2015-ci ilin ən çox gözlənilən hadisələri (FOTO)

2015-ci ilin ən çox gözlənilən hadisələri (FOTO)
11:56 5 Yanvar 2015
819 Digər
Ölkə mətbuatı
A- A+

2014-cü ili geridə qoyduq. Bu il isə həm Azərbaycanda, həm də dünyada bir çoxlarının səbirsizliklə gözlədiyi tədbirlər, sərgilər, mükafatlandırma mərasimləri olacaq. ANS PRESS buro 24/7-a istinadla ilin ilk rübündə baş tutacaq ən əlamətdar hadisələrin siyahısını tərtib edib.

Azərbaycanda ən gözlənilən idman hadisəsi:
İyun ayının 12-dən 28-nə qədər Azərbaycanda Bakı 2015 Avropa Oyunları keçiriləcək. Oyunlarda idmançılar 16-sı Olimpiya, 3-ü isə qeyri-Olimpiya olmaqla ümumilikdə 19 idman növü üzrə mübarizə aparacaqlar. 17 yarış günü ərzində 6000-dən çox idmançının öz xalqlarını təmsil edəcəyi gözlənilir. İdman növlərinin doqquzu 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Yay olimpiadası üçün təsnifat imkanları yaradacaq.


Ən çox gözlənilən sərgilər:
Yaxın günlərdə Heydər Əliyev Mərkəzində "Bu gün burada" ("Here Today") adlı sərgi keçiriləcək. Sərgi həyatı təhlükə altında olan bütün heyvan cinslərinin gözəlliyini, onların vacibliyi və müdafiəsinin önəmini vurğulamaq üçün yaxşı bir üsuldur. Burada sənətsevərlərə müasir incəsənətin müxtəlif istiqamətlərini təmsil edən əsərlər təqdim olunacaq. Sərgidə müxtəlif ölkələrin müasir incəsənət nümayəndələri ilə yanaşı, Azərbaycan rəssamları da təmsil olunur. Sərginin keçirilməsində məqsəd ekosistemin və onun mühafizəsinin əhəmiyyəti barədə ictimai maarifləndirmə aparmaq və bu istiqamətdə sosial məsuliyyəti gücləndirməkdir.


Bu il Azərbaycan Avtomobil Federasiyası və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Klassik Avtomobil Sərgisi" keçiriləcək. Sərgidə müxtəlif illərin və ölkələrin istehsalı olan avtomobillər sərgilənəcək. Sərgi avtomobil həvəskarlarını bir araya toplayaraq nostalji hisslər yaratmaqla yanaşı, həmçinin avtomobil istehsalı tarixinə ekskursiya xarakteri daşıyır. Sərgi Heydər Əliyev Mərkəzində maraqlı məkan dizaynı ilə də fərqlənəcək. Təşkil olunacaq sərgidə vətəndaşlar öz şəxsi klassik avtomobillərini də nümayiş etdirə bilər.


"Oskar 2015"
87-ci Oskar mükafatının əsas kateqoriyası olan ən yaxşı film nominasiyasında 323 film yarışacaq. Bu il "Oskar" film mükafatı üçün namizədlərin tam siyahısı yanvarın 15-də təqdim olunacaq. Qaliblərin elan edilməsi və mükafat mərasimi isə 2015-ci ilin fevralın 22-də Hollivudda baş tutacaq. Təntənəli mərasimin aparıcı aktyor Nil Patrik Harris olacaq.


Ən gözlənilən mükafatlandırma mərasimi:
Bu il Beynəlxalq "Qremmi" mükafatına namizədlər arasında dünya şöhrətli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə də var. Mükafatın "Klassik musiqi" nominasiyasında digər bəstəkarlar sırasında amerikalı Lera Auerbax və Meçislav Vaynberqdir. Azərbaycan bəstəkarlıq məktəbi tarixində ilk dəfədir ki, bəstəkarımız belə məşhur mükafata namizəd göstərilir. Firəngiz Əlizadənin sözlərinə görə, o, artıq 2015-ci il fevralın 8-də keçiriləcək təqdimat mərasiminə dəvət alıb. O, bu ali mükafata məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın "Deutsche Grammofon"da işıq üzü görən musiqilərindən ibarət alboma görə namizəd göstərilib.


Ən gözlənilən konsert:
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fevralın 28-də Heydər Əliyev Sarayında caz musiqisinin əfsanəsi, amerikalı caz müğənnisi və dirijoru, on dəfə "Qremmi" mükafatı laureatı Bobbi MakFerrinin və qrupunun konserti olacaq. Konsertin biletləri artıq satışa çıxarılıb və şəhərin kassalarından əldə etmək mümkündür.


İlin incəsənət mərkəzi:
Bu il YARAT Müasir İncəsənət Mərkəzinin açılışı gözlənilir. Bu barədə təşkilatın rəhbəri Aida Mahmudova bildirib. Onun sözlərinə görə, mərkəz həmçinin gənc istedadların daha çox öyrənmələrinə, onların müxtəlif sferalarda özlərini göstərmələrinə imkan yaradacaq.


İlin ən gözlənilən serialları:
"Əsl detektiv", "Taxt-tac oyunları" və "Kart evcik" filmlərinin növbəti mövsümlərinin efirə çıxmasını hər kəs səbirsizliklə gözləyir. Hər 3 serialın tizerləri bu məşhur serialların pərəstişkarlarının marağını daha da artırıb. "Əsl detektiv" yay aylarında, "Taxt-tac oyunları" apreldə, "Kart evcik" isə fevralda yayıma başlayacaq. Qeyd edək ki, hər 3 serial ABŞ prezidenti Barak Obamanın maraqla izlədiyi yeganə ekran əsərləridir.


İlin ən gözlənilən filmləri:
"Bozun 50 çaları"- Yazıçı El Ceymsin eyniadlı bestselleri əsasında çəkilən "Bozun əlli çaları" erotik trillerinin premyerası fevralın 11-də Berlin kinofestivalında olacaq. Filmin rejissoru Sem Teylor-Conson, eyni zamanda baş rol ifaçıları Dakota Conson və Ceymi Dornan nümayişdə şəxsən iştirak edəcəklər. Filmin dünya premyerası isə 1 gün sonra - fevralın 12-də baş tutacaq.

"Minyonlar" - Lap əvvəllərdən yaranmış və sarı təkhüceyrəli orqanizmlərdən məxluqa təkamül etmiş bu balaca köməkçilərin tək məqsədi var: ən heysiyyətli cinayətkarlara qulluq etmək. Gözlənilən filmin premyerası iyulun 9-da olacaq.


"Forsaj 7" - Dominik Toretto və onun komandası Ouen Şounu öldürdükdən sonra onun qardaşı Yan Şou qisas almaq arzusundadır. "Forsaj 7" filminin süjet xətti bu hadisələr üzərində qurulub. Filmin premyerası ötən ilə planlaşdırılsa da, aktyor Pol Uolkerin faicəli ölümü hətta çəkilişlərin bir müddət dayandırılmasına da səbəb oldu. Filmin dünya premyerası aprel ayında olacaq.

Ən gözlənilən albomlar:
Madonnanın sayca 13-cü albomunun təqdimatının 2014-cü il dekabrın 20-də olacağı planlaşdırılsa da, hakerlər albomdan əsas mahnıları internetdə yerləşdirdilər. Lakin pop-diva "Rebel Heart" plastinkasını yaz aylarında təqdim edəcək. Qeyd edək ki, albom üçün olan fotosessiya da böyük qalmaqala səbəb olub.


Rihannanın 8-ci albomunun buraxılışı da bu ilə planlaşdırılıb. Bu barədə müğənni Twitter hesabında #R8 haştaqı ilə məlumat paylaşıb. Lakin albomun adı və reliz tarixi açıqlanmır.

İlin idman mərasimi:
Yanvarın 12-də İsveçrənin Sürix şəhərində "Qızıl top" mükafatının təqdimat mərasimi keçiriləcək. Mərasimdə, eyni zamanda, ilin ən yaxşı qadın futbolçusu, ən yaxşı kişi və qadın məşqçisi, ilin ən gözəl qolunun sahibi (Ferents Puşkaş adına mükafat) müəyyənləşəcək. Bundan başqa, mərasimdə "Prezident mükafatı" (futbola töhfəyə görə), "Fair-play prizi" (təmiz oyuna görə mükafat) təqdim olunacaq, 11 oyunçudan ibarət ilin komandası elan ediləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR