“Azərişıq”da sayğac müəmması: aydın olmayan prosedur və acı nəticələr

“Azərişıq”da sayğac müəmması: aydın olmayan prosedur və acı nəticələr
16:22 4 Oktyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Azərişıq" sayğaclarının əvəz edilməsi üzrə aydın prosedurun olmaması və ilkin xəbərdarlıq olmadan abonentin elektrik enerjisinin kəsilməsi bəzən üzücü, hətta acınacaqlı nəticələrə gətirib çıxara bilər. 
Elə məhz bu məsələ ilə bağlı "Report"un redaksiyasına Bakı şəhəri, Sabunçu rayon sakini Zülfiyyə Qaliullina tərəfindən şikayət daxil olub. Vətəndaş xəbərdarlıq edilmədən və müvafiq sənədlər olmadan onlardan elektrik sayğacının quraşdırılması üçün cərimə ödənilməsinin tələb edilməsindən şikayətçidir.
"Bu yaxınlarda sayğacımız xarab olub. Bununla bağlı "Azərişığ"a ərizə ilə müraciət edərək onu dəyişmək istədiyimizi bildirdik. Sayğacı dəyişərkən "Azərişıq" işçiləri köhnə sayğacın sıradan çıxdığını söylədi. Özü də sayğacı pulsuz-parasız dəyişdirdilər", - deyə Z.Qaliullina bildirib.
Onun sözlərinə görə, sayğac qoyulduqdan sonra "Azərişıq" yeni sayğacın quraşdırılmasına görə 85 manatlıq ödəniş qəbzi göndərib. "Anam qohumumuzla birgə "Azərişığ"ın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən ofisinə gedib. Orada bildiriblər ki, sizin borcunuz 85 manat yox, dəyişdirilən sayğacın əriməsinə görə yazılan 69 AZN-lik cərimədir. 10 dəqiqə sonra deyiblər ki, borcunuz 69 manat yox, 30 manatdır, sayğacı quraşdırarkən müvafiq ərizəni təqdim etməməsiniz. Yəni günahı üstümüzə atıblar. Bizim əlimizdə isə akt da, protokol da var. Bunları göstərəndə bizə bildiriblər ki, bu akt və protokol heç bir hüquqi qüvvəyə malik deyil", - deyə qəsəbə sakini vurğulayıb.
Z.Qaliullina qeyd edib ki, indi ödənişi nəyə görə etməli olduqları aydın deyil.
Onun sözlərinə görə, bu qeyri-müəyyənlik azmış kimi, dünən evlərinə daxil olan elektrik enerjisini kəsiblər: "Dünən işdən sonra evə gəldim və işıqlar sönmüşdü. Atam hər iki gözündən əlildir, o, heç nə görmür, 77 yaşı var. Üstəlik, astma xəstəsidir, boğulmağa başlayıb. Anam hipertoniya xəstəsidir, təzyiqi var. Dünən qaranlıqda yıxılıb, ayağı şişib. Və bu gün o, belə ayaqla Bakıxanovdakı "Azərişıq" ofisinə gedib. Özü də dünən işığımızı kəsməyə gələndə anam deyib ki, hələ kəsməyin, qızım işdən gəlib pulu ödəyər. Cavabında isə "əvvəlcə pulu ödəyin, sonra işığınızı verərik" deyiblər".
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a bildirib ki, sayğacların quraşdırılması və texniki şərtlərin çatdırılması iki ildən çoxdur "ASAN xidmət" mərkəzləri tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, bununla əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilib. "Cənab Prezident bütün kommunal xidmətlərin "ASAN Kommunal"a verilməsi haqqında təlimat verib. Abonentin köhnə sayğacı yeni növ sayğacla dəyişdirilirsə, sayğac pulsuz başa gəlir, amma quraşdırılma haqqı ödənilməlidir. Buraya əlavə olaraq, xidmət haqqı və digər əlavə xərclərə görə ödəniş daxildir", - deyə o vurğulayıb.
Hüquqşünas Müzəffər Baxışov isə “Report”a açıqlamasında deyib ki, Nazirlər Kabinetinin "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında qərarına əsasən, elektrik enerjisinin xəbərdarlıq edilmədən kəsilməsi qadağandır.
Onun sözlərinə görə, elektrik enerjisinin kəsilməsi yalnız fərdi qaydada olmalıdır: "Yəni, bu, kütləvi şəkildə ola bilməz. Bir ay müddətində fərdi şəkildə vətəndaşa xəbərdarlıq edilir. Bir aylıq xəbərdarlıq müddətində borc ödənilməsə, onda elektrik enerjisi fərdi qaydada kəsilə bilər. Əfsus ki, “Azərişıq” ASC yaradılandan sonra onlar insanlara 10 günlük xəbərdarlıq müddəti göstərir. Təbii ki, bu, qanunsuzluqdur".
M.Baxışov qeyd edib ki, köhnə sayğacın yenisi ilə əvəz olunmasına görə ödəmə haqqı verilməməsi səbəbindən elektrik enerjisinin kəsilməsi qanunsuzluqdur: "Çünki qanunvericiliyin tələblərinə görə fiziki şəxslərə sayğac aidiyyəti qurum tərəfindən pulsuz verilir. Yalnız hüquqi şəxslər sayğacın pulunu özləri ödəməlidir. O halda ki, fərdi şəxsin sayğaca müdaxilə etməsi, yaxud sındırılıb yararsız hala salınması sübuta yetirilərsə, o zaman ASC-nin işçiləri vətəndaşdan ödəniş tələb edə bilər. Yox, sayğac evin xaricində quraşdırılıbsa, abonent onun təhlükəsizliyi üçün heç bir məsuliyyət daşımır". 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/azerisiq-da-saygac-muemmasi-aydin-olmayan-prosedur-ve-aci-neticeler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR