Bir gün Bakıda, avtobusda...

Bir gün Bakıda, avtobusda...
21:17 5 Oktyabr 2016
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağlım kəsəndən ictimai nəqliyyatdan - avtobus və metrolardan istifadə edən kasıb və fağır vətəndaşlarımızın halına bir imkanlı iş adamı kimi acımışam. Səhərlər işə gecikmək əndişəsi ilə dayanacaqda vurnuxan zavallı insanların üzündə insan əzabının son həddini görmək mənim kövrək qəlbimi nəhayətsiz kədərə qərq edir. Hələ bir-birini itələyib tıxa-basa dolmuş avtobusa soxulmağa can atan və ilahi möcüzə nəticəsində buna nail olan, bir ayaq üstündə 10-15 dayanacaq gedən, nəfəs almağın mümkünsüz olduğu ortamda dayanmadan deyinən yaşlı və əsəbi insanlar məni ağır fəlsəfi suallarla üz-üzə qoyur.

Belə ağır prosesi daha yaxından izləmək, kasıb insanların yaşadıqlarını anlamaq üçün sürücümə bir günlük icazə verib, yeri gələndə dost-tanış ortamında danışıb məzələnmək üçün avtobusdan istifadə etməyə qərar verdim.

...Dayanacaqda iynə atsan yerə düşməzdi. Adəti üzrə yarımca saat gecikən avtobus sürücüsünün bütün doğmalarını xoş sözlərlə yad edən qəzəbli xalalar, siqareti-siqaretə calayan zəhmətkeş və əliqabarlı dayılar, qulaqlıqlarında hüzünlü mahnılar dinləyib yaşlı gözlərini yola dikən tələbə qızlar, tez-tez telefona baxan, əyilib ayaqqabılarının tozunu silən gənc oğlanlar hansı məhşur rəssamın hələ çəkmədiyi "Dayanacaqda izdiham" realist tablosunu xatırladırdı. Ürəyimi sıxan bu əzablı mənzərəyə göz atıb, şux yerişlə, üzümdə təbəssüm izdihama qarışdım. Açıq havada olmağımıza baxmayaraq beynimin bir hissəsini iflic etmək gücündə olan tünd sarımsaq qoxusu, düz yanımda dayanıb deyinən xalanın parfümünün qoxusuna qarışıb ciyərlərimə doldu. Şeytana lənət oxuyub, bir siqaret yandırdım...

Çox yox, gözlənildiyi kimi, düz yarım saat sonra izdihamın gurultulu alqışları ilə avtobus asta-asta dayanacağa daxil oldu. Tərslikdən düz qarşımda dayanan avtobusun qapısı açılar-açılmaz gərgin və qəzəbli kütlə məni içəri sıxışdırmağa başladı. Bir qədər müqavimət göstərsəm də, təslim oldum. Demək olar ki, kütlə ayaqlarımı yerdən üzüb məni avtobusa mindirdi. Ödəniş etməyə güclə macal tapdım. Bir də ayıldım ki, artıq çəkidən əziyyət çəkən, təxminən yüz kiloluq gövdəm sərnişinlərin əlləri üstə arxa qapıya tərəf  ötürülür. Özümü bir anlıq qəhrəman kimi hiss etdim. Mənə elə gəldi ki, avtobusdakı sərnişinlər məni iş adamı kimi hörmətə layiq bildiyindən, əlləri üstə gəzdirir. Ancaq bir də gözümü açdım ki, arxa qapının yanındayam və növbəti sərnişin havada mənə tərəf uçur. Avtobusun ortasında dayanmış Herakl kimi cüssəli bir vətəndaş əlinə keçən sərnişinləri kartof kisəsi kimi arxa qapıya tərəf tolazlayırdı və sərnişinlər bu iltifatdan məmnun şəkildə, havadaykən özünə boş bir yer tapır, həmin yerə yüngülcə eniş edib dərin nəfəs alırdılar. Ayaqlarımın üstündə yerini rahatlayan kifayət qədər ağırçəkili xala narazılıqla üzümə baxıb dərhal deyinməyə başladı. Səsi o qədər güclü idi ki, sürücü izdihamın içindən ucalan etiraz səsini eşitdi və öz növbəsində, mikrafonla xalanın cavabını verdi. Avtobus yerindən tərpənənə qədər, kondisionerin işləməməsinə etiraz edənlərin haqq səsi sürücüyə çatdı və bir qrup pozucu ünsürlərin səyinə baxmayaraq, kondisioner işə düşdü. Tər, sarımsaq, parfüm və sair qoxuların qarışığından yaranmış boğanağa tədricən sərinlik yayıldı...

Artıq üçüncü dayanacaqda kondisionerin işləməyinə etiraz edən bir qrup zəhmətkeş və sağlamlığında problem olan şəxslər şüar səsləndirməyə başladılar. Sürücü mikrafonu yenidən əlinə alıb etirazçılarla danışıqlara başladı. Qarışqa sürəti ilə tıxacı yarmağa çalışan avtobusun sürücüsü mikrafonla çıxış etməyə o qədər aludə olmuşdu ki,  "Arxaya çəkilin", "sıxlaşın", "mehriban olaq", "nə olar, qabaq qapını boşaldın" nidaları qəfildən həzin zümzüməyə çevrildi, ardınca isə sürücü yanıqlı səslə "Meriban olaq" mahnısını oxumağa başladı. Sərnişinlərin aramsız alqışları, sürücünün mahnıdan muğama,  muğamdan Seyyid Əzimin qəzəlinə keçid etməsi ortamı xeyli pozitivləşdirsə də, nəfəs almağın getdikcə çətinləşdiyini hiss edirdim. Bütün bədənim qan-tər içində olsa da, əlimi qaldırıb alnımda, üzümdə puçurlanan təri silə bilmirdim. Növbəti dayanacaqda enmək cəhdi uğursuzluqla nəticələnən gənc xanımların ciyiltili səsi sürücüyə çatmadığı üçün yenidən etirazçılar şüarlar sələndirib sürücünü baykot etməyə başladılar...

Qəzəbli kütlənin coşmuş ehtiraslarını sakitləşdirmək üçün sürücü mikrafonu götürüb bir qədər şirinlik etməyə məcbur oldu. Mərhum aktyor Mikayıl Mirzənin "Bir azcada döz" şeirini səsləndirən sürücünün çıxışı yenidən alqışlarla qarşılandı...

Mənzil başına çatanda kondisionerin gah işləyib, gah işləməməsi səhhətimə öz ağır təsirini göstərdi. Səsimin kallaşmasından başa düşdüm ki, bərk soyuqlamışam. Üstəlik, əllərimin əsməsindən anladım ki, psixoloji durumum da yerində deyil. İş yerimin qarşısına çatanda isə başa düşdüm ki, bir saat gecikdiyimdən ofisə qalxmaq, üstəlik xəstəhal vəziyyətdə işləmək qeyri-mümkündür. Taksiyə oturub geri qayıtdım. Yol boyu sürücünün şirin səslə oxuduğu mahnıları zümzümə edir, tez-tez "sıxlaşın", "kartı vur arxa qapıdan min" deyib sayıqlayırdım. Evə çatar-çatmaz yatağa uzanıb üstümü bərk-bərk basdırdım. Qonşu Fəxrəndə xala kürəyimə 7-8 dənə banka qoydu, sakitləşdirici içib gözlərimi yumub, ağır yuxuya getdim...

Ümid edirəm ki, gözlərimi açanda bütün yaşadıqlarımı unudub, yenidən həyatıma davam edə biləcəyəm...

Cəlil Cavanşir
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/476400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR