Brüsseldə  Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisi açılıb

Brüsseldə  Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisi açılıb
09:14 6 Oktyabr 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

 

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Avropa İttifaqının (Aİ) mərkəzi olan Brüsselin diplomatik məhəlləsində yeni ofisinin açılış mərasimi olub.

 

Avropa Azərbaycan Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, Cəmiyyətin Brüssel ofisinin adı  dəyişdirilərək TEAS Benelüks ofisinə çevrilib. Açılış mərasiminə Brüsseldəki diplomatik korpusun nümayəndələri, Belçikanın ictimai-siyasi xadimləri, Azərbaycan diasporun fəalları və Azərbaycanın dostları qatılıb. Tədbirdə  Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, ölkəmizin Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim, Belçikanın Xarici İşlər üzrə Dövlət Federal Xidmətinin prezidenti Dirk Aşten, Belçikanın Xarici Ticarət və İnkişafa dair Əməkdaşlıq üzrə Dövlət Federal Xidmətinin Şərqi və Cənubi-Şərqi Avropa  və Mərkəzi Asiya Departamentinin direktoru Co İndekeu və Belçika baş nazirinin müavini, Xarici və Avropa İşləri Nazirinin Ofisinin direktor müavini Mark Mullie iştirak edib.

 

Belçika baş nazirinin müavini və xarici işlər naziri Didye Reynders bildirib ki, Azərbaycan və Belçika arasında çox gözəl dostluq və əməkdaşlıq münasibətləri var və bu münasibətlər Avropa Azərbaycan Cəmiyyətinin iştirakı sayəsində daha da irəliləyib. D.Reyndersin sözlərinə görə, TEAS Brüsseldə Avropa İttifaqının müxtəlif qurumlarında tədbirlər təşkil etməkdə davam edir: “Azərbaycanın Belçikaya və bütün Avropaya daha da yaxınlaşmasında TEAS-ın rolu yüksək qiymətləndirilməlidir. Belçika - Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir”, - deyə Belçika rəsmisi vurğulayıb.   

 

Natiq daha sonra bildirib ki, qarşılıqlı ticarət missiyalarının və ötən il onun Bakıya səfəri zamanı xarici sərmayə yatırımlarının həcminin artırılmasına dair razılıq  əldə olunub. Belçika şirkətlərinin Bakıda fəal olmasını görmək çox xoşdur.  Eyni zamanda ikitərəfli investisiyaların səviyyəsinin artırılması üçün də bir çox imkanlar var. Belçika dizaynerləri və şirkətləri Bakının möhtəşəm inkişafına öz töhfələrini veriblər. Xüsusilə, “Fluxys” şirkəti Trans-Adriatik Boru Kəmərinin (TAP), Xəzərin Azərbaycan sektorunda yerləşən “Şah Dəniz” yatağından qazın İtaliyada yerləşən birləşdiriciyə çatdıracaq Cənub Enerji Dəhlizinin tikintisində əsas rol oynayır: "TEAS Brüsseldə yerləşməklə Azərbaycanın haqq səsini Avropa dairələrinə çatdırır və bu missiyanı uğurla həyata keçirir. Aİ–Azərbaycan münasibətləri çox inkişaf edib və bunun nəticəsində Birlik və Əməkdaşlıq Sazişləri imzalanıb. Yeni Çərçivə Sazişi ratifikasiya edilib, bu sənəd bir sıra məsələləri əhatə edir. Mən Azərbaycan Prezidenti İlham Əliyev, azərbaycanlı həmkarım Elmar Məmmədyarov, həmçinin məcburi köçkünlərlə görüşmüşəm. Azərbaycan rəsmiləri ilə görüşlərdən məmnun qaldım. Azərbaycanlı məcburi köçkünlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanlarıdırlar. Mən onların dərdinə şərik çıxıram. Tezliklə onların dogma yurdlarına qayıtmasını arzulayıram”.

 

Belçikanın sabiq iqtisadiyyat naziri və Avropa Azərbaycan Cəmiyyətinin  Benelüks ofisinin direktoru Mark Vervilghen isə bildirib: “Nəyə görə Brüssel və Benelüks ölkələri TEAS üçün bu qədər önəmlidir ? Buna bir çox səbəb var – Brüssel Avropanın və Avropa İttifaqı institutlarının paytaxtıdır. Brüssel NATO-nun baş qərargahıdır, Brüsseldə ərazinin bir kvadrat metrinə düşən səfirlərin sayı dünyanın hər hansı yerində olduğundan daha çoxdur, Benelüks Aİ-nin müjdəçisi olub və Benelüks Belçika, Niderland və Lüksemburqu təmsil edir – bunlar güclü iqtisadiyyatı olan üç ölkədir. Benelüks Aİ-nın bir növ sınaq laboratoriyasıdır. Azərbaycan Avropa və Asiya, Rusiya və Orta Şərq arasında bir çox yolların kəsişməsində və mühüm coğrafi məkanda yerləşdiyi üçün geosiyasi cəhətdən vacib ölkədir. Azərbaycan Rusiya, Türkiyə və İran arasında mühüm bir yer tutur. Bu üç ölkə beynəlxalq siyasət və iqtisadiyyatın gələcək trayektoriyasının müəyyən edilməsində böyük rol oynayır və oynayacaq. Bundan əlavə, Azərbaycan Avropanı Orta Asiya ilə birləşdirən 7200 kilometrlik Şimal-Qərb nəqliyyat dəhlizinin və hazırda inşası gedən 45 milyard dollarlıq Cənub Enerji dəhlizinin mərkəzi nöqtəsidir. Bu dəhliz Azərbaycan qazını Avropaya gətirəcək və 2020-ci ildən etibarən enerji təchizatında müxtəlifliyi təmin edəcək. Azərbaycan dünyəvi, tolerant, multikultural və çox konfessiyalı ölkədir. Dünya Yəhudiləri Konqresinin nümayəndələri təzəlikcə ölkəyə səfər ediblər, onlardan sonra Papa Fransisin səfəri baş tutdu. Papa  Azərbaycanın  tolerant olduğunu qəbul etdi. Bu ölkə öz regionunda bir model, ekstremizmə qarşı dayaq və bütün dünya üçün nümunədir”.  

 

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov bildirmişdir: “Benelüks ölkələri Avropa İttifaqının məhək daşıdır və buna görə də TEAS-ın Benelüks ofisinin olması çox vacibdir. Yüz illər boyu davam edən müharibələrdən sonra Benelüks tamamilə sülhsevər bir məkana çevrilib. Cənubi Qafqazın da bu cür sülhə ehtiyacı var. Avropada ölkəmiz haqqında obyektiv məlumatların çatdırılmasında TEAS-ın çox böyük fəallıq nümayiş etdirir. Azərbaycan beynəlxalq terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlığa qarşı işində bütün ölkələrlə sıx əməkdaşlıq edir. Həmçinin Avropa İttifaqı ölkələri ilə. Hamımız birlikdə olanda biz daha güclüyük”.

Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov bildirib ki, TEAS uzun bir yol keçib: "Bizim məqsədimiz mədəniyyətimiz və tariximizi təbliğ etmək və Avropa İttifaqı - Azərbaycan münasibətlərinin genişləndirilməsinə öz töhfəmizi verməkdir. Azərbaycan Aİ ilə eyni dəyər və baxışları bölüşür və bu günümüzdə üzləşdiyimiz çətinliklərin öhdəsindən birgə əməkdaşlıq şəraitində gələ bilirik".

 

Nyu-York şəhərində yerləşən Cilliard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunu və Avropa Azərbaycan Cəmiyyətinin incəsənət və mədəniyyət üzrə müşaviri, skripkaçı Səbinə Rakçeyeva Azərbaycan folklor melodiyalarını, İ.S.Baxın D Minorda TokkataFuqa əsərlərini ustalıqla ifa edib.  

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR