AFFA-nın dəvətinə heç kim gəlmədi

AFFA-nın dəvətinə heç kim gəlmədi
19:07 4 Oktyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi, sentyabrın 30-da Bakı Olimpiya Stadionunda UEFA Avro-2020-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosunun təqdimat mərasimi keçirilib. Bu mərasimdə UEFA-nın yeni prezidenti Aleksander Çeferin, əfsanəvi futbolçulardan hollandiyalı Ruud Qullit, fransalı Lui Saa və digər tanınan simalar iştirak edib.


Fanat.Az xəbər verir ki, mərasimdə iştirak edənlər arasında Rio-de-Janeyro Olimpiadasında ölkəmizi yunan-Roma güləşində təmsil etmiş və bürünc medal qazanmış Rəsul Çunayev də olub.


Çunayev güləşçidir, bu isə futbol tədbiridir. Bu, məsələnin bir başqa tərəfidir. Buna aşağıda toxunmağa çalışacağıq. Ancaq niyə məhz Çunayev bu tədbirə dəvət olunub? Digərlərinə dəvət olubsa, niyə iştirak etməyiblər?


Açığı, Rəsul Çunayevin özü ilə danışa bilmədik. Daha doğrusu, danışdıq. Ancaq o, Azərbaycan Güləş Federasiyasında idmançılara icazəsiz müsahibə verməyin qadağan olunduğunu bildirdi. Ancaq federasiyanın mətbuat xidmətinin rəhbəri Mayis Musayev bizim bu yöndəki sualımıza qismən aydınlıq gətirə bildi: "Mən bildiyimə görə, bizim federasiyaya AFFA-dan dəvətnamə gəlmişdi. Açığı, dəvətnamələrin konkret kimlərə gəldiyini dəqiq bilmirəm. Böyük ehtimalla, bütün güləşçilərimizə bu tədbirdə iştirak etmək üçün dəvətnamə gəlib. Ancaq mən də həmin tədbirdən şəkillərə baxarkən iştirakçılar arasında Rəsul Çunayevdən başqa, digər idmançılarımızı görmədim".


Məsələ ilə bağlı AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Bundan sonra bizə məlum oldu ki, dəvətnamələr hansı meyarlar əsasında verilibmiş: "Biz tək Rəsul Çunayevə yox, Rio Olimpiadasında medal qazanan digər idmançılarımıza da dəvətnamə göndərmişik".


Futbol tədbiri üçün digər idman növlərindən idmançıların cəlb edilməsinə nə ehtiyac vardı ki? Təəssüf olsun ki, bu sualımıza Nərimanoğlu cavab vermək əzmində olmadı. O, çətinliyə düşəndə konkret sualı cavablandırmaq əvəzinə, həmişəki kimi əvvəl dediyi sözləri təkrarlamaq taktikasına üstünlük verməli oldu: "Mənim vaxtım azdır (halbuki Mikayıl Nərimanoğlunun vəzifəsi mətbuata dolğun informasiya verməkdir - red.). Yenə deyirəm, biz Rio Olimpiadasında medal qazanan idmançılarımızın hamısının o tədbirdə iştirak etməsi üçün dəvətnamələr göndərmişik". Halbuki "Futbol tədbiri üçün digər idman növlərindən idmançıların cəlb edilməsinə nə ehtiyac vardı ki?" sualının cavabı bu deyildi...


Mikayıl bəydən bir az "qopardıqlarımız" əsasında bizə məlum oldu ki, tədbirə tək Rəsul Çunayev və digər güləşçilər yox, Olimpiadada medal qazanan 18 idmançı dəvət olunub. Deməli, dəvətnamələr güləşdən başqa, taekvondo, boks, milli avarçəkmə və cüdo federasiyalarına da göndərilib. Bu federasiyaların mətbuat xidmətlərinin rəhbərləri isə belə dəvətnamələrin onlara göndərildiyini, ancaq idmançıların orda iştirak etmədiyini bildirdi.


Samir Məhərrəmov (taekvondo): "Bizə Olimpiadada medal qazanmış hər 3 idmançımız - Radik İsayev, Patimat Abakarova və Milad Beiqi Harçeqaninin adına dəvətnamə gəlmişdi. Lakin bildiyiniz kimi, Radiklə Patimat Dağıstanda yaşayırlar. Ona görə də onların o tədbirdə iştirak edə bilməyəcəyi əvvəldən bəlli idi. Miladın isə bəzi problemləri vardı deyə iştirak edə bilməyəcəyini mənə demişdi. AFFA-dan daha sonra zəng vurub kimlərin tədbirdə iştirak edəcəyi ilə bağlı da soruşdular. Mən həmin şəxsə medalçılarımızın iştirak edə bilməyəcəyini, lakin onların yerinə 2 idmançımızı göndərəcəyimi demişdim. Lakin çox təəssüf ki, həmin 2 idmançı da orda iştirak edə bilməyib. Açığı, mən bilsəydim ki, onlar da orda iştirak edə bilməyəcək, özüm ora gedərdim".


Ramiz Mirzəzadə (boks): "Bildiyimə görə, federasiyaya Lorenso Sotomayor və Kamran Şahsuvarlının adına dəvətnamə gəlmişdi. Lakin federasiyanın baş katibi Nağı Səfərovdan bu barədə soruşmuşdum. Hər 2 idmançı Bakıda olmadığı üçün bu tədbirdə iştirak edə bilmədi".


Elşən Məmmədov (milli avarçəkmə): "Mənə AFFA-dan zəng olmuşdu. Federasiyanın ünvanını dəqiqləşdirdilər. Aparıb dəvətnaməni ora verdilər. Valentin Demyanenko və İnna Osipenko-Radomskaya Ukraynada olduğu üçün o tədbirdə idmançılardan heç kim iştirak etmədi".


Belə... Yuxarıda qoyduğumuz sualı, hansı ki Mikayıl Nərimanoğlu cavablandırmağa çətinlik çəkmişdi, onu yenidən təkrarlayaq: "Futbol tədbiri üçün digər idman növlərindən idmançıların cəlb edilməsinə nə ehtiyac vardı ki?" Nərimanoğlunun yerinə sualı biz cavablandıraq: AFFA futbol üzrə Avropa çempionatı kimi mötəbər turnirin 4 oyununun keçiriləcəyi Bakının tanıtım mərasimində digər sahədən olan idmançıların da iştirakının maraqlı olacağını nəzərə alıb. Çünki maraq artırmaq üçün beynəlxalq idman tədbirlərində belə təcrübədən az istifadə olunmur. 


Təbii ki, bu ideya Mikayıl bəyin ağlına gəlməyib. Ancaq hər kimin ağlına gəlibsə, reallığı düşünmək qabiliyyəti çox aşağı olub. Həmin adam ilk növbədə bunu etməzdən əvvəl dəvətnamə yerlərinin boş qalacağını düşünməliydi (aşağıdakı şəklə diqqət - red.). Çünki bizdə çox digər sahələrdən çox nadir idmançı tapılar ki, futbola maraq göstərsin. Göstərən də futbola maraq göstərər, hər hansısa "kostyumlu" tədbirə yox. İstənilən halda, yaxşı görünmək istəyib, ortada pis görünən tərəf AFFA olub. Keçmiş olsun... (qaynarinfo.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-nn-dvtin-hec-kim-glmdi-t53088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR