Tələbələrin tarakanlarla yaşadığı yataqxanadan - FOTO

Tələbələrin tarakanlarla yaşadığı yataqxanadan - FOTO
17:05 4 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda universitetlərin yataqxanaları tez-tez antisanitariya şəraitinə görə gündəmə gəlir. Maddi cəhətdən kirayə ev tuta bilməyən tələbələr məcbur olaraq təhsil aldıqları ali məktəblərin yataqxanalarına üz tuturlar.

Yataqxanaların sayı az, normal şəraitlisi isə, demək olar ki, yoxdur.

Milli.Az turkmenphoto.com-a istinadən Azərbaycan Tibb Universitetinin (ATU) 6 saylı tələbə yataqxanasından foto reportajı təqdim edir:

Bayırdan baxanda təmiz və səliqəli görünən yataqxananın içərisi heç də çölü kimi deyil.

Məlum oldu ki, otaqlardakı yataqlar bərbad durumdadır. Gələcəyin həkimləri, məcbur qalıb tikintidə istifadə edilən qırıq fanelkaları yataq əvəzi istifadə edirlər. Bu səbəbdən tez-tez bel ağrıları çəkən tələbərin sözünü dinləyən yoxdur.

Məsələ bununla da bitmir. Otaqları həşəratlar, tarakanlar basıb. Döşəkləri qaldırıb, altına baxanda tarakanlar sağa-sola qaçmağa başladılar. Tələbələrin sözlərinə görə, bu antisanitariya şəraiti uzun zamandır ki, davam edir:

"Özümüz dərman alırıq, tökürük. Amma faydası olmur. Komendat da özünə biznes qurmaqla məşğul olur. Təmizliyə baxan yoxdur. Türkəçarə üsullarla həşəratları öldürməyə çalışırıq, amma bir yerə qədər. Bura tam təmizlənməlidir. Əslində, biz burada qonağıq, tarakanlar ev sahibidir. Çünki biz gedirik, yerimizə başqaları gəlir, amma tarakanlar burada daimi qalırlar. Bu şəraitdə yaşamaq olar? İmkansızlqıdan ev tuta bilmirik. Bu səbəbdən burada qalırıq. Amma biz də insanıq, gələcəyin həkimləriyik".

Yataqxananın komendantı Vaqif adlı şəxsdir. Hansı ki, özü üçün yataqxanada biznes qurub: "Tələbə otağı təhvil verəndə nəsə qırılıbsa, onun pulunu alır ki, təmir ediləcək. Amma təmir edilmir. Növbəti tələbə o otağa köçəndə qırıq olan əşya onun üstündə qalır. Eyni pulu ondan da alır. Məsələn, bir tələbə LCD televizoru bilmədən qırmışdı. Ondan 400 manat aldı. Amma 1 il keçsə də, televizor qırıq halda qalıb, nə təmir etdirib, nə də yenisini alıb. Bizim problemimiz komendantladır".

Yataqxanada problemlər bunlarla da bitmir. İyul ayından sentyabr ayına qədər yataqxanaya elektrik enerjisi verilməyib. Yayın ən qızmar istilərində tələbələr burada işıqsız qalmalı olublar. İndi isə isti su verilmir: "İyulun 8-dən bəri isti suya möhtac qalmışıq. Çimə bilmirik. Tələbəyik, dərsə gedirik. İstər-istəməz tərləyən olur. Çimməliyik axı. Bəzi uşaqlar idman zallarına adlarını yazdırırlar ki, heç olmasa, həm idman edərlər, həm də çimərlər. Bəziləri kirayədə qalan tələbə yoldaşlarının yanına gedir. Eləsi də var ki, çaynikdə su qızdırıb, tualetdə çimir. 21-ci əsrdə yaşadığımız vəziyyətə baxın. Yemək bişirmək üçün 2 mərtəbəyə 1 elektrik peçi işləyir. Ona da "işləyir" demək olarsa. Bizi düşünən yoxdur. Elə bilirlər ki, yataqxanada yaşayan adam deyil".

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR