Şeyxiyyə cərəyanı: "insanın iki cür bədəni var"

Şeyxiyyə cərəyanı: "insanın iki cür bədəni var"
19:22 1 Oktyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Şeyxiyyə (şeyxilik) şiə məzhəbi daxilində yaranmış ideoloji cərəyanlardan biridir. Şeyxilər özlərini həqiqi şiə adlandırsalar da, əksəriyyət tərəfindən yolunu azmış dəstə hesab olunurlar. Şeyxiliyin banisi Şeyx Əhməd Əhsaidir (vəfatı 1826-cı il). Şeyx Əhməd Əhsai indiki Səudiyyə Ərəbistanı ərazisində yerləşən Əhsa məntəqəsindən idi. O, Kərbəla və Nəcəf şəhərlərində Vəhid Bəhbəhani, Seyid Əli Təbatəbai, Seyid Mehdi Bəhrül-ülum, Şeyx Cəfər Kaşifül-ğita kimi məşhur cəfəri müctəhidlərindən dərs almış və ictihada çatmışdı. Təhsilini başa vurub İrana qayıdan Əhsai bir müddət Yəzd, Kirmanşah və Qəzvin şəhərlərində yaşayır. Qəzvində qaldığı müddətdə şeyxiyyə cərəyanı kimi ta¬nınan fikirləri yaydığına görə cəfəri məzhəbli alimlərin ciddi müxalifəti ilə qarşılaşır, hətta müctəhidlərin bir neçəsi onu kafir elan edir. Ömrünün sonlarına yaxın həcc ziyarə¬tinə yollanır, həccdən öz vətəni Əhsaya gedərkən yolda vəfat edir və Mədinədəki Bəqi məzarlığında dəfn olunur.

Əhsainin cəfəri məzhəbinə etdiyi dəyişiklik və əlavələr onun şagirdi Seyid Kazim Rəşti (vəfatı 1843-cü il) tərəfindən inkişaf etdirildi. Rəştidən sonra şagirdi Mühəmmədkərim xan Kirmani (vəfatı 1871-ci il) şeyxiyyə əqidəsini daha da zənginləşdirdi.

Şeyxiyyə təlimi cəfəri şiəliyindən bəzi məqamlara görə fərqlənir. Məsələn, şeyxilər dinin əsası kimi üç maddəni qəbul edirdilər: tövhid, nübüvvət və imamət. Məad və ədl maddələrini müstəqil olaraq üsulüd-dindən saymırdılar. Onlara görə, məada inam Qur¬ani-kərimə inancdan qaynaqlanır. Quranda xatırlanan hər bir məsələyə inanmaq müsəlmanlara vacib olduğu üçün məada da bu əsasda inanmalıyıq. Şeyxilər ədl prinsipini qəbul edir, lakin onu Allahın sübutiyyə sifətlərindən biri kimi dəyərləndirir və tövhid maddəsinin tərkib hissəsi sayırdılar. Onların fikrincə, əgər ədl məsələsini müstəqil üsulüddin maddəsi kimi saysaq, gərək Allahın bütün qalan sifətlərini də ayrı-ayrılıqda üsulüddindən hesab edək.

Şeyxilərə görə məad (qiyamət günündə ölülərin dirilməsi) maddi bədəndə yox, "hurqiliya" adlı fərqli bir bədəndə baş verəcək. Onların fikrincə, insanın iki cür bədəni vardır. Bunların biri dünyada onun ruhunu əhatə edən, ölərkən ruhun tərk edib çıxdığı və torpağa basdırılan fiziki bədəndir. O biri bədən isə tam fərqli xüsusiyyətlərə malik lətif və zərif quruluşdadır. Qiyamət günündə ruh həmin bədənə daxil ediləcək.

Şeyxilər Həzrət Mühəmməd Peyğəmbərin (s) fiziki mənada meraca getdiyini qəbul etmirlər. İddia edirlər ki, o həzrət səmanın hər bir qatında həmin qata uyğun olan bir forma qazanmışdır.

Şeyxilər Qurani-kərimin ayələrini rəmzi mənalarla şərh edir, hər bir ayənin zahiri mənasından əlavə, simvolik anlamını (təvilini) da verməyə çalışırdılar. Onlar şəriət hökmlərində əxbari yolunu izləyir, ictihad və təqlidi qəbul etmirdilər.

Şeyxilər imamların məzarı üzərində tikilmiş məscidlərdə namaz qılarkən sair şiələrdən fərqli olaraq məzarın baş tərəfində deyil, ayaq tərəfində durur və beləliklə, üzlərini məzara doğru çevirirdilər. Bunu imamların ruhuna hörmət əlaməti kimi yozurdular. Cəfəri əqidəsincə, namaz zamanı müqəddəs şəxslərin məzarı belə, insanın arxasında qalmalıdır; namaz qılanla qiblə arasında məza¬rın yerləşməsi düzgün sayılmır. Buna görə də şeyxilər çox vaxt cəfəri şiələrini "bala-səri" (məzarın baş tərəfində duranlar), özlərini isə "püşti-səri" (məzarın arxasında duranlar) adlandırırdılar. Məhz imamların məzarına üz tutaraq namaz qılmaları şeyxilərin imamları tanrı saymaları barədə fikirlərin yaranmasına gətirib-çıxarmışdır.

Şeyxiyyə təliminin əsasında yuxarıda adları çəkilən tövhid, nübüvvət və imamətdən başqa daha bir təməl prinsip də durur ki, bu da "rükni-rabe" (dördüncü təməl) adlanır. "Rükni-rabe" hər dövrdə zəmanənin imamı ilə ümmətin arasında əlaqə saxlamaq məsuliyyətini daşıyan şiə məzhəbli xüsusi vasitəçi şəxslərin mövcudluğuna inam deməkdir. Bu vasitəçilər iki dərəcəyə bölünür. Imamla ümmətin əlaqəsini 30 nəfər "nəqib" və 7 nəfər "nəcib" həyata keçirir. Peyğəmbər za¬manında bu məsuliyyət Salmani-farsinin, İmam Hüseyn (ə) dövründə Əbülfəzl Abba¬sın, XII imamın kiçik qeybət mərhələsində isə 4 naibin öhdəsində idi. "Rükni-rabe" təlimi Əhsainin və Rəştinin əsərlərində ötəri şəkildə nəzərə çarpır, bu məsələni qabardan Mühəmmədkərim xan Kirmani olmuşdur. Buna görə də, şeyxiyyənin bəzi qolları "rükni-rabe" təlimini qəbul etmirlər.

Şeyxiyyə cərəyanı bir neçə qollara bölünmüşdür. Bunların ən məşhuru Mühəmmədkərim xan Kirmaninin yaratdığı kirmaniyyə qoludur. Hal-hazırda onların başçısı Bəsrədə məskunlaşmış Hacı Seyid Əli Musəvidir.

Kirmaninin şagirdi Mirzə Mühəmməd Baqir Həmədaninin ardıcılları baqiriyyə qolunu təşkil edirlər. Şeyxiyyə cərəyanının Cənubi Azərbaycandakı ardıcılları isə siqqətül-islamiyyə, hüccətül-islamiyyə, ehqaqiyyə kimi qollara ayrılmışlar.

Şeyxiyyə cərəyanı babiliyin və bəhailiyin yaranması üçün zəmin rolunu oynamışdır. Babiliyin banisi Seyid Əlimühəmməd Bab (1819-1850) Seyid Kazim Rəştinin şagirdi idi. Rəştinin vəfatından sonra şeyxilərin bir hissəsi Baba qoşulub onu özlərinə lider kimi qəbul etdilər. Lakin şeyxiyyə cərəyanının bəzi başçıları babilərə qarşı əks mövqedə durdular. Hətta bəzi şeyxiyyə alimləri Seyid Əlimühəmməd Babı kafir adlandırıb edamına fətva vermişdilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/474842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR