Bakı Təhsil idarəsinin müdiri məktəblərdəki şagird sıxlığından DANIŞDI

Bakı Təhsil idarəsinin müdiri məktəblərdəki şagird sıxlığından DANIŞDI
17:42 4 Oktyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın mərkəzindəki məktəblərdə şagird sıxlığı problemini həll etmək üçün yaxın gələcəkdə Bakıətrafı qəsəbələrdə də liseylərin tikilməsi istiqamətində təhlillər aparılır.

Milli.Az bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva lent.az-a müsahibəsində deyib.
 
M.Vəliyeva qeyd edib ki, əhali baxımından artımlar müşahidə olunan ərazilərdə yeni məktəblərin tikintisi ilə bağlı təkliflər səsləndirilir: "Təəssüf ki, paytaxtda elə məktəblər var ki, orada dərslər 3, hətta 4 növbəli keçirilir. Artıq iki ildir ki I sinfə qəbul prosesinin elektron qaydada həyata keçirilməsi də bu sıxlığı izləməyə bizə imkan verir. Rayonlardan  və yaxud da başqa ölkələrdən paytaxta gələnlərin sayı artır və bu da sıxlıq olaraq məktəbdə özünü göstərir. Nümunə olaraq, Binəqədi, Binə qəsəbəsində yerləşən məktəblərdə ciddi şagird sıxlığı müşahidə olunur. Bununla bağlı müvafiq orqanlara təkliflərimizi təqdim etmişik.  
 
Bu məsələlər təhlil olunur, daim diqqətimizdədir. Heç bir şagirdin təhsildən yayınmasına imkan vermək olmaz. Məktəbdə sıxlıq olsa belə, şagird mütləq tədrisə cəlb olunmalıdır. Uşaqlar üçün ən əlverişli təlim mühitinin yaradılması ölkə başçısının diqqətində olan bir məsələdir. Bizim tərəfimizdən də  mövcud problemlərlə bağlı lazımi tədbirlər görülür, addımlar atılır və bu il yenə təkliflərlə müvafiq orqanlara müraciət edəcəyik".
 
M.Vəliyeva bildirib ki, bəzi ərazilərdə aparıla söküntü işləri ilə bağlı orada məskunlaşan əhali köçür və nəticədə məktəblərdə şagirdlərin sayı azalır, buna görə həmin məktəbin şagirdləri başqa məktəblərə köçürülür: "Bu yaxınlarda Yasamal rayonunda yerləşən Cəfər Cabbarlı adına 161 nömrəli məktəbin şagirdlərini biz elə yaxın ərazidə yerləşən 173 və 225 nömrəli məktəblərə köçürtdük. Məktəbin fəaliyyəti isə dayandırıldı. Bu da keçmiş Sovetski adlandırdığımız həmin ərazidə həyata keçirilən söküntü işləri ilə bağlıdır. Bu məsələ də diqqət mərkəzindədir. Əlbəttə ki, yalnız söküntü ya əhalinin sayının azalması ilə bağlı məktəblərin rasionallaşdırılmasını nəzərdə tutsaq yanlış olar. Bu il ölkədə müxtəlif statuslu məktəblər fəaliyyət göstərir. Bunların arasında lisey, gimnaziya ümumtəhsil, ümumi orta və tam porta məktəblər var. Adətən şəhərin mərkəzində daha çox liseylər yerləşir. Həmin liseylərin də kontingentini kənardan gələn, ətraf ərazidə yaşayanların  uşaqları təşkil edir. Həm bu da paytaxtda sıxlıq yaradır. Uşaqlar da nə qədər yol gəlməli olurlar. Buna görə gələcəkdə təkliflərimiz Bakıətrafı qəsəbələrdə liseylərin sayının artması ilə bağlı olacaq. Uşaqların təhsil imkanlarını  daha da əlverişli etmək üçün Bakıətrafı qəsəbələrdə liseylərin  açılması ilə bağlı təhlillər aparırıq və yəqin ki yaxın gələcəkdə bununla bağlı Təhsil Nazirliyinə müraciət olunacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR