Kərbəla meydanında əmi ilə qardaşoğlunun savaşı

Kərbəla meydanında əmi ilə qardaşoğlunun savaşı
23:52 4 Oktyabr 2016
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Kərbəla faciəsi İslam tarixinin ən mühüm və mənalı hadisələrindəndir. Cəmi bir neçə saat ərzində baş verməsinə baxmayaraq, bu hadisə həm dərin fəlsəfi mənası, həm də süjet zənginliyi etibarilə əsrlərə bərabərdir. Aşuranın hər bir anı ibrətamiz səhnələrdən ibarətdir. Tarixin bu böyük faciə səhnəsində iştirak edən hər obraz, hər şəhid bütöv bir aləmdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, Kərbəla şəhidləri öz qiymətli həyatlarını düşmən qılıncları altında başa vuraraq məzlumluqla həlak olduqları kimi, onların ruhları da müəyyən mənada tarixin unutqanlığına məruz qalaraq zülmə uğramışdır. Bunu demək kifayətdir ki, Azərbaycan müsəlmanlarının əksəriyyətindən Kərbəla qiyamının iştirakçılarının adını soruşsaq, yalnız bir neçə nəfər Haşimi şəhidinin adını çəkə bilir, mərsiyələrdən onlara adı yaxşı tanış olan Həzrət Abbas, Əli Əkbər, Əli Əsğər və Qasimi xatırlayır, ən yaxşı halda Həbib ibn Müzahirlə Hürrün adlarını dilə gətirməyə qadir olurlar. Halbuki, aşura şəhidlərinin hər biri tarixlərə dərs verə biləcək şücaət və mərdlik sahibi olmuşlar və onların adının dillərdə əzbər olması sadəcə olaraq, ruhlarının haqqıdır.

Diqqətinizə təqdim olunan silsilə yazılarda qanlı Kərbəla qiyamında İmam Hüseynin (ə) hüzurunda vuruşaraq, şəhadətə nail olmuş bəzi şəxslərin haqqında məlumat veriləcək. Bu məqalələrdə aşura şəhidləri ilə bağlı maraqlı və ibrətamiz hadisələri oxuyacaq, Kərbəlada baş verənlər barədə bilmədiyiniz məqamları öyrənəcəksiniz.

Əmi ilə qardaşoğlunun savaşı

Aşura şəhidlərindən olan Haris ibn İmrəül-Qeys Kindi əvvəlcə Ömər ibn Sədin qoşununda olmuş, sonra üç nəfərlə birlikdə İmam Hüseynin (ə) tərəfinə keçmişdi. Ümumiyyətlə, şəhidlərin bir qismi Kərbəlaya düşmən qoşununun tərkibində gəlmişdi. Onlar təkbaşına mühasirəni yarıb İmamın xidmətinə yetə bilməyəcəklərini başa düşdükləri üçün fənd işlətmiş və əks tərəfə qoşulmuşdular. Artıq aşuraya kimi onların bir hissəsi İmamın düşərgəsinə keçə bilmişdi. Aşura gecəsində isə 32 nəfərdən ibarət olan bir dəstə düşmən tərəfdən ayrılıb özünü İmama yetirdi.

Haris aşura günündə döyüş meydanında əmisi ilə qarşılaşdı. Əmisi: "İndi öz doğma əmini öldürəcəksənmi?" - deyə soruşanda Haris: "Sən mənim əmimsən, amma Allah mənim rəbbimdir" - cavabını verib, onu cəhənnəmə vasil etdi.

Ölümqabağı zarafat edən şəhidlər

Əbdürrəhman ibn Əbdi-rəbbih Ənsari Həzrət Mühəmməd Peyğəmbərin (s) səhabələrindən idi. Həzrət Əli (ə) xəlifə seçildikdən sonra Kufə yaxınlığındakı Rəhbə adlı məntəqədə səhabələr qarşısında çıxış edərək onlara and vermişdi ki, Qədir-Xüm hədisini Peyğəmbərdən eşidiblərsə, şəhadət versinlər. Səhabələrdən bir neçəsi (rəvayətlərdə onların sayının 30 nəfərə çatdığı yazılır) ayağa qalxıb Peyğəmbərin dilindən: "Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" - hədisini eşitdiklərini təsdiq etdilər. Əbdürrəhman da bunlardan idi. Rəvayətə görə, o, Quran oxumağı Həzrət Əlidən (ə) öyrənmişdi.

Əbdürrəhman Müslimin qiyamı zamanı Kufədə camaatdan beyət toplayırdı. O, Məkkədə İmam Hüseynə (ə) qoşulmuş, Onunla birlikdə Kərbəlaya gəlmişdi.

Aşura gecəsi İmam Hüseyn (ə) çadırların birində yuyundu, bədəninə nurə çəkib təmizləndi. Bu zaman səhabələrdən ikisi - Əbdürrəhmanla Büreyr çadırın girişində durub keşik çəkirdilər. Büreyr həmin vaxt Əbdürrəhmanla zarafat etməyə başladı. Zəhmli xasiyyətə malik Əbdürrəhman etiraz edib Büreyrə söylədi ki, zarafatın yeri deyil. Büreyr isə ona belə cavab verdi: "Ey Əbdürrəhman, məni tanıyanlar bilirlər ki, mən nə cavanlıqda, nə də indi (ahıl vaxımda) şit zarafat etməyi xoşlamamışam. Amma bu gün sevincimin həddi-hüdudu yoxdur. Çünki bir azdan sonra şəhid olub Allahın mükafatlarını qazanacağıq. Buna görə səninlə zarafat etməyi özümə rəva bildim".

Savaş meydanında mübahilə

Yuxarıdakı əhvalatda adı çəkilən Büreyr ibn Xüzeyr Həmdani vaxtilə İmam Əlinin (ə) tərəfdarlarından olmuşdu, abid, zahid, Quran bilicisi kimi tanınırdı. Kufə məscidində Quran qiraətindən dərs deyirdi. Ona "Seyyidül-qüra" (Quran oxuyanların başçısı) deyirdilər. Büreyr Kufədən Məkkəyə gəlib, İmama qoşulmuş və onu Kərbəlaya kimi müşayiət etmişdi.

Aşura günündə Büreyr döyüş meydanına girib rəqib çağırdı. Qarşı tərəfdən Yezid ibn Məqil adlı döyüşçü irəli gəlib, savaşa hazır olduğunu bildirdi. Hər iki tərəf özünün haqq olduğunu söyləyib digərini inandırmağa çalışsa da, faydası olmadı. Nəhayət, Büreyr çıxış yolu kimi mübahiləni təklif etdi. Mübahilədə hər iki tərəf Allaha dua edib, qarşı tərəfi qarğışlayır. Tezliklə Allah batil olan tərəfə bəla göndərib, haqqı üzə çıxarır. Həzrət Mühəmməd Peyğəmbərin (s) Nəcran xristianları ilə mübahilə etməsi və bu münasibətlə Ali-İmran surəsinin 61-ci ayəsinin nazil olması məlum və məşhur hadisədir. Büreyrlə Yezid ibn Məqil mübahilə etdilər ki, onların təkbətək döyüşündə haqlı olan qalib gəlsin. Sonra bu iki nəfərin çarpışması başladı. Qısa müddət ərzində Büreyr öz rəqibini cəhənnəmə göndərib, haqq yolda olduğunu sübuta yetirdi. Ömər ibn Sədin ordusundan bir neçə nəfər Büreyrin üstünə şığıdı. Büreyr onlardan birini yerə yıxıb, sinəsinə çökdü, onu öldürmək istəyəndə kənardan atılmış bir nizə kürəyinə saplandı. Bu ahıl yaşlı alim və abid insanı xainliklə qətlə yetirdilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/475625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR