Ziyad Səmədzadə: "Azərbaycanda azad iqtisadi zonanın yaradılmasında maneələr olmayacaq"

Ziyad Səmədzadə: "Azərbaycanda azad iqtisadi zonanın yaradılmasında maneələr olmayacaq"
18:32 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycanda azad iqtisadi zonaya dair qanunverilicilik bazasında dəyişikliklər Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bu cür xüsusi zonanın yaradılması və onun gələcək fəaliyyəti ilə bağlı investorların maraqlarına cavab verən müsbət yeniliklərdən ibarət ola bilər.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə Bakı limanında azad iqtisadi zonanın hüquqi bazasının hazırlanması çərçivəsində "Azad iqtisadi zonalar haqqında" qanun layihəsinə dəyişikliklərin hansı şəkildə ola biləcəiyini qiymətləndirərkən deyib.
"Azərbaycanda "Azad iqtisadi zonalar haqqında" qanun layihəsi müzakirə edilərkən Çin, ABŞ, Yaponiya kimi dövlətlərdə fəaliyyət göstərən iqtisadi zonaların qanunvericilik bazası ilə tanış olduq. Həmçinin, qonşu ölkələrin qanunvericilik bazalarından da yararlandıq. Məsələn, Azərbaycanda texnoparklar qismində belə bir model mövcuddur və onlara verilən imtiyazlar da məlumdur", - deyə Z.Səmədzadə bildirib.
Müvafiq qanunda köklü dəyişikliklərin olmayacağını açıqlayan Komitə sədri qeyd edib ki, yeniliklər bu cür nəhəng zonanın fəaliyyəti, onun ətrafında yaradılacaq zavodlar, müəssisələr, Ələt qəsəbəsinin inkişafına dair müəyyən dəyişikliklərlərdən ibarət ola bilər: "Artıq fikirlərimiz var. Yəqin ki, Azərbaycan hökuməti də bununla bağlı təkliflərini verərkən biz bunu yenə müzakirə edəcəyik. Hesab edirəm ki, dəniz limanının inkişafı burada yaradılacaq bütövlükdə nəqliyyat sektorunun inkişafına və burada xüsusi iqtisadi zonanın yaradılmasının inkişafına xidmət edən heç bir məhdudiyyət olmayacaq. "Azad iqtisadi zonalar haqqında" qanun konseptual baxımdan qəbul edilən qanundur. Amma hər bir iqtisadi zonanın özünə məxsus xüsusiyyətləri ola bilər. Bakı limanının uğurlu fəaliyyəti eyni zamanda qonşu ölkələrin qanunvericilik bazası ilə həmrəy olmasını da zəruri edir. Hesab edirəm ki, belə maneələr olmayacaq. Bütövlükdə, Avropadan gələn yüklərin Çinə və daha uzaq ölkələrə səmərəli daşınması üçün bütün bu ölkələrin beynəlxalq standartların tələblərinə cavab verən normativ-hüquqi aktları olmalıdır. Azərbaycanda da bu istiqamətdə işlər aparılır".

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/ziyad-semedzade-azerbaycanda-azad-iqtisadi-zonanin-yaradilmasinda-maneeler-olmayacaq-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR