11 ayda real ümumi daxili məhsul 2.2 faiz artıb

11 ayda real ümumi daxili məhsul 2.2 faiz artıb
21:31 4 Yanvar 2015
286 Ölkə
Ölkə mətbuatı
A- A+

2014-cü ildə Azərbaycanda iqtisadi artım davam edib və bunun başlıca mənbəyi qeyri-neft sektoru olub. Azərbaycan yuxarı orta gəlirli ölkələr qrupundakı mövqeyini möhkəmləndirib. Şaxələnmə prosesləri davam edib, iqtisadi artımın daxili və xarici tələb mənbələri arasında yenidən balanslaşması müşahidə olunub. 2014-cü ilin 11 ayında real ümumi daxili məhsul 2.2 faiz, o cümlədən qeyri-neft iqtisadiyyatında 6.5 faiz artıb.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Bəyanatda qeyd edilir ki, ötən ildə ümumi daxili məhsulun 60 faizi qeyri-neft sektorunun payına düşüb. Qeyri-neft sənayesində 6.6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 16.8 faiz, informasiya və rabitədə 14.2 faiz, tikintidə 8.6 faiz artım qeydə alınıb.

“Sənaye ili” çərçivəsində aparılan məqsədyönlü siyasət emal sənayesində istehsalın artımına müsbət təsir edib. 2014-cü ildə İstehsalçı Etimadı İndeksi yüksək səviyyədə qalıb. Qeyri-neft sektorunda yüksək iqtisadi fəallıq şəraitində ölkədə 100 mindən çox yeni, o cümlədən 82 mindən çox daimi iş yeri açılıb.

2014-cü ildə iqtisadi artımda daxili tələb, o cümlədən investisiyalar və istehlak mühüm rol oynayıb. 2014-cü ilin 11 ayında ölkə iqtisadiyyatına 14.7 milyard manat məbləğində investisiya qoyulub ki, bunun da 63.1 faizi qeyri-neft sektorunun payına düşür. Əsas kapitala investisiyaların 38.9 faizini büdcə vəsaitləri təşkil edib, əhalinin istehlak xərclərinin artımı 7.5 faiz olub. İstehlak bazarında satılmış əmtəə və xidmətlərin həcmi 9 faiz artıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR