Türkiyəli analitik: “Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyənin Ermənistanla sərhədləri açması onun beynəlxalq imicinə zərbə vuracaq”

12:52 5 Yanvar 2015
164 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 12:51 ]

Bakı. Rüfət Əhmədzadə – APA. “Qərb ölkələrinin vergi ödəyiciləri öz hökumətlərindən soruşmalıdır ki, nəyə görə Ermənistan öz xarici siyasətində dəyişiklik etmədiyi halda bu ölkəyə maddi yardım göstərirlər?”

APA-nın məlumatına görə, bunu Türkiyədəki Beynəlxalq Strateji Araşdırmalar Qurumunun (USAK) sədr müavini, professor Kamer Kasım USAK-ın ingilisdilli mətbu orqanı “Turkishweekly” jurnalında dərc olunan məqaləsində bildirib.

 

Türkiyəli analitik qeyd edib ki, SSRİ dağıldıqdan sonra Türkiyə Ermənistanın müstəqilliyini tanısa da, normal diplomatik münasibətlər qurmaq mümkün olmayıb: “Ermənistanın dövlət siyasəti “erməni soyqırımı”nın təbliğatına və sərhədləri müəyyən edən Qars müqaviləsinə münasibətdə qeyri-müəyyənliyə əsaslanır. Ermənistanın müstəqillik bəyannaməsində belə bir müddəa var: “Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda törədilmiş soyqırımın beynəlxalq səviyyədə tanınması yolunda öz dəstəyini göstərəcəyini bəyan edir”. Bu bəyannamədə “Qərbi Ermənistan” ifadəsi altında Türkiyə əraziləri nəzərdə tutulur. Lakin buna baxmayaraq, Türkiyə Kəlbəcərin işğalına qədər (1993-cü il, 2 aprel) Ermənistanla sərhədləri açıq saxlayıb. Ermənistanın öz işğalçı siyasətini davam etdirməsinə görə Türkiyə Azərbaycana dəstəyini nümayiş etdirmək üçün sərhədləri bağlayıb”.

 

Atəşkəs əldə olunduqdan sonra Türkiyənin münaqişəni həll etmək üçün diplomatik vasitələri sınadığını deyən analitik bildirib ki, bütün səylərə baxmayaraq, münaqişədə gərginlik də azalmayıb və Qərb ölkələri də bu istiqamətdə yetərli səylər göstərmirlər: “Ermənistanın Rusiya yönümlü siyasəti ABŞ və Avropa İttifaqını məmnun etmir. Qərbdə bəzi dairələrdə bu fikir irəli sürülür ki, Türkiyə-Ermənistan münasibətlərini yaxşılaşdırmaqla, bu ölkənin Rusiyadan asılılığını azaltmaq mümkündür. Həmçinin belə fikirlər də var ki, əgər Türkiyə Ermənistanla sərhədləri açsa, “soyqırım” iddiaları ilə bağlı təzyiqlər azala bilər. Azərbaycan ərazilərinin işğal faktını görməzdən gəldikləri halda, Qərb dövlətləri Ermənistanın Avrasiya İttifaqına qoşulmasından narahat olur”.

 

Analitik vurğulayıb ki, Ermənistan Türkiyə üçün böyük iqtisadi əhəmiyyət daşımır. Azərbaycan Türkiyəyə Ermənistandan daha çox lazımdır və burda iqtisadi-strateji tərəfdaşlıqdan savayı, Türkiyənin imici məsələsi var: “Əgər Dağlıq Qarabağ münaqişəsi həllini tapmadan Türkiyə Ermənistanla sərhədləri açsa, Azərbaycan-Türkiyə münasibətləri pisləşə bilər. Bundan başqa, Türkiyənin özünün ən qabaqcıl tərəfdaşına dəstək verməməsi onun imicinə mənfi təsir göstərəcək”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR