Xərçəng xəstəliyindən əziyyət çəkən Şahin Zəkizadə: "Mən həmişə unudulmaqdan və laqeydlikdən qorxmuşam"

Xərçəng xəstəliyindən əziyyət çəkən Şahin Zəkizadə: "Mən həmişə unudulmaqdan və laqeydlikdən qorxmuşam"
23:32 2 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bir müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadə ARB TV-nin "Çıxış yolu Afət Rahilqızı ilə" verilişinə açıqlama verib. Rejissor bir çoxlarının onun xəstə olmasına inanmadığını bildirib:

"Yeniyetməlik dövrümdə anam süd vəzi xərçəngindən dünyasını dəyişib. Sən nə qədər alçaq olmalısan ki, xəstəlik adı ilə xəstəxanaya girəsən və belə bir oyun qurasan. O cür danışan insan, demək ki, özü elədir. İllərlə çörək kəsdiyim, bir yerdə olduğum adamlar nə zəng elədilər, nə də maraqlandılar".

Milli.Az bildirir ki, Şahin Zəkizadə "Şərq"ə açıqlamasında xəstəliyi ilə bağlı danışdı: "Bəziləri elə düşünür ki, xəstəliyimlə özümü reklam edirəm. Bu həqiqətən gülünc səslənir. İnsan xəstəliklə nə qədər özünü reklam edə bilər ki? Məni ağrıdan insanların son vaxtlar soyuqqanlı, laqeyd olmasıdı. Mən hələ də inana bilmirəm ki, mən bu xəstəliyə tutulmuşam. Düzdü, ailəmdə bu xəstəliklə bağlı itirdiyim insan olub. Amma nəsə hələ də inana bilmirəm ki, xərçəngəm. İnsanıq da. Hərənin bir taleyi olur. Mən Allahın sınağına şükür edən adamam. Amma məni daha çox ağrıdan başqa məqamdı. Bu xəstəlik məndən dostlarımı almış oldu. Çünki illərlə çörək kəsdiyim, özümə yaxın bildiyim insanlar bu gün məni axtarmırlar. Mən həmişə unudulmaqdan və laqeydlikdən qorxmuşam. Bu gün bunu yaşamaq isə ağır gəlir. Hələ nəfəsim gəlir, hələ yaşayıram, amma bəzi insanlar üçün sanki yox olmuşam. Demək elə çıxır ki, mən kimlər üçünsə hansısa səbəblərə görə var olmuşam. Yəni hərə öz marağı üzündən bu duz-çörəyi kəsib? Bu, haqsızlıq deyil? Mən Allaha inanan insanam. İçimdə də insanlığa sevgi vardı. Bu gün o sevgimi qorxutdular. Bu gün içimdə insan sevgisini qırdılar. Doğrudanmı insanlar maskalanmağı bu qədər rahat bacarırlar? Bəlkə mən sağaldım, hələ uzun müddət yaşadım. Görən nə vaxtsa təsadüfən həmin insanlarla üz-üzə gəlsəm mənim üzümə necə baxacaqlar? Xəcalət çəkməzlər? Çörək kəsdiyim insanların içində sənət adamları da olub. Onlarla illərlə münasibət qurmuşam, kimi üçün rejissor kimi nəsə etmişəm, kimi üçünsə şəxsi dost olaraq. Amma bu gün onların məni axtarmamağı məni insan kimi sındırıb. Həm sındırıb, həm də başqa bir insan yaradıb içimdə. Demək, mən dost seçimində yanlışlıqlara yol vermişəm. Demək ki, səhvlərim olub. Nə deyim ki? Xəstəliyimlə də mübarizə aparmağa çalışıram. Amma bilmirəm buna tam gücüm çatar, ya yox. Mən bircə Allahımdan ümidimi kəsmirəm. İnşallah ki, yaxşı olar. Düzdü, bunu deyirəm, eyni zamanda içimdə bir səs də məni qorxudur ki, sona gəlmişik! Etiraf edim ki, ölmək istəmirəm. Ona görə yox ki, ölümdən qorxuram. Ona görə ki, yaşamaq üçün səbəblərim var. Çatdıra bilmədiyim, amma həyata keçirmək istədiyim arzularım var".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/475295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR