Kerrinin Qarabağ bəyanatı - ABŞ öz maraqlarına zidd addım atır

Kerrinin Qarabağ bəyanatı - ABŞ öz maraqlarına zidd addım atır
18:22 5 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün şərait yaranmadı və liderlərin buna hazır olmadığına dair söylədiyi fikirlər məndə böyük təəssüf hissi doğurur. Onun belə bir şərhini eşidəndə bu, mənə vaxtilə Con Kerrinin Konqresdə Azərbaycana qarşı məlum "907-ci düzəliş"i hazırlamasını xatırlatdı.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, eləcə də Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə ABŞ-ın Dövlət katibi Con Kerinin Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırda mümkünsüz olması ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Con Kerrinin bu yanaşması Azərbaycanı hər zaman narahat edən məsələni bir daha qabartdı: "Beynəlxalq ictimaiyyət, dünyanın nüfuzlu təşkilatları Azərbaycan torpaqlarını işğal etmiş ölkəyə qarşı, məsələ ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası ilə bağlı heç bir addım atmırlar. Qınaq görməyən Ermənistan da, təbii ki, status-kvonu saxlamağa çalışacaq və artıq 25 ildir məcburi qaçqın və köçkün düşmüş 1 milyona yaxın azərbaycanlı bundan sonra da eyni aqibəti yaşamağa davam edəcəklər. Bu, haqsızlıqdır, beynəlxalq hüquq normalarına hörmətsizlikdir. Kerrinin bəyanatı ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə ilə bağlı mövcud status-kvonun qəbuledilməzliyi barədə bəyanatlarına da ziddir. Status-kvo qəbulolunmazdırsa, o zaman münaqişənin həll yolu tapılmalıdır. Bu həll BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, dünyanın aparıcı təşkilatlatlarının qəbul etdiyi çoxsaylı sənədlərə əsaslanmalıdır".

A.Mollazadə hesab edir ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasını dəyişməsi üçün bir müddət gözləmək lazım gələcək: "Çünki Con Kerrinin Dövlət katibi postundakı fəaliyyət müddəti bitmək üzrədir. Əminəm ki, ABŞ-ın yeni administrasiyası Amerikanın dünyadakı rolu və məsuliyyətini özü üçün daha ciddi, daha yaxından dərk edəcək və bu proseslərdə fəal iştirak edəcək. Ona görə də, hələ ki, dözməliyik. Biz bu bəyanata ciddi fikir verməsək, daha yaxşı olardı. Reallıq budur ki, Amerikada çox nüfuzlu, güclü erməni təşkilatları var ki, onlar hətta ABŞ-ı öz milli təhlükəsizlik maraqlarına zidd addımlar atmağa təsir göstərirlər. Biz ümidvarıq ki, ABŞ-ın maraqlarını üstün tutan hər bir siyasətçisi Amerika üçün Azərbaycanla münasibətlərin, ümumilikdə Azərbaycanın rolunu daha yaxşı anlayacaq və bu prosesdə daha fəal iştirak edəcək".

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və "Atlantik" həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb. Onun fikrincə, münaqişə tərəflərinin liderlər buna hazır deyillər.

Xatırladaq ki, Con Kerri artıq 30 ilə yaxındır ki, ABŞ-ın xarici siyasətində Amerika ermənilərinin maraqlarını müdafiə edir. O, hələ 1983-cü ildə, Masseçusets ştatının qubernatoru olarkən anti-türk mövqeyi ilə "şöhrət" tapmış Maykl Dukakisin köməkçisi olub. Daha sonra senator olduğu dövrdə "erməni soyqırımı" iddiasının tanınmasına dəstək verib, hətta bununla bağlı Konqresdə qətnamənin hazırlanmasında iştirak edib. C.Kerri də daxil olmaqla bir qrup senator 1990-cı il 20 yanvar hadisələri ərəfəsində M.Qorbaçova məktub ünvanlayaraq "160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini" qeyd edib. Kerri 1992-ci ildə erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Ueyn Ouenslə birgə Azadlığı Müdafiə Aktına Azərbaycana qarşı yönəlmiş məşhur "907-ci düzəlişi" irəli sürüblər və onun qəbul edilməsinə nail olublar. 2004-cü ildə ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd olarkən hətta "erməni soyqırımı"nı tanıyacağını vəd edən C.Kerri buna nail olmadıqda 2005-ci il aprel ayının 23-də ABŞ-ın 32 senatoru və 175 konqresmeni ilə birgə aprelin 24-də Corc Buşdan, 2008-ci il sentyabrın 26-da isə senator Robert Menendezlə ABŞ-ın Türkiyədəki gələcək səfiri Ceyms Ceffridən qondarma "erməni soyqırımı"nı tanımağı tələb edib. O, 2012-ci il sentyabrın 5-də Ramil Səfərovun azad olunmasını pisləyib və bundan "şoka düşdüyünü" deyib.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/476453.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR