Bakıda piyadalar "qan edirlər"

Bakıda piyadalar "qan edirlər"
12:38 5 Yanvar 2015
125 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlkin İzzət/

Yol polisi paytaxtda piyadaların özbaşınalığından narahatdır. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, 2014-cü il dekabrın 31-dən 2015-ci il yanvarın 5-dək Bakıda 11 yol-nəqliyyat hadisəsi qeydə alınıb: "Hadisələr nəticəsində 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb. Hadisələrin 7-si piyadavurma, 7-si avtomobillərin toqquşması, 2-si isə maneəvurmadır. Hər iki ölüm faktı piyadaların vurulması nəticəsində qeydə alınıb".

V.Əsəsdov qeyd edib ki, yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar Mərkəzi Məlumat Xidməti tərəfindən elektron formada 3485, yol polisi əməkdaşları tərəfindən isə yerindəcə 5842 inzibati protokol tərtib edilib: “Bayram günləri ərzində paytaxtda avtomobili sərxoş halda idarə edən 216, işıqforun qırmızı işığında keçən 95 sürücü cəzalandırılıb. Ən çox məsuliyyətə cəlb olunanlar isə yenə də piyadalar olub. Belə ki, yol polisi əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan 603 piyada inzibati qaydada məsuliyyətə cəlb edilib. Aparılan təhlillər göstərir ki, ötən il ərzində yol hərəkəti qaydalarının daha çox məhz piyadalar tərəfindən pozulduğu qeydə alınıb. Qanun və qaydalara hörmət etməyən, yollarda özbaşınalıq edən piyadaların çoxluğu ciddi narahatlıq doğurur”.

Qeyd edək ki, ümumilikdə ölkə ərazisində dekabrın 31-dən yanvarın 5-dək 60 yol qəzası qeydə alınıb. Baş verən qəzalar nəticəsində 23 nəfər ölüb, 84 nəfər yaralanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR