Astma necə başlayır? - DİQQƏT!

Astma necə başlayır? - DİQQƏT!
20:44 5 Oktyabr 2016
315 Digər
Ölkə mətbuatı
A- A+

“Bu xəstəliklər bağlı olan öskürək çox zaman həkimləri çaşdırır, həddən artıq antibiotik istifadəsinə səbəb olur” 
 
“Əsas məsələ öskürəyin səbəblərini araşdırmaqdır”
 
“Astma dünyada böyük tibbi problemlərdən biri sayılır. Bu xəstəlik insanların sağlamlıq statusuna zərbə vuran problemlərdən biridir. Astma qlobal problem kimi qiymətləndirilməlidir”.
 
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının, Tədris Terapevtik Klinikasının əməkdaşı, tibb elmləri doktoru Əlizamin Sadıqov deyib. 
 
Mütəxəssis astmanın xroniki problem olduğunu, eyni zamanda genetik bir xəstəlik kimi səciyyələndirildiyini deyib: “İrsən meylli olan insanlara xarici mühit faktorlarının təsiri müəyyən zamandan sonra bronx divarlarında iltihab yaradır. Bu proses periodik olaraq davam edəndə həmin iltihab adi iltihablardan fərqli olur və bronxial astma inkişaf edir. Bronxlarda həssaslıq artır, adi bir qıcıq, məsələn, ya soyuqdəymə, ya siqaret tüstüsü, ya kəskin qoxular, ya da iqlim dəyişikliyi  xəstələrdə vəziyyətin dəyişməsinə, astma tutmalarına səbəb olur”.
 
Astmanın əsas əlamətinin öskürək, boğulma, sinədə sıxıntı, gərginlik olduğunu deyən mütəxəssis qeyd edib ki, Azərbaycanda xəstəliyin başlanğıcında astma özünü daha çox öskürəklə büruzə verir: “ Bakıda daha çox bizə astma ilə bağlı öskürək əlamətləri ilə müraciət olunur. Bu öskürək çox zaman həkimlərimizi çaşdırır. Lazım olmayan antibiotik müalicələrinə başlanır. Təbii ki, bu, riski  bir qədər də ağırlaşdırır və xəstəliyin demək olar ki, idarə olunmaz bir həddə çatmasına səbəb olur. İlk növbədə öskürəyin nəyə görə uzun zaman davam etməsi araşdırılmalıdır. 
 
Bu gün dünyada qəbul olan qaydalara görə, əgər öskürək, soyuqdəymə əlamətləri 10 gündən çox davam edirsə, deməli, bu problem soyuqdəymə ilə bağlı deyildir. Ona görə də əhalimiz də, həkimlərimiz də bu məqamlarda diqqətli olmalıdırlar. Bizim həkimlər çox zaman hər şeyi soyuqdəymə faktoru ilə əlaqələndirirlər. Və bu zaman sanki antibiotiklər yaxın köməkçiyə çevrilir. Amma hər öskürək antibiotik təyini üçün əsas deyil”.
 
Ə. Sadıqov bildirib ki, ən başlıca məsələ öskürəyin səbəblərini araşdırmaqdır: “Biz düşünürük ki, öskürəklə müraciət edən 10 xəstədən beşində bu, allergik mexanizmlərlə bağlı olur”. 
 
Mütəxəssis onu da deyib ki, bu gün dünyada 12 böyükdən, 11 uşaqdan biri astma xəstəsidir: “Yəni bu, kifayət qədər qlobal problemdir. Dünyada 340 milyona yaxın insanın astma xəstəsi olduğu bildirilir. Hərçənd ki mən düşünmürəm ki, bu, real rəqəmdir. Yəqin ki, əslində qeydə alınmayan şəxsləri də nəzərə alsaq daha çox insanın astmadan əziyyət çəkdiyini demək olar. 2025-ci ilə qədər isə bu rəqəmin daha yüz milyon nəfər artacağı gözlənilir.
 
Azərbaycanda isə təxmini deyə bilərik ki, böyüklərdə 6-7 faiz astma yayılma səviyyəsi var. Bu, təxmini olaraq 400 mindən çox insan deməkdir və kifayət qədər böyük rəqəmdir”.
 
Həkim deyib ki, uşaqlar, qadınlar, qara dərili insanlar daha çox astmaya meyllidirlər.
 
Astmanın müalicəsinin olduğunu deyən Ə. Sadıqov “Amma buna tam müalicə demək olmaz. Kimsə deyirsə ki, astma tam müalicə olunur, bu, düzgün deyil”, - deyə bildirib. 
 
Onun sözlərinə görə, astma əsasən genetik problem olduğu üçün onun tam müalicəsi mümkün deyil.
 
Astmanın xroniki problem olduğunu, ömür boyu davam etdiyini vurğulayan pulmonoloq deyib ki, ona görə də müalicə daimi olmalıdır. Xəstəlik nəzarətdən çıxan kimi kəskinləşmə yarana bilər: “Hazırda təxminən 10 faiz astma xəstəsinə təyin olunan dərmanların heç bir əhəmiyyəti olmur. Müəyyən yanaşı problemlərin də təsiri nəticəsində ağırlaşmalar qeydə alınır və dərmanın təsiri, yəni müalicənin nəticəsi olmur. 
 
Təxminən 5 astma xəstəsində ikisi gündəlik həyati keyfiyyətlərini itirirlər, onlardan yararlana bilmir, fiziki aktivliyin məhdudlaşması ilə üzləşirlər. Yaşlı xəstələrdə  təxminən 30-40 faiz hallarda heç bir izahı olmayan, səbəbi bilinməyən, genetik sayılmayan astmaya rast gəlinir. Belə hallarda həkimlər müalicə ilə bağlı çətinliklə üzləşirlər”.
 
Mütəxəssis qeyd edib ki, qeyri-steroidlər, iltihab əleyhinə olan preparatlar da astmanı kəskinləşdirə bilir.  
 
Onun sözlərinə görə, astma öskürək tutması daha çox otağa daxil olanda, yatağa uzananda, allergenlərlə təmasda olanda baş verir: “Xəstələr deyirlər ki, bayıra çıxanda özümü daha yaxşı hiss edirəm. Amma soyuqdəymə təsiri varsa, insan isti mühitdə özünü daha yaxşı, soyuq mühitdə isə pis hiss edir və öskürək tutmaları yaranır. Bunlar fərqli məqamlardır.
 
Ə. Sadıqov onu da bildirib ki, 80 faiz hallarda allergik rinitdən sonra astmanın başlanma ehtimalı var: “Və ya əksinə, astma olan pasientlərdə sonradan 40-50 faiz hallarda rinit yarana bilir. Eləcə də atopik dermatit də astma üçün risk faktoru sayılır”.
 
Qadınlar arasında astma xəstəliyinə daha çox rast gəlindiyini açıqlayan həkim bildirib ki, uşaq yaşlarında oğlanlarda problemə daha çox rast gəlincə də, sonradan say fərqi dəyişir: “Bu o demək deyil ki, oğlanlar böyüdükcə problem tam sağalır, xeyr. Sadəcə, oğlan uşaqları yetkinlik dövrünə çatandan sonra inkişaf çox sürətlə getdiyi üçün birdən-birə bronxların genəlməsi baş verir və artıq eyni mühitdə, eyni dozada olan allergen spazma törədə bilmir və bu uşaqlar sanki astmadan xilas olurlar. Əslində sonradan həmin şəxslərə yenidən astma əlamətlərinin üzə çıxması mümkündür.
 
Ona görə də bu kimi hallarda astma ilə bağlı profilaktika olduqca önəmlidir. Virus infeksiyalarından, allergenlərdən qorunmaq nə qədər çətin olsa da, mümkün qədər təmasdan yayınmaq, siqaret çəkməmək, gigiyena qaydalarına əməl etmək mühüm məsələdir. İstər uşaqlar, istər böyüklər maksimum fiziki aktiv olmalıdırlar. Üzgüçülük, gəzinti, qaçış astma xəstəliyinin profilaktikasında mühüm əhəmiyyət kəsb edir”. 
 
Astma xəstələrinə, astma riski olanlara ev heyvanlarından, itlərdən, pişiklərdən  mümkün qədər uzaq durmağı tövsiyə edən pulmonoloq deyib ki, pişiklərdə olan allergenlər itlərdə olan allergenlərdən iki dəfə çoxdur: “Əgər nəzarətdə saxlansa, astma çox rahatlıqla idarə olunan xəstəlikdir.  Hətta astması olan şəxslər heç özlərini xəstə kimi hiss etməyə də bilərlər”.
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255664

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR