Azərbaycanın Ukraynadakı səfiri: "Son iki il ərzində onlarla azərbaycanlı oğurlanıb"

Azərbaycanın Ukraynadakı səfiri: "Son iki il ərzində onlarla azərbaycanlı oğurlanıb"
10:37 6 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Kiyev. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanın Ukraynadakı səfirliyi öz mövqeyini və yerli Azərbaycan diasporu, eləcə də onun regional bölmələri ilə işini gücləndirmək niyyətindədir. 
Bu barədə "Report"un Ukrayna bürosuna açıqlamasında Azərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Azər Xudiyev məlumat verib.
"Ukraynada təxminən il yarım Azərbaycan səfiri olmayıb və səfirliklə koordinasiya bir qədər pozulub. Hesab edirəm ki, indi biz səfirliyin mövqeyini və yerli Azərbaycan diasporu, eləcə də onun regional bölmələri ilə işini gücləndirəcəyik, qarşılıqlı anlaşma üzrə konkret inkişaf xətti müəyyənləşdirəcəyik. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu gün elə bir problem yoxdur. Sadəcə, bəzi çətinliklər var. Amma Ukraynada Azərbaycan diasporunun çox böyük, fəal və həmrəy olduğunu nəzərə alsaq, birlikdə çətin anların öhdəsindən gələcəyimizə əminəm", - deyə Azər Xudiyev bildirib.
Səfirin sözlərinə görə, yaxın zamanlarda Azərbaycandan nümayəndə heyətlərinin Ukraynaya rəsmi səfəri planlaşdırılmır. O bildirib ki, bunun səbəbi səfirliyin daha əvvəl imzalanmış sazişlər üzərində işləməsidir: "Bu yaxınlarda Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı bir çox məsələlər, o cümlədən Azərbaycandan enerji resurslarının diversifikasiyası məsələsi müzakirə edilib. İki ölkə arasında kənd təsərrüfatı və digər sahələrin inkişaf etdirilməsi barədə razılıq əldə olunub. İndi isə ekspertlər bu sənədlərin əsasında sazişlərin implementasiyası ilə məşğul olur. Öhdəliklərin faktiki yerinə yetirilməsi üzrə araşdırmanı tam başa vurandan sonra Azərbaycandan yüksək çinli rəsmi şəxsləri Ukraynaya dəvət etməyə hazır olacağıq".
A.Xudiyevin fikrincə, son iki il ərzində Ukraynada kriminogen vəziyyətin pisləşdiyini etiraf eləmək lazımdır: "Son iki il ərzində onlarla azərbaycanlı oğurlanıb, onların bəziləri böyük pullar qarşılığında azad edilib, bəziləri qətlə yetirilib. Təəssüf ki, hələ də bu cinayətlərin üstü açılmayıb. Bizi ilk növbədə hərəkətsizlik və zəruri tədbirlərin görülməməsi narahat edir. İndi də qaçırılan azərbaycanlılar var, amma onların azad olunması üzrə hansısa xüsusi əməliyyat hazırlanması haqqında heç bir məlumat yoxdur".
Səfir onu da əlavə edib ki, yaxın günlərdə azərbaycanlılara qarşı cinayətlərlə bağlı Azərbaycan diasporunun, səfirliyin nümayəndələri ilə Ukrayna baş prokuroru Yuri Lutsenko arasında görüş olacaq. "Başqa sözlə, azərbaycanlıların müraciətinə Ukrayna hökuməti tərəfindən reaksiya verildiyini görmək olar", - deyə A.Xudiyev sözlərini tamamlayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycanin-ukraynadaki-sefiri-son-iki-il-erzinde-onlarla-azerbaycanli-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR