Bayrama soğan doğrayanlar (FOTO)

Bayrama soğan doğrayanlar (FOTO)
12:56 5 Yanvar 2015
153 Sosial
Ölkə mətbuatı
A- A+

Bayram günlərində Bakı Beynəlxalq Avtovağzalında şoxsaylı problemlər olub. Bayramla əlaqədar hələ dekabrın 28-dən gücləndirilmiş iş rejimində çalışacağını bəyan edən Bakı Beynəlxalq və şəhərlərarası Avtovağzalında sərnişinləri ən çox avtobuslarda gedişhaqqıların sürücülər tərəfindən süni şəkildə qaldırılması narazılıq yaratdı.

ANS PRESS-in "qaynar xətti"nə gələn çoxsaylı şikayətlərə əsasən demək olar ki, bayram günlərində sərnişinlərdən 2-5 manat arasında artıq pul alınıb.

Şikayətlərdən bir çoxları da bilet alıb vaxtında avtobusa minə bilməyən sərnişinlərdən gəlib. Günay Məmmədzadə adlı şikayətçi bildirib ki yanvarın 1-də Bakıda Şəkiyə getmək üçün saat 12:20-yə bilet alıb. Lakin 2-3 saat maşın gözləməli olublar.

Digər problemlərdən biri də sürücülərin sərnişinlərdən artıq pul tələb etməsidir. Bu problemlə ANS PRESS-in əməkdaşı avtovağzalda reportaj hazırlayarkən rastlaşıb.

Belə ki, Qazax istiqamətinə hərəkət edən avtobusda sürücü özbaşına olaraq gedişhaqqını 10 manatdan 12 manata kimi yüksəldib. “Həmişə bu yolu gedirik və 10 manat veririk. İndi bizdən 12 manat alıb. Bilmirəm bayram günü yol uzanır, yoxsa benzin bahalaşır. Biabırçılıqdır, camaatı dolayıblar”, - deyə Cavid Babayev adlı sərnişin ANS PRESS-ə bildirib.

Məsələni araşdırmaq üçün Bakı beynəlxalq və şəhərlərarası avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevə müraciət etdik və onunla birlikdə qeyd edilən avtobusa mindik. Avtobusun sürücüsü and-aman edərək deyilənlərin yalan olduğunu iddia etsə də, onun süni qiymət artımına yol verdiyi üzə çıxdı. ANS PRESS-in müdaxiləsindən sonra sürücünün aldığı artıq pullar sərnişinlərə geri qaytarılıb.

Məhəmməd Abdullayev ANS PRESS-ə açıqlamasında bildirib ki, belə hallarla mübarizəyə şəxsən özü nəzarət edir və sərnişinlərdən artıq pul alınmasının qarşısı alınır. Qurum rəsmisi onu da bildirib ki, bayram günlərində 300 avtobus əvəzinə xəttə 800 maşın buraxılıb.

"O qədər sürücüyə nəzarət etmək özü də çətindir. Ümumiyyətlə hər yerdı problem olur. Çalışırıq ki, problemlərin qarşısını bacardığımız qədər alaq", - deyə Məhəmməd Abdullayev bildirib.

Ekspertlər isə problemin təcrübəsizlik səbəbindən yarandığını bildirirlər. Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov ANS PRESS-ə açıqlamasında bildirib ki, problemdən çıxış yolu nəqliyyatdakı bacarıqsız işçilərin yaxşı kadrlarla əvəzlənməsidir: "Yeni, gənc kadrlara ehtiyac var. İnsanlarla işləməyi bacaran, savadlı kadrlara ehtiyac var. Bu sahədə çalışmalıdırlar".






























Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=317778

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR