Azərbaycanda 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə başlanıldı

Azərbaycanda 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə başlanıldı
11:05 3 Oktyabr 2016
205 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 3-də ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə başlanılıb.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunublar.

Dövlət hesabına aparılan məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərir.

Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılacaq.

Məktəbəhazırlıq qruplarının 2016-2017-ci dərs ilinə aid tədris planına əsasən, məşğələlər həftədə 4 gün (12 saat) keçiriləcək. Bu qruplara  bir gün ərzində 3 məşğələ tədris olunacaq. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib.

Məktəbəhazırlıq qruplarında Ətraf aləmlə tanışlıq, Savad təliminə hazırlıq və nitq inkişafı, Bədii təfəkkürün inkişafı, Məntiqi və riyazi təfəkkürün inkişafı, Təsviri fəaliyyət, Musiqi və Fiziki mədəniyyət dərs məşğələləri tədris ediləcək.

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək və məşğələlər mayın 31-də başa çatacaq.

Zərif Nisə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR