4 OKTYABR

4 OKTYABR
09:28 4 Oktyabr 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

2000-ci il. Böyük Azərbaycan bəstəkarı, pianoçu, dirijor, Azərbaycanın Xalq Artisti Tofiq Quliyevin (1917-2000) xatirə günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “T.Ə.Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Bəstəkarın yaşadığı binaya memorial lövhə vurulub. Azərbaycan Mədəniyyət Nazirliyinin xətti ilə Tofiq Quliyevin həyatı haqqında kitab nəşr olunub. Bakıdakı küçələrdən birinə və 12 nömrəli Musiqi Məktəbinə bəstəkarın adı verilib.

Tofiq Quliyevin həyat yolu çoxşaxəli olub. Bəstəkar Azərbaycanın bölgələrini qarış-qarış gəzərək, “Azərbaycan xalq rəqsləri” (1951) , “Azərbaycanın 15 xalq rəqsi” (1956-1958) toplularını, “Azərbaycan mahnıları” (1956-1958) ikicildliyini hazırlayıb. Bu nəşrlər məşhur müğənni Bülbülün redaktəsi ilə işıq üzü görüb. 1941-ci ildə T.Quliyev tərəfindən yaradılan və dərhal dinləyicilərin böyük rəğbətini qazanan estrada orkestri Qızıl Ordu Ansamblı adlandırılaraq müharibənin ilk ilindən 402-ci atıcı diviziyanın tərkibinə daxil olub və ön cəbhədəki qoşun hissələrinə xidmət edib. Tofiq Quliyev bu orkestr üçün vətənpərvərlik ruhunda bir sıra mahnılar yazıb. 1940-cı illərdə bəstəkar kinoda çalışmağa başlayıb və uzun illər bu fəaliyyətini davam etdirib. T.Quliyevin mahnılarının ən yaxşı ifaçılarından biri, məşhur müğənni Rəşid Behbudov ilə onun yaradıcılıq birliyi bəstəkarın musiqisinin təbliğində və populyarlaşmasında böyük rol oynayıb. T.Quliyev və R.Behbudov 1940-cı illərin ikinci yarısında Sovet İttifaqının şəhərlərinə qastrol səfərinə çıxıblar. Onların verdiyi konsertlər daim böyük müvəffəqiyyətlə müşayiət olunub.

Dünya Heyvanları Müdafiə Günü

Hər il oktyabrın 4-də bütün dünyada qeyd olunan Dünya Heyvanları Müdafiə Günü təbiəti mühafizə hərəkatı tərəfdarlarının 1931-ci ildə İtaliyanın Florensiya şəhərində keçirilən Beynəlxalq konfransında təsis edilib.

1957-ci il. Yer kürəsinin ilk süni peyki yerətrafı orbitə çıxarılaraq bəşəriyyətin tarixində kosmik eranın başlanğıcını qoyub. Yer kürəsinin birinci süni peyki SSRİ Müdafiə Nazirliyinin sonralar Baykonur kosmodromu adlandırılan 5-ci elmi-tədqiqat poliqonundan R-7 daşıyıcı raketi ilə orbitə çıxarılıb.

1895-ci il. Sovet kəşfiyyatçısı Rixard Zorgenin (1895-1944) doğum günüdür. Rixard Zorge Bakıda alman əsilli mühəndisin ailəsində dünyaya göz açıb. 1939-1941-ci illər Rixard Zorgenin və onun təşkilatının kəşfiyyatçılıq fəaliyyətinin ən əhəmiyyətli dövrü olub. Həmin dövrdə o, Almaniyanın Sovet İttifaqına hücum planlarının üstünü açmağa müvəffəq olub.

R.Zorge 1941-ci il oktyabrın 18-də Yaponiya polisi tərəfindən həbs olunub, 1943-cü ildə ölüm cəzasına məhkum edilib. 1944-cü il noyabrın 7-də Tokioda, “Suqamo” həbsxanasında dara çəkilib. Yaponiyanın SSRİ-yə hücumunun qarşısının alınması üzrə fəaliyyətinə görə 1964-cü il noyabrın 5-də kəşfiyyatçıya ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/170837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR