MTRŞ: "Analoq yayımın dayandırılması..."

MTRŞ: "Analoq yayımın dayandırılması..."
13:32 4 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

"Analoq yayımın dayandırılması yalnız yerüstü yayıma aiddir".

MMilli.Az bildirir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) texniki şöbəsinin müdiri professor İsa Məmmədov deyib.

Onun sözlərinə görə, 35 rayonda aparılmış araşdırmanın nəticəsinə əsasən regionlarda əhalinin 7,4 %-i yerüstü yayımını izləyir: "Regionlarda əhalinin əksəriyyəti peyk televiziya yayımına baxır".
 
Şöbə müdiri bildirib ki, televiziya yayımının 3 forması var: "Bunlar kabel televiziyası, yerüstü TV yayımı və birbaşa peyk TV yayımıdır. Bu üç yayımın bir-birindən fərqli cəhətləri var və bu 3 yayım bir-birinə maneçilik törətmir. Qeyd edim ki, 1998-ci ildən bizim ölkədə DVB-S standartı üzrə rəqəmli birbaşa peyk TV yayımı həyata keçirilir. Kabel şəbəkəsi üzrə həm analoq, həm də rəqəmli TV yayımı həyata keçirilir. Siqnalın hansı formada olmasından tamaşaçıların xəbəri olmur. Çünki kabel operatorunun istifadə etdiyi dekoder hər iki yayımı dəstəkləyir. Bu gün isə söhbət yerüstü yayımda analoq yayımın dayandırılmasından gedir. İnkişaf etmiş ölkələrdə bu çoxdan tətbiq olunub. Danimarkada yerüstü analoq yayım 2006-cı ildən dayandırılıb. Avropa ölkələrinin çoxunda yerüstü analoq yayımı 2012-ci ildən aparılmır. Azərbaycanda yerüstü analoq yayımının dayandırılması 2015-ci ilin dekabrında planlaşdırılırdı. Lakin qəbuledici şəbəkənin rəqəmli TV qəbuluna keçməsi ilə əlaqədar olaraq məsələ bir qədər ləngidi".
 
İ. Məmmədov qeyd edib ki, analoq televiziya yayımı rəqəmli televiziya yayımı ilə müqayisədə keyfiyyət göstəricilərinə görə geri qalır: "Rəqəmli televiziya yayımının bir çox keyfiyyət göstəriciləri var. Əvvəla maneələrə qarşı davamlıdır, təsvirin və səsin keyfiyyəti yüksəkdir, əlavə məlumatların verilməsi imkanı var. Mobil qəbul daha dayanıqlıdır. Məsələn, analoq yayımında avtomobildə televiziya qəbulunu yuxarı sürətlərdə aparmaq mümkün olmur. Rəqəmli yayımda isə bu normal keyfiyyətlə gedir. Burada spektral effektivlik yüksəkdir. Ancaq analoq yayımla müqayisədə rəqəmli yayımın bir nöqsanı var. Siqnal zəif olan yerlərdə rəqəmli televiziya yayımı baş tutmur, analoq yayımında isə hələ pis keyfiyyətli təsvirlər canlana bilir".
 
Qeyd edək ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box"-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamada Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box"-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR