Sumqayıtda tükürpədici vəhşilik - Arvadının başını soyuq suda qırxdı - FOTO

Sumqayıtda tükürpədici vəhşilik - Arvadının başını soyuq suda qırxdı - FOTO
11:22 4 Oktyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bilirsiz, qadın nə vaxt güclü olur? Arxaya boylananda güvənə biləcəyi, etibar edəcəyi bir nəfər olanda..." Göz yaşları fikrini tamamlamasına imkan vermir. Qalın, yun papağı başına keçirib hönkürür. Sakitləşməsini gözləyirik. Həyat yoldaşı başını qırxıb. Döyüb, təhqir edəndən sonra onu belə cəzalandırıb. Sonrasını güclə xatırlayır. Gözünü xəstəxanada açıb. Özünə gələndən sonra polis tərəfindən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına gətirilib. Hə, onunla müsahibəni təqdim etmədən bir məqama da toxunaq. İndiyədək "Təmiz Dünya" Qadınlara Yardım Mərkəzində onlarla qadın məskunlaşıb. Onların bir neçəsi ilə həmsöhbət olmuşuq, fiziki işgəncələrə məruz qalan, döyülüb-söyüldüyü üçün evdən qaçmağa məcbur olan qadınların həyat hekayəsini dinləmişik. Amma bu qadının başına gələnləri həyəcansız dinləmək mümkün deyil. 34 yaşı olmasına baxmayaraq 60 yaşlı qadın kimi görünür. Fiziki işgəncələrdən beli bükülüb, bədəninin hər yerində yara, kəmər izləri var. Beləliklə, 1982-ci il təvəllülü, Münəvvər Qəzənfər qızı Abbasovanın həyat hekayəsini təqdim edirik. Həm də ona görə ki, bu qadına işgəncə verən həyat yoldaşı, 1979-cu il təvəllüdlü Ümid Hacıyev bu dəfə cərimələrlə, 5-10 günlük həbs cəzası ilə yaxasını qurtara bilməsin.

- Bir müddət əvvəl televiziyalarda elanlar verilmişdi. Həyat yoldaşınız sizi axtarırdı...

- 12 ildir ailə qurmuşam, 4 uşağım var. Bu illər ərzində çox işgəncələr görmüşəm. Amma son 3-4 ildir ki, daha dözülməz olub. Həmin gün evdən qaçmışdım. Sumqayıtda butulka sexində çalışırdım. Biri 1 qəpikdən butulka yuyurdum. Təsəvvür edin, günün 10 saatını fasiləsiz işləyirdim ki, işdən çıxarmasınlar. Mənə dedi ki, müdirdən 100 manat borc al, maşının cəriməsini ödəyim. Mən də məcbur qalıb borc istədim. Ondan əvvəl sərxoş halda iş yerimə gəlmişdi. Məni saçımdan tutub sürüdü, güclə əlindən aldılar. Sexin şüşələrini, butulkaları sındırmışdı.

Müdirin ayaqlarına düşdüm, dedim ki, işdən çıxarma, balalarım ac qalacaq. Yenə də mənə yazığı gəldi. Amma borc vermədi, dedi ki, öz arvadını qapılara salan kişiyə borc vermərəm. 100 manat tapa bilmədiyim üçün evdə məni döydü. Təsəvvür edin, həmin gün yemək yeməmişdim, ayaq üstə güclə dayanırdım. Qarnıma o qədər təpik vurdu ki, ağrıdan ayağa dura bilmirdim. İkinci qızım ağladı, yalvardı ki, qaç canını qurtar, yoxsa səni öldürəcək. Uşaqlara yazığım gəldi, onları da vəhşi kimi döyürdü. Qonşular səs-küyə gəldilər. Bundan istifadə edib evdən qaçdım.

- Haraya getdiniz?

- Ayaqyalın qaçdım. Cibimdə 1 manat pulum vardı. Qarşıma çıxan avtobusa mindim və son dayanacaqda düşdüm. Hacı Zeynalabdin Tağıyev qəsəbəsi imiş. Binalardan birinin blokuna girdim, ikinci mərtəbədə oturdum. Bir müddətdən sonra sakinlər başıma toplaşdılar. Biri dedi ki, ya dilənçi, ya da narkomandır. Üz-gözüm tanınmaz halda idi. Danışmağa taqətim yox idi. Yalvardım ki, gecəni burada keçirməyə icazə versinlər. Səhərə kimi eləcə orada oturdum.

- Bəs səhəri? Niyə polisə getmədiniz?

- Mənim itkin düşməyimlə bağlı televiziyalarda elan vermişdi. Hətta yalandan uşaqları da özümlə götürdüyümü demişdi. Uşaqlara görə geri qayıtdım. Polisə dəfələrlə müraciət etmişəm, Sumqayıt polisində bizi problemli ailə kimi qeydiyyata alıblar. Amma hər dəfə də cərimə ödəməklə canını qurtarır. Evə gələndən sonra məni yenidən döyür. Deyir ki, Bakı Şəhər Polis İdarəsində bir dostu var, o, köməklik edir. Sonuncu dəfə izahat yazanda bunları da qeyd elədim. Polis bölməsində müstəntiqin yanında dedi ki, iş versələr də, həbsdən çıxandan sonra gününü qara edəcəm.

- Saçını niyə qırxıb?

- Döyülməyə, söyülməyə adət eləmişəm. Adi günlərdə də hazır dayanırdım. Bilirdim ki, qəfildən üstümə hücum çəkə bilər. Tək içəndə belə olmur, narkotik qəbul edir, dabanına iynə vurur. Təsəvvür edin, ailəsində, qohumlarında heç kim onun işinə qarışa bilmir. Hamı deyir ki, qaç, canını qurtar. Amma haraya qaç, 4 uşağa necə bax deyən yoxdur.

Sumqayıtda yataqxanaların birində 1 otaqda qalırıq. O otağı da satışa çıxarıb. Həmin gün də məndən pul istədi, dedim ki, maaşımı almamışam. Alandan sonra pul verəcəyəm. Yenə məni müdirin üstünə borca göndərdi. O da əvəzində məni işdən çıxardı. Dedi ki, mənə problemli işçi lazım deyil. Buna pul tapa bilmədiyim üçün döyüldüm. Sonra götürüb mənim nömrəmi öz telefonuna qoyub, yəni telefonları dəyişib. Mənim nömrəmdən iş yoldaşlarıma mesaj yazıb. Təsəvvür edin, iş yoldaşlarına intim mesajlar, pis-pis şəkillər göndərib. Deyir ki, öyrənmək istəyirdim ki, sənə pul verən olacaqmı? Sonra da dedi ki, niyə onlar sənin mesajlarına cavab yazıblar.

Dedim ki, hansı qadın kişiyə o cür pis təkliflər etsə,  reaksiya verər. Məni təhqir edə-edə döydü. Hamamda pəncərələri açdı, soyuq suyun altında döyə-döyə saçımı qırxdı. Gecə 5-in yarısı qanların içində qoyub dincəlməyə getdi. Taqətim olmayıb, hamamda soyuq suyun altında üzü üstə qalmışam. Ertəsi gün eyni hadisəni təkrarladı, soyuq suyun altında döyür, gah da üzümü, əlimi sığallayırdı.

Sonra qonşular gəldilər, məni onun əlindən aldılar. Sürünə-sürünə uşaqların yanına gəldim, qulaqlarımdan qan açılmışdı, bir də ülgüc bir neçə yerdən başımı qanatmışdı. 2-ci sinifdə oxuyan qızıma dedim ki, məni başa düş, əgər indi getməsəm, məni öldürəcək, sizin arxanızca gələcəyəm. Gecə yarısı idi, yolu görmürdüm, birtəhər sürünürdüm.

Sonra huşumu itirmişəm. Gözümü Sumqayıt şəhər xəstəxananasının reanimasiya şöbəsində açdım. Həkimlər polisə müraciət etmişdilər. Bir neçə gün xəstəxanada qaldım, gəlib məni təhdid etdi. Dedi ki, indi xəstəxanadan çıxıb evə gəlməsən, uşaqları görməyəcəksən. Xəstəxanada imtina ərizəsi yazıb evə gətirdi. Sonra şikayət etməmək üçün məni döydü. Araq içməyindən istifadə edib qaçdım. Arxamca düşdü, polisin həyətinə çatmamış huşumu itirmişəm. Yaxşı ki, mənim harayımı eşidiblər, onun əlindən alıb içəri saldılar. Sonra onu saxladılar. Oradan da məni sığınacağa gətiriblər. Gələn həftə Mehriban Zeynalova Sumqayıta, uşaqları buraya gətirməyə gedəcək, onları himayəyə götürəcək.

- Valideynlərin, yaxınların, sənə sahib çıxacaq biri yoxdur?

- Mənim çətinliklərim valideynlərim ayrılandan sonra başladı. Atam müflis oldu - evi, maşını satdı, sonra da Rusiyaya getdi. Anam kiçik bacımı və qardaşımı götürüb kəndə köçdü. Biz iki bacı babamın himayəsində qaldıq. O qədər aclıq, səfalət çəkdim ki, qurtulmaq üçün ilk qarşıma çıxan insanla ailə qurmağa razı oldum. Həyat yoldaşımın birinci ailəsi, bir qızı olub. Yoldaşını döydüyü üçün hətta 3 il həbsdə yatıb. Birinci həyat yoldaşı bundan yaxa qurtarmaq üçün Almaniyaya köçüb. Mən isə bunu sonradan öyrəndim. Yoldaşım övladlıqda böyüyüb, onu dayısı böyüdüb. Yəni mənim üz tuta biləcəyim bir kimsəm yoxdur. Hərdən bacımın evinə gedirdim, onun da evində dava salırdı. Bilir ki, üz tuta biləcəyim bir kimsəm yoxdur. Hər dəfə də deyir ki, səni öldürsəm, kimsə bilməyəcək. İndi uşaqlarım tək qalıblar. Onlara baxan yoxdur.

- Yəqin ki, məktəbə də getmirlər.

- Hə, uşaqlar bu il məktəbə getmirlər. Hətta müəllimləri dəfələrlə gəlib uşaqları məktəbə göndərməyimizi xahiş ediblər. Fikirləşirdim ki, məktəbli dəsti ala bilməsəm də, dəftər-qələm alıb məktəbə göndərim.

- Siz özünüz təhsil almısınız? Gənc yaşında ailə qurmusunuz. Problemli ailədə 4 uşaq dünyaya gətirmisiniz.

- Təhsil almışam, hətta 3 dildə sərbəst danışa bilirəm. Məni çoxları qınayır, tənə edir. Amma yalnız başına gələnlər bilər, mən ancaq çörək pulu düşünmüşəm. Arxaya dönəndə güvənə biləcək adamım, gedəcək yerim olmayıb. Daim işgəncələr. Hər an hazır vəziyyətdə olmaq nə qədər dəhşətlidir, heç kim bunu yaşamadan bilməz.

Hərdən düşünürəm ki, indiyə qədər necə dözmüşəm, qulağımdan, burnumdan qan açılanda ölməmişəm. O sillə-təpiklərdən sonra necə ayaq üstə dayana bilirəm? Ananı uşaqları ilə şantaj etmək nədir, bilirsinizmi? Ona görə də, buradan hüquq-mühafizə orqanlarına, ölkə rəhbərliyinə müraciət edirəm. Mən pis yola düşmək istəmirəm. Yüngül həyat tərzi keçirməklə uşaqlarımı dolandırmaq istəmirəm. Ana kimi yalvarıram, onu etdiyi əməllərə görə cəzalandırsınlar. Məni və uşaqlarımı himayə etsinlər. Ac qalmağa, gecə-gündüz dayanmadan işləməyə hazıram. Təki uşaqlarımın təhlükəsizliyinə əmin olum.

Milli.Az bildirir ki, virtualaz.org bu qadının tükürpədici dramı barədə hüquq-mühafizə orqanlarına, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinə müraciət edib. Hüquqi dövlətdə insana qarşı bu cür qeyri-insani rəftarın necə cəzasız qala biləcəyini araşdırmaq istəyib. Lakin qanedici cavablar ala bilməyib, ancaq onu deyiblər ki, bu adda qadından rəsmi şikayət daxil olmadığından məsələyə şərh verə bilməzlər.

Ancaq vətəndaşların müraciətlərinə baxılması haqda qanunvericiliyə bu yaxınlarda edilmiş dəyişiklərə görə rəsmi orqanlar nəinki yazılı şikayət və müraciətlərə, eləcə də vətəndaşın KİV-lər üzərindən və ya şifahi şəkildə etdiyi müraciətlərə də baxmağa, tədbir görməyə borcludur. Bu baxımdan qadının virtualaz.org saytında dərc edilən bu müsahibəsi 4 uşaq anasına qeyri-insani işgəncələr verib alçaldan, indiyə qədər cəzasız qalan həmin ər barədə tədbirlər görülməsi üçün əsasdır. Eyni zamanda müvafiq strukturlar bu qadını və uşaqlarını himayəyə götürüb onları yaşayış şəraiti ilə təmin etməlidir. Yoxsa faciənin baş verməsini, növbəti qadın qətlini gözləməli deyil...

Məsələni diqqətdə saxlayacağıq.

P.S. Daxili İşlər Nazirliyində də M. Abbasovanın əri tərəfindən dəfələrlə təhqir edilməsi ilə bağlı məlumatlıdırlar. Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, bununla bağlı dəfələrlə Ümid Hacıyev polis bölməsinə çağırılaraq profilaktik söhbətlər edilib. "Lakin həmin bu şəxs aparılan söhbətlərdən heç bir nəticə çıxarmayıb. Sonuncu dəfə qadını söyüb təhqir etdikdən, başını qırxıdıqdan sonra polis şöbəsində bu faktla bağlı Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq gedir", - deyə mətbuat xidmətindən bildirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR