Güllə altında dərs, 33 illik sevgi, sözlə kəsilən cəza - Kənd müəllimi danışır

Güllə altında dərs, 33 illik sevgi, sözlə kəsilən cəza - Kənd müəllimi danışır
13:49 5 Oktyabr 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-i müəllimlərin peşə bayramı kimi qeyd edilir. Lent.az bayram günü cəbhə bölgəsində, güllə səsləri altında dərs deyən bir müəlliməyə müraciət etdi.

 

Goranboy rayonunun Tapqaraqoyunlu kənd orta məktəbinin Azərbaycan dili və Ədəbiyyat müəllimi Gülgəz İsmayılova 1962-ci ildə elə həmin kənddə anadan olub. 1979-cu ildə Gəncə Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyat fakültəsinə daxil olub. 1983-cü ildə universiteti bitirən G.İsmayılova 1986-cı ilə qədər təyinatla İsmayıllı rayonunda ixtisası üzrə müəllimə işləyib. 1986-cı ildən isə hal-hazırda işlədiyi Tapqaraqoyunlu kənd orta məktəbində Azərbaycan dili və Ədəbiyyat fənni üzrə dərs deyir.

 

- Niyə məhz müəllim olmaq istədiniz?

 

- Zənnimcə, müəllimlik bütün peşələrin fövqündə dayanır. Dərsə gedən ilk illərdən müəllim olmaq istəyirdim. O vaxt niyə belə düşündüyümü izah edə bilmərəm. Yalnız onu bilirəm ki, şagirdlərimi çox sevirəm. Cəbhə bölgəsində yaşayan bu uşaqlar təbii ki, bir qədər çətin şəraitdə dərs alırlar. Onların bu çətinliklərini yalnız peşəsini sevən müəllim asanlaşdıra bilər. İndi isə müəllimlik mənim həyat tərzim olub. Özümü başqa yerdə təsəvvür etmirəm. Mən də bu yolla vətənimə, xalqıma xidmət edirəm.

 

- Kənd məktəbində işləməyin hansı çətinlikləri var?

 

- Mən bu kənddə doğulmuşam. Kəndimizi də buranın bütün insanlarını da sevirəm. Bəlkə də elə buna görədir ki, xüsusi çətinlik hiss etmirəm. Təbii ki,  istər şəhər məktəbi olsun, istərsə də kənd məktəbi, hər yerdə müəllimlik peşəsinin çətinliyi var. Amma bir daha deyirəm ki, doğma kəndimdə dərs demək mənim üçün şərəflidir. Məşğul olduğum işi də, şagirdlərimi də sevirəm. Hər müəllim peşəsini sevməlidir.

 

- Hazırda dərs dediyiniz kənd məktəbinin çatışmayan tərəfləri hansılardı?

 

- Dövlətin diqqəti və qayğısı sayəsində məktəbimiz müasir tələblərə cavab verən binada yerləşir. Təhsil Nazirliyinin xüsusi diqqətini hiss edirik. Doğrudur, cəbhə bölgəsində yaşayıb işləyirik, hər gün təhlükə altındayıq. Ancaq məktəbimizdə dərsə davamiyyət həqiqi mənada 100 %-dir. İstənilən vaxt gəlib bunu yoxlaya bilərsiniz, söz xatirinə demirəm. Bütün şagirdlər dərsə, təhsilə həvəslidir.

 

- Şagirdlərinizdən xüsusi gözləntiləriniz varmı?

 

- Var. Mənim üçün ən birinci insan faktorudur. Şagirdlərimin bir şəxsiyyət kimi formalaşmasına xüsusi səy göstərirəm. Təbii ki, təhsil də önəmlidir. Amma şəxsiyyəti olmayan bir kəsin nə qədər təhsilli olmasının xüsusi əhəmiyyəti yoxdur. Onu da deyim ki, indiyə kimi heç bir şagirdim məndən cəza almayıb. Məncə, sözdən qüdrətli tərbiyə vasitəsi yoxdur.

 

- Kənd müəllimi həm də bir kənd adamı deməkdir. Təsərrüfat həyatı peşənizə mane olmur ki?

 

- Doğru vurğuladınız. Kənd müəllimi həm də əkin-biçinlə məşğul olan, bildiyimiz kənd həyatını yaşayan sadə bir kənd adamıdır. Əlbəttə, mən də dərsdən sonra hamı kimi təsərrüfat işləri ilə məşğul oluram. Lakin bu peşəmə mane olmur. Boş zamanlarımda isə kitab oxumağı, internetdən məlumatlar toplamağı və test işləməyi sevirəm.

 

- İndiyə kimi təhsil verdiyiniz şagirdlərdən neçəsi universitetə qəbul olub?

 

- İndiyə qədər dərs dediyim 60 nəfərə yaxın şagirdim universitetə qəbul olub. Onların bu uğurlu nəticələri mənə daha da güc verir, daha şövqlə işləməyə ruhlandırır. Şagirdlərimi sevirəm, hər birinə məhəbbətlə yanaşıram, belə olmasa müəllim ola bilmərəm.

 

- Şagird ən çox sevdiyini müəlliminizin səviyyəsinə gəlib çatmısız?

 

- Məncə, hə (Gülür).  Bunu valideynlərin və şagirdlərin mənə olan sevgisindən hiss edir və görürəm.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255640

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR