Tələbələrin hərbi xidmətdən möhlət hüququ dəyişib?

Tələbələrin hərbi xidmətdən möhlət hüququ dəyişib?
11:57 5 Oktyabr 2016
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Təhsildə hərbi xidmətdən möhlətlə bağlı dəyişikliklərin olması ilə əlaqədar yayılan bəzi xəbərlərin təqdimatı həqiqətə uyğun deyil.

Milli.Az xəbər verir ki, bunu hüquqşünas, ekspert Ərşad Hüseynov tələbələrə hərbi xidmətdən möhlət verilməsi qaydasının dəyişməsi ilə bağlı yayılan xəbərlərə münasibətində bildirib.

Xəbərlərin "Prezidentdən hərbi xidmətlə bağlı mühüm dəyişiklik" və ya "Oxumaq üçün möhləti prezident verəcək" və s. bu tipli başlıqlarla verilməsini düzgün hesab etməyən ekspertin fikrincə, əslində məsələ tamam başqa cürdür:

"Deməli, dəyişiklik başqadır. Qanuna yazda dəyişiklik edilmişdi ki, təkcə təhsil müəssisələrində əyani təhsil alanlara yox, bəzi elmi təşkilatlarda da doktorantura səviyyəsində əyani təhsil alanlara möhlət veriləcək. Bugünkü dəyişiklik isə odur ki, belə elmi təşkilatları prezident müəyyən edəcək. Yəni əvvəl kimlərin möhləti nə qədər və qanunda necə var idisə, elə də qalır. Sadəcə bundan sonra prezidentin müəyyən etdiyi bəzi elmi təşkilatlarda doktorantura səviyyəsində əyani təhsil alanlara da möhlət veriləcək".

Qeyd edək ki, ötən gün prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə" Azərbaycan Respublikası prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliyə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət verilməsi səlahiyyətlərini Azərbaycan prezidenti həyata keçirəcək:

- ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;

- ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;

- orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;

- ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək;

- xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR