Xəbər verdiyimiz kimi, Azərbaycanda kredit büroları yaradılacaq. Bu barədə “Kredit büroları haqqında” qanun layihəsində nəzərdə tutulub. Milli Məclisin ilk plenar iclasında layihə müzakirəyə çıxarılıb. Bildirilib ki, problemli kreditlərin həcminin artmaması və maliyyə-kredit sistemində dayanıqlığın təmin olunması üçün kredit bürolarının yaradılmasına ehtiyac var.
Kredit bürolarının yaradılması bankların risklərini azaldacaq.
Adıçəkilən qanun layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul
edilib.
Kredit bürolarının yaradılması maliyyə sektoruna necə təsir
edəcək?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
üzvü, millət vəkili Tahir Mirkişili AzVision.az-a bildirib ki,
Azərbaycanda kredit bürolarının yaradılması kredit faizlərinin
aşağı düşməsinə səbəb olacaq.
Deputat vurğulayıb ki, dünyanın əksər ölkələrində kreditorlar
kredit büroları vasitəsilə borc alanların ödəmə qabiliyyəti haqda
informasiya əldə edir və mübadilə aparırlar: “Buna zərurət Maliyyə
bazarlarında assimetrik (düzgün olmayan) informasiya problemlərini
araşdıran çoxsaylı iqtisadçılar tərəfindən sübut olunub. Assimetrik
informasiya problemi maliyyə bazarlarında kredit faizlərinin
qalxmasına, kredit resurslarının effektiv bölüşdürülməməsinə
gətirib çıxardır. Assimetrik informasiya problemi digər mühüm bir
problemi – Əlverişsiz Seçim problemini yaradır.
Yəni, banklar demək olar ki, hər kəsə eyni kredit faizi tətbiq
edir. Bu problemlərin hamısı Azərbaycanın kredit bazarında müşahidə
olunmaqdadır. Kredit faizləri yüksək, bankların kredit resursları
qeyri-effektiv bölüşdürülüb, sağlam və qeyri-sağlam kredit
sahiblərinə eyni şərtlər tətbiq olunub”.
Deputatın fikrincə, dünya iqtisadçıları belə bir qənaətə gəliblər
ki, iqtisadiyyatın effektiv inkişafı informasiya açıqlığı və
şəffaflığı olmadan mümkün deyil: “Bunu İtaliyada yerləşən
İqtisadiyyat və maliyyə sahəsində tədqiqatlar mərkəzinin (Center
for Studies in Economics and Finance) apardığı tədqiqatlar bir daha
sübut edir. Kreditləşmənin həcmini və effektivliyinin xarakterizə
edən bir çox göstəriciləri seçərək və onları 40 ölkə üzrə
qruplaşdıraraq mərkəzin mütəxəssisləri çox maraqlı məlumatlar əldə
ediblər. Tədqiqatlar göstərir ki, informasiya mübadiləsinin
olmadığı ölkələrdə bank kreditlərinin ÜDM-ə nisbəti 31% i keçmir.
İnformasiya mübadiləsinin mövcud olduğu ölkələrdə isə bank
kreditlərin ÜDM-in 67%-nə qədər yüksəlir. İnformasiya mübadiləsinin
açıq olmadığı ölkələrdə kredit riskləri 15%, kredit itkiləri isə
ümümi kredit həcminin 1.31% ni təşkil edir.
Tam tərsinə, informasiya mübadiləsinin açıq olduğu ölkələrdə isə bu
rəqəmlər müvafiq olaraq 5% və 0. Müəyyən edilib ki, kredit
bürolarının səmərəli fəaliyyəti bank kreditlərinin ÜDM-ə nisbətdə
20%-ə qədər artımını təmin edir. Bundan başqa Kredit riskinin
səviyyəsi xeyli azalır, ümumi kreditləşməyə nisbətdə mümkün
itkilərin payı azalır”.
T.Mirkişili vurğulayıb ki, maliyyə bazarlarında informasiyanın
əlçatanlıq səviyyəsinin arıtırılması kreditləşmənin effektivliyinə
müsbət təsir edir: “Bu da nəticədə, ÜDM-in və əmək məhsuldarlığının
artımına səbəb olur. Bu baxımdan Azərbaycanda da kredit bürolarının
yaradılması kredit faizlərini aşağı düşməsinə, effektiv
kreditləşməyə və dolayısı ilə də iqtisadiyyatda kreditləşmənin
həcminin artmasına gətirib çıxardacaq”.