə sevmədik ki, bədənimiz tək qalmasın. Sevdik ki, ruhumuz darıxmasın.

Anlam ürəklə göz arasında çapardır. Anlam ruhun diapozonudur. Təfəkkür anlamın tərkib hissəsidir.

Həyat nisbilik nəzəriyyəsinin köləsidir.(Payıza qoşulmaq)

Seçim olmayan yerdə hər şey qəbul olunandır. (Payıza qoşulmaq)

Cəmiyyət o qədər sağlam olmalıdır ki, ədalətli ola bilsin...Cəmiyyətin bünövrəsində boşluq varsa onun çökmə təhlükəsi var. (Batan gəmi)

Dövlət ona görə mövcuddur ki, keyfiyyətli cəmiyyət formalaşdıra bilsin.

Cəmiyyət amansızdır, qatildir. Həm də çox peşəkar qatildir. Əlini bulamadan kənardan  öldürür. (Entropiya)

Təfəkkürün vətəni azadlıqdır. ”Milli təfəkkür” millətin  təfəkkür  modelidir. Millətin ortaq keyfiyyətidir.

Azadlıq boyun əymir. Azadlıq ruhdur, havadır, sonsuzluqdur...Azadlıq – içimə çəkilən hər nəfəsdir. Pıçıldayıram-ehtirasdır.

Xalq Dahisiylə tanınır. (Entropiya)

İnsanlar çoxu bir cür görünüb başqa cür yaşayır. O isə necə görünürsə, elə də yaşayır. (İradə)

Zaman bizə sübut edir ki, o tarixdən güclüdür. Tarix zamanın yaddaşıdır.(2011-ci il, Misir üsyanı)

İnsanın bircə vacib həqiqəti var: Həyat. Yaşamaq məqsəddir.

Sevgi şüur hadisəsi deyilsə, refleksdir, instinkdir. Sevgi insandan qədimdir. Sevgi insandan əbədidir.

Demokratiya bir prosesdir. Azadlıqsa təbii haldır. İnsanın təbii halı onun azad halıdır. (Döyüş və söyüş)

Və s.i. Bütün bu fikirlər “Göy qurşağı”ndakı publisistik yazılardandı. Hər yazı diqqət çəkir, nəsə deyir, nəsə anladır, düşündürür. Və çox maraqlıdı. Fikirləşirsən ki, bütün müşahidələrini, gördüklərini belə yazmaq üçün istedadın olmalıdır. Məqsədim ”Göy qurşağı”nın müəllifinin nə publisistik yazılarından, nə nəsrindən yazmaq deyildi. Əslində onun şeirlərindən danışmaq istəyim vardı: Nənə, sənin qəbrin olmayan bütün qəbrstanlıqlardan qorxuram. Canlı ölülər arasında boğuluram. Sən mənə nələr öyrətdin. Sən mənə insanı sevməyi öyrətdin. ”Bunu sevmək olmaz “demədin”. O da bir çox cavanlarımız kimi müharibələrə etiraz edir, müharibələri sevmir: “Mən günahı olmayan körpələrlə vətən-vətən oynamaq istəmirəm.”  Necə gözəl etirazdı.

Adamı lap tanıyırsan. Səndən qədər kimsənin  tanıya, anlaya, dəyər verə biləcəyinə inanmırsan. Yəni bu həqiqətdi əslində. Və o qədər sevirsən ki, onun hər ağrısı bu sevgidən ağır gəlir. Gözlərindəki, üzündəki sevinc səni yaşadır. Və ondan danışmaq, onu yazmaq çətindi. Amma mən onu oxuduqca ondan yazmaq istəmişəm. Oxucusu olduğum üçün, istedadlı olduğu üçün. Onunçün bir Yer planeti var. Hamımızın yaşadığı və hamımızın olan YER. “Nə qədər ki, hamımız anlamırıq bir evdəyik, hamımız bir evdə hamı yalqız olacayıq”.  İnsanlar yaşadıqları bir evdə bir-birini anlamırsa, sevə bilmirsə, bir xiffət olacaq günlərində:

Uşaqlıqda sevərdim onları uşaqlığımda...

Ağaclardan xeyli payız ötdü, dağlardan xeyli rüzgar.

...Yayı sevərdim o vaxtlar...eee o vaxtlar.

Onda şair –zad deyildim, xoşbəxt idim... o qədər.

Və uşaq olmağın da, böyük olmağın da bir şair dünyası var. Və bu şair dünyasında  poeziya yaranır, şeir yaranır. Duyduqlarından, gözlərindən ürəyinə yol tapan nə varsa hamısından şeir yaranır:

Ayaq həm də  gəlmək, gələ bilmək,

Qapını tıqqıldadmaq, unutmamaq üçündü.

Bunu yalnız şair dünyası olan bu qədər gözəl ifadə edər. Axı o bilir ki, ”şeir hər şeyi bilir.” Və olur ki, ”başım ürəyimə, ürəyim bədənimə ağır gəlir”.

Hərdən düşünürsən “nədi şeir?” Bu suala məhz şeir oxuyanda cavab tapırsan. Orda sevgini də, sevməyi də, saxta düşünənləri də, ayrılığı da, birgəliyi də... görürsən: “Məni at bir gün tapacağın yerə, ora ki, orda ayrılıq yox, saatdı günahkar, orda gözləmə var. Unudulmuş söz kimiyəm, o yerə at ki, orda unudulmur sözlər”.  Sevgini necə anlatmaq olar ki, bundan gözəl. Necə demək olar başqa cür unutma, ürəyində, beynində, həyatında olum? Bunu elə şeir belə deyər. Əslində  şeir deməlidi, deyə bilmədiklərini, yaşadıqlarını, duyduqlarını deməlidi oxucuya:

Sən neynədin? Cavab önəmsizdi indi...

Sualların ən yaxşısı cavabsızdı.

...

Bütün şeirləri sənə yazdım.

Qara gavalıya bənzər gözlərində özümü görmədim, necə kədərli...

Qəlbinin yerini bilmədim bir türlü...

...

ən xırda səhvlərdi ən böyük günahlara səbəb,

Unudulmamaq da qəmlidi, unudulmaq da.

....

Mən səni ona görə sevdim ki, boş yer vardı yanımda.

Ona görə sevdim ki, nigaran qalmayasan

Orda olduğun üçün təkcə başqaları yox, sən özün də özünü xoşbəxt sayasan.

Mən səni ona görə sevdim ki, getməyəsən, getdin...Hər yerim ağrıdı.

....

Elə darıxıram, elə bil daha sevilməyəcəm...Gecənin darıxdıran yeri mənə alışır. Gecənin darıxan yeri mənəm.

Bir sabah özümü köhnə şəkillərdə axtardım...Oxuyursan, oxuyursan və hər şeirdə duyğularınla-duyğularla qarşılaşırsan. Tənhalığı da, insanları da, dost, nənə, ana, ata, övlad məhəbbətini də görürsən: “Nənə, bilirsən necə boşalıb dünya? Çoxluğunu azaltdın dünyanın. Sən təkliyin nə olduğunu gedəndən sonra bizə öyrətdin.”  “Sizinlə oxşar heç nəyim yoxdu, doğulmaqdan ölməkdən başqa”; ”Qapıda məni saxlayan qadın Ramazanı bəhanə edib pul aldı...yetirər bu yaxşılığa görə düşündüm, özüm utandım, Tanrıya üz tutum əvəzini ödəyər deyə...rüşvət göndərdim”

Bütün bunları oxuduqca düşünürdüm” istedadlıdı, nə çox görür, nə çox anlayır, nə çox yaşayır, nə çox yaşamır...”. Onu düşünürdüm. Yazdığım və yaza bilmədiyim fikirlərin, bir çox kitabların müəllifi Aysel Əlizadəni. Onu müəllif, yazar kimi düşünürdüm. Həm də onu övladım kimi düşünürdüm. Bəlkə mən günahkaram onun bu qədər yaşamağında, yaşamamağında?

Cavabını bilmədim. Yaxşıdı, yaxşı deyil-dəqiq deyə bilmədim. Sadəcə bilirəm ki, söz sahibidi, dəyərli söz sahibi, onunla qürur duyuram... Bütün analar kimi ona dayaq olmağa, anlamağa  çalışmışam, əlindən tutmuşam, onunla həyatı öyrənmişəm, onunla həyatı sevmişəm, sevdirmək istəmişəm .Ən əsası onu məişət problemlərindən uzaq saxlamaq - rahat olsun istəmişəm. İnsanların məişəti və ətrafı problemli olanda o İnsan ola bilmir, rahatlıq tapmır. Məişətinin sahmanı yoxdusa, düzənin olmayacaq. Bunu anlamayanlar həm özünə, həm də başqalarına düzənsizlik verir. Nə qədər, necə bacarmışam bunu Aysel bilir. İstəmişəm bilsin ki, ən vacib özünün dediyi kimi  “Ən böyük yardımı insan özü özünə edir: “Yaşamaq, heç kimə, heç nəyə baxmayaraq yaşamaq.” İnsan özünü tanımasa, anlamasa, özünə dayaq ola bilməsə, özünə dirsəklənib yaşamasa” kimsə bunu etməyəcək onunçün. Heç edə də bilməz. Heç lazım da deyil. Təki mane olmasın, təki anlamayanların yanında olmayasan, təki kimsə səni yükləməsin...Sevənlərinsə bacarsa, sadəcə dayaq olsun, yanında olsun. Bir də səninlə sevinə bilsin. Aysel deyir ki, daha torpağın üstündə yerimirəm. Buz kimi xəyanətlərin üstündə yeriyirəm...Bacardığımı qoruyuram, bacarmadığım əldən gedir. Mənsə deyirəm: “Həyatında soyuqluq, xəyanət olmasın. Kimsə  sənin olanı əlindən almasın. Onsuz da “uca zirvələrdə qar kimisən sən. Bir də Ayselin doğum günüdü bu gün...Ona görə bu gün belə gözəldi!

P.S. Qızım Şaxta babadan yaxşı iş, uğur, pul istəyib. Mən də Şaxta babadan yalnız onun arzularını yerinə yetirməyi istəmişəm.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR