"Bunu millidə hiss etdirməməliyik"

"Bunu millidə hiss etdirməməliyik"
17:17 3 Oktyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının VII turunda "Qəbələ"yə səfərdə məğlub olan (0:2) "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb

- "Fiorentina" ilə görüş də daxil olmaqla, ardıcıl ikinci məğlubiyyət sizə necə təsir etdi?

- Bu yenilgi bizim üçün heç də xoş olmadı. Halbuki oyuna yaxşı hazırlamışdıq. Qəbələdən xallarla dönmək istəyirdik, amma olmadı. Zəif komandaya qarşı oynamırdıq. "Qəbələ" son vaxtlar yüksəlişdədir. Bu görüş geridə qaldı, deyiləcək əlavə bir şey yoxdur. Sadəcə, matçı yaxşı təhlil etməliyik ki, bu səhvləri növbəti oyunlarda təkrarlamayaq.
 
- "Fiorentina" ilə görüşdən sonra bu matça psixoloji cəhətdən hazırlaşmaq çətin olmadı?

- İtaliyada 10 nəfərlə mübarizə aparmaq komandanın çox gücünü almışdı. Düşünürəm ki, oradakı oyunun da müəyyən təsiri oldu.
 
- Məğlubiyyətə səbəb erkən iki qol oldu, yoxsa buraxılan səhvlər?

- Hesab edirəm ki, buraxılan ardıcıl qollardan sonra dönüş edə bilmədik. İkinci hissənin əvvəllərində bir qol vurub, fərqi minimuma endirə bilsəydik, bəlkə də, dönüş yarada bilərdik. Çox çalışdıq. Konkret biz oynadıq, qol vəziyyətləri yaratdıq. "Qəbələ"nin hansısa qol vəziyyətini xatırlamıram. Danışacaq çox şey yoxdur. Tez bir zamanda bu auradan çıxıb, qələbə ab-havasına düşməliyik.
 
- Qarşıdan milli komandanın oyunları gəlir. Klubdakı məğlubiyyətlərin sizə mənfi təsiri olmayacaq?

- Son vaxtlar çox sıx qrafikdə çıxış edirik. Çempionat, Avropa Liqası, milli komandanın oyunları... Millinin heyətində bunun təsirini hiss etdirməməliyik.
 
- Yığmanın heyətində DÇ-2018-in seçmə mərhələsində Norveç və Çexiya ilə qarşılaşacaqsınız. Bu görüşlərdən nə gözləmək olar?

- İki çətin oyunumuz olacaq. Norveçi Bakıda qəbul edəcəyik. Bundan cəmi 3 gün sonra Çexiya kimi komanda ilə səfərdə üz-üzə gəlmək çox ağırdır. Amma düşünürəm ki, bu cür kollektivlə hansısa bir uğura imza atmaq mümkün olacaq.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR