ABŞ Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək verəcəkmi?

ABŞ Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək verəcəkmi?
07:57 3 Oktyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

"Qarabağ münaqişəsi ilə bağlı ədalət ABŞ-ın dəstəyi ilə bərpa olunmalıdır". Bu sözləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan ABŞ-ın qərb regionundan olan qanunvericilərdən ibarət nümayəndə heyəti ilə görüşü zamanı səsləndirib. Bildirib ki, Azərbaycan 1991-ci ildə ikinci dəfə müstəqillik qazandıqdan sonra ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri ABŞ olub və bu gün Azərbaycan və Amerika Birləşmiş Ştatları strateji tərəfdaşdır: "ABŞ həmişə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən transmilli layihələrə dəstək verib və bu layihələr uğurlu olub. Biz demokratik, dünyəvi, insan hüquqlarına hörmət edən ölkə qurmuşuq. Lakin uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim inkişafımıza mane olur. BMT Təhlükəsizlik Şurasının bununla bağlı 4 qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilməmiş qalır".

Z.Əsgərov diqqətə çatdırıb ki, münaqişənin həlli üçün beynəlxalq hüququn işləməsi və ABŞ-ın dəstəyi ilə ədalətin bərpa olunması vacibdir. Bu mövzunu politoloqlarla müzakirə edib Dağlıq Qarabağ münaqişəsinin həllinə ABŞ-ın dəstəyini nə dərəcədə real hesab etdiklərini öyrəndik. 

Milli.Az bildirir ki, politoloq Elxan Şahinoğlu "Kaspi"yə açıqlamasında dedi ki, əvvəllər bu cür fikirlər daha çox Rusiya haqqında səslənirdi. Çünki onların Ermənistan hakimiyyətinə təsir imkanları genişdir və şimal qonşumuz istəsə, bu münaqişə çox qısa zamanda həll oluna bilər: "Rusiya aprel döyüşlərindən sonra münaqişənin həlli istiqamətində danışıqlarda aktivləşsə də, onun həllini sürətləndirmədi. Əksinə, Ermənistan hakimiyyəti geri addım atmayacağını bəyan etdi. Üstəgəl, bu günlərdə iki əməlləri ilə təxribatın miqyasını bir qədər də genişləndirdilər. Birincisi, Rusiyadan "İsgəndər" raketləri alındı. İkincisi, yenə də işğal altında olan torpaqlarda, xüsusilə də Ağdamda hərbi təlimlərə başlanıldı. Qısası, Rusiyadan olan gözləntilər özünü doğrultmadı. Bunu bizim rəsmilər də qeyd edir. Ola bilsin, Ziyafət Əsgərov da bu düşüncədə olduğu üçün belə fikirlər səsləndirib".

E.Şahinoğlunun fikrincə, ABŞ-ın Ermənistana Rusiya qədər təsir imkanları yoxdur: "Düzdür, ABŞ güclü dövlətdir və orada güclü erməni lobbisi var. Onlar Ermənistana maliyyə yardımları edirlər. Amma Amerika ilə Ermənistan strateji müttəfiqlər sayılmır. Hərbi müttəfiq deyillər və eyni hərbi blokda yer almırlar. Sadəcə, Amerika öz imkanlarından istifadə edərək digər həmsədrlərlə təmasları genişləndirə, danışıqlar prosesini sürətləndirə bilər. Məncə, Ziyafət Əsgərov da məhz bunu nəzərdə tutur. Təəssüf ki, həmsədrlərin adi məsələləri belə, həll edə bilmədiklərini görmüşük. Məsələn, işğal altındakı torpaqlarda Suriyadan gələn qaçqınları yerləşdirirlər, iaşə obyektləri tikirlər. Sarkisyan özü bu yaxınlarda Şuşada olanda bir məkanın açılışında iştirak etdi. Məgər onlar bilmirlər ki, bu torpaqları geri qaytarmalıdırlar? Münaqişənin həllini kənara qoyuram. Niyə həmsədrlər heç olmasa, bu cür məsələlərdə Ermənistana bir söz demirlər. Və yaxud, Ağdamdakı hərbi təlimlər barədə. Keçən dəfə bu təlimlər müharibəyə gətirib çıxardı. Biz işğalçının helikopterini vurmaq məcburiyyətində qaldıq. Həmsədrlər bu cür faktların qarşısını ala bilmirlər. Düşünmürəm ki, adi məsələləri həll edə bilməyən həmsədr dövlətlər münaqişənin həllini sürətləndirə biləcəklər. Məncə, belə vəziyyətdə heç prezidentlərin görüşünə ehtiyac qalmır. Həmçinin, aprel döyüşlərinin yenidən təkrarlanması ehtimalı artır".

Politoloq Şahin Cəfərli Z.Əsgərovun bəyanatını hər şeydən əvvəl, ABŞ-ın Azərbaycandakı referendumun nəticələrinə loyal yanaşmasının iki ölkə münasibətlərində yaratdığı müsbət fonun nəticəsi kimi qiymətləndirir: "İqtidar bundan məmnundur və ABŞ-la əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Qarabağ məsələsinə gəldikdə isə, Ziyafət Əsgərovun bəyanatı göstərir ki, rəsmi Bakı Rusiyanın bu məsələdə mövqeyindən, irəli sürdüyü təkliflərdən məmnun deyil, əksinə, narahatdır. Moskvanın işğalçı ölkəyə "İsgəndər" operativ-taktiki raket kompleksi verməsi bu narahatlığı daha da artırıb. Biz Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son təkliflərindən xəbərdar deyilik, amma əminəm ki, həmin təkliflər Rusiyanın regiondakı mövqelərinin möhkəmləndirilməsinə xidmət edir və Azərbaycanın gözləntilərinə uyğun deyil. Lakin Rusiyanın təkliflərini açıq şəkildə rədd etmək münasibətlərdə problem yarada bilər. Bu səbəblə, Azərbaycan maraqlıdır ki, mühüm tarazlıq faktoru kimi ABŞ bu məsələdə aktivləşsin və həll prosesi Rusiyanın inhisarında qalmasın. Son vaxtlar həll prosesi tamamilə Rusiyanın dominantlığı şəraitində gedirdi, halbuki bu məsələdə ABŞ və Rusiyanın maraqlarının toqquşması rəsmi Bakının manevr imkanlarını artırır. Z.Əsgərovun sözləri göstərir ki, Azərbaycan ABŞ-ın hazırkı duruma müdaxilə etməsinin və bunun nəticəsində Rusiyanın nizamlanma prosesindəki dominantlığının aradan qaldırılmasının tərəfdarıdır. ABŞ-ın Qarabağ məsələsinə münasibətinə gəldikdə isə, açıq söyləmək lazımdır ki, Dağlıq Qarabağın kimin nəzarətində qalacağı ABŞ üçün prioritet məsələ deyil".

Politoloq qeyd etdi ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasında və münaqişənin birdəfəlik həllini tapmasında maraqlıdır: "Əlbəttə, onlar Dağlıq Qarabağın hər iki tərəf üçün vacib olduğunu başa düşürlər. Onlar üçün ən vacib məqam Azərbaycan və Ermənistan arasında sülh və əməkdaşlığın bərqərar olmasıdır. Eyni zamanda, ABŞ münaqişənin elə formada həllini istəyir ki, bunun nəticəsində Rusiyanın Cənubi Qafqazda mövqeləri möhkəmlənməsin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/475289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR