"Bakubus"ın sürücüsü ilə bağlı ittihamlara cavab verildi

"Bakubus"ın sürücüsü ilə bağlı ittihamlara cavab verildi
12:22 3 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, 5 gün əvvəl mediada "BakuBus"MMC-yə məxsus, 13 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsünün sentyabrın 27-də saat 13:40 radələrində Heydər Əliyev Mərkəzinin aşağısındakı küçədə, "Gross Makret"in qarşısında qəza vəziyyəti yaratması, nəticədə sərnişinlərin stress keçirməsi və xəsarət alması, sürücünün qabırğası əzilən 78 yaşlı sərnişin Süleyman Süleymanovu yerə düşürüb yoluna davam etməsi, qabırğaları əzildiyindən həmin sərnişinin səhhətində problemin yaranması ilə bağlı iradlarla dolu məlumat yer almışdı.

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən "BakuBus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bəzi məqamlara aydınlıq gətirib: 

"Əvvəlcə deyim ki, bu kimi hadisələrlə bağlı şikayət olmasa belə, məlumatın olması artıq bizə araşdırma üçün əsas verir. Çünki sərnişindaşıma sahəsində insanlara yüksək xidmət  göstərməyi qarşısına məqsəd qoyan "BakuBus" bu cür halların baş verməməsi və ya əvvəlcədən qarşısının alınmasında hamıdan çox maraqlıdır.

Qeyd edim ki, məqalədə göstərilən şikayətin məzmunu kifayət qədər ciddi araşdırma tələb edirdi. Ona görə də məlumat daxil olan kimi hadisənin vaxtı, baş vermə yeri, avtobus və həmin sürücü dərhal araşdırılaraq müəyyən olunub, daha sonra həmin avtobusda quraşdırılmış videokameraların yaddaşı götürülərək hadisənin baş vermə anı mütəxəssislər tərəfindən izlənilib. Hazırda araşdırılma davam etsə də, artıq ilkin nəticələr var. Hələlik isə, sadəcə, onu söyləmək olar ki, sürücü qaydaları pozaraq təhlükə yaradan, qəfil avtobusun qarşısına keçən avtomobilin hərəkətinə ani reaksiya verərək əyləcdən istifadə etməklə mərkəzi yolda baş verəcək böyük bir qəzanın qarşısını alıb. Bu, həmin videogörüntülərdən də çox aydın şəkildə sezilir. Ancaq burada digər nüanslar da var ki, onlar da ayrıca araşdırma tələb edir".

Şöbə müdiri bildirib ki, hadisə ilə bağlı yekun nəticənin çıxarılması və obyektiv qərarın verilməsi üçün şikayətçi tərəfi "BakuBus"a dəvət edilib: "Hadisənin vedogörüntüləri qarşlılqlı şəkildə izlənildikdən və nəticə aydın olduqdan sonra çox güman ki, həmin videogörüntülər mətbuat vasitəsi ilə ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, qeyd edirik ki, "BakuBus" ictimaiyyət üçün açıq müəssisə olduğundan müraciət edən sərnişinlər şikayətlə bağlı aparılan araşdırmalarla yerində, əyani tanış olmaq üçün "BakuBus"a gəlib ətraflı məlumat ala bilərlər".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/475421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR