Binəqədi rayonu 7-ci mikrorayon ərazisində inşa olunan Bakı Metropoliteninin “Dərnəgül” elektrik deposu ərazisində yeraltı piyada keçidi istifadəyə verilib.
QSC-dən Publika.az-a verilən məlumata görə, M.Əliyev küçəsi 3126-27-ci məhəllədə tikilən piyada keçidi ətraf ərazidə yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi daşıyır.
Belə ki, sakinlər tikintisi davam edən “Dərnəgül” elektrik
deposunun həyətindən keçən müvəqqəti yoldan istifadə edirdilər. Bu
da xüsusilə yağışlı havada bir sıra çətinliklər yaradırdı.
Gələcəkdə depo ərazisindən keçməyin mümkün olmayacağını və
sakinlərin rahatlığını düşünən Bakı Metropoliteni rəhbərliyi
yeraltı piyada keçidi tikmək haqqında qərar qəbul etmişdi.
Uzunluğu 154,36, eni 4, hündürlüyü isə 2,3 metr olan piyada keçidi
artıq sakinlərin istifadəsinə verilib.
Layihəsi “Bakı Metropoliteni” QSC nəzdində fəaliyyət göstərən
“Bakımetrolayihə” İnstitutu tərəfindən hazırlanan piyada keçidi
Tikinti departamenti tərəfindən müasir standartlara cavab verən
formada tikilib.