"Allah açıq və etibarlı qəlb tapanda orada möcüzələr yaradır"
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu bu gün Bakıdakı Katolik Kilsəsində messa zamanı Roma Papası I Fransisk moizəsində deyib.
Katolik icmasının üzvlərinin böyük hərarətlə qarşıladıqları pontifik dua oxuyub, imanlılarla birlikdə tövbə edib deyib.
Roma Papası moizəsini Allaha iman üzərində qurub:
- Allahın sözü bu gün bizə məsihçi həyatının iki əsas aspektini təqdim edir - iman və xidmət. İman haqqında danışanda Rəbbə iki xüsusi xahiş ünvanlanır. Birincisi Peyğəmbər Habakkukun xahişidir. O, insanların zorakılığı, davaları və mübahisələri nəticəsində məhv edilmiş ədaləti və sülhü bərpa etməsi üçün Allahdan müdaxilə etməsini xahiş edir: Ya Rəbb, nə vaxta qədər səni imdada çağıracağam? Sən isə eşitmirsən. Allah həmin dəqiqə cavab verərək birbaşa müdaxilə etmir. Kəskin şəkildə problemi də həll etmir və eyni zamanda, özünü zorla mövcud da etmir. Əksinə, səbirlə gözləməyə və ümidini heç vaxt itirməməyə dəvət edir. Xüsusilə də imanın əhəmiyyətini vurğulayır, çünki insan imanı ilə yaşayacaq.
Allah özü də bizimlə belə rəftar edir. O, bizim istəklərimizə tabe deyil. Çünki biz dünyanı və başqalarını dərhal və davamlı şəkildə dəyişdirmək istəyirik. Onun ilk məqsədi qəlbimizi sağaltmaqdır. O, mənim, sənin və hər kəsin qəlbinə şəfa vermək istəyir. Allah qəlblərimizi dəyişəndə dünyanı dəyişir və biz olmadan o, bunu edə bilməz.
Rəbb həyatlarımıza daxil olmaq istəyir. Buna görə də ürəklərimizin qapılarını açmağımızı arzulayır. Qəlbini ona açmaq və ona etibar etmək məhz iman deməkdir. Bizə dünya üzərində zəfər qazandıran öz imanımızdır. Allah açıq və etibarlı qəlb tapanda orada möcüzələr yaradır.
Müqəddəs "İncil"dən sitatlar gətirən Roma Papası insan üçün dünya üzərində zəfər qazanmanın yolunun imandan keçdiyini, həyatda üzləşdiyimiz ən çətin sınaqlardan belə ləyaqətlə çıxmağımızın vacibliyini bildirərək dedi:
-Birinci sınaq tənbəllikdən bəhs edirdi. İkinci sınaq isə bəzən imanlıların çox aktiv fəaliyyət göstərmələri olur. Onların niyyəti sahib olmaq, başqalarının gözündə böyük görünmək, şöhrət qazanmaq olur. Beləliklə, xidmət sadəcə bir vasitədir. Çünki böyük olmaq arzusu əvvəlcə yüksəliş, sonra məqsəd və daha sonra iqtidar sahibliyinə çevrilir. Məsih isə bizə deyir: "Siz belə olmayın. Aranızda ən böyük olan ən kiçik kimi olsun və rəhbərlik edən xidmətçi kimi olsun".
Sonra Papa Fransiskin iştirakı və müxtəlif dini musiqilərin müşayiəti ilə davam etdirilən mərasimdə katolik məzhəbinə aid ayinlər icra olundu. Ümumi dua müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində oxundu.
Daha sonra xristianların İsa Məsihə və öz din qardaşlarına ibadət etməyə hazır olduqlarını göstərən yevxaristiya liturgiyası başlandı. İsa Məsihin cismini və qanını təcəssüm etdirən çörək və şərab gətirildi.
Bu mərasim bir daha ölkəmizdə müxtəlif dini icmalar üçün yaradılan şəraiti bütün tərəfləri ilə nümayiş etdirdi. Bu, təsdiqlədi ki, Azərbaycandakı dözümlülük, tolerantlıq mühiti, multikultural dəyərlərə olan sadiqlik ölkəmizdə nadir qardaşlıq və dostluq mühiti yaradıb. Roma Papasının Azərbaycana səfəri isə ölkəmiz ilə Vatikan arasında inkişaf edən münasibətlərə əvəzsiz töhfədir.
Mərasimdə çıxış edən Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete Roma Papasına Azərbaycana səfər etdiyinə görə təşəkkür etdi və üzərində Bakıdakı Katolik Kilsəsinin əksi olan xalçanı Papa Fransiskə hədiyyə etdi.
"İman edənlərə şərəf olsun!", - deyən Roma Papası Fransisk mərasim iştirakçılarına xeyir-dua verərək bildirdi:
-Məryəm Ananın üzündən saçan nurla sizi - Azərbaycandakı əziz imanlıları səmimi qəlbdən salamlayıram. Sizi öz aranızda və pastorlarınızla bir olaraq iman, ümid və məhəbbət ilə şəhadət etməyə ruhlandırıram. Xüsusilə sizin üçün çox qayğı göstərən və müxtəlif xeyirxah işlərə imza atan Salezian ailəsinə və Müqəddəs Tereza Ananın davamçıları - xeyriyyəçi bacılara təşəkkür edərək salamlarımı çatdırıram.
İnsanlara xidmət etmək üçün həyata keçirdiyiniz işlərinizi həvəslə davam etdirin. Biz bu arzularımızı Məryəm Ananın dualarının dəstəyi ilə Rəbbimizə ucaldırıq.
Rəbb bizim ailələrimizi, xəstələrimizi, qocalarımızı və digərlərini bütün bədən, yaxud da ruhdan əziyyət çəkənləri qorusun!
Bununla da ölkəmizin ən böyük Katolik məbədində Roma Papası Fransiskin iştirakı ilə keçirilən dua mərasimi başa çatdı.
Milli.Az