“Made in Azerbaijan” brendi necə təşviq olunacaq? - MÜTƏXƏSSİS RƏYİ

“Made in Azerbaijan” brendi necə təşviq olunacaq? - MÜTƏXƏSSİS RƏYİ
13:43 6 Oktyabr 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Bu fərmanla “Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat”ın forması da təsdiq edilir. Bu Qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə 3 milyon manat ayrılıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə 2017-ci il və növbəti illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi layihələrində bu fərmanla təsdiq edilən Qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin nəzərə alınmasını təmin etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

İxrac və istehsal rəqəmlərdə

Nəzərə çatdıraq ki, bu ilin avqust ayı üzrə ölkənin ixracı 1 269 559.81 min dollar təşkil edib. Səkkiz aylıq dövrdə isə bu rəqəm 5 790 280.97 min dollar olub. İxrac olunan malların çeşidlərinin sayı - 2 380 ədəd təşkil edib. İxracın strukturunda neft və neft məhsulları, təbii qaz əsas paya sahib olub. Sonrakı yerləri isə meyvə-tərəvəz, çay, şəkər, spirtli və spirtiz içkilər tutub. İxrac əməliyyatlarının 1 065 465.90 min dolları özəl sektorun payına düşüb, 4 585 115.96 min dolları isə dövlətin. Göründüyü kimi ixracda dövlət sektorunun payı yenə də yüksəkdir.

O ki qaldı hansı ölkələrə məhsul ixrac etməyimizə, ixracın 51,2 faizi Avropa İttifaqı ölkələri, 7,6 faizi MDB üzvü dövlətləri, 41,2 faizi isə digər dövlətlərlə aparılıb. Beləliklə, ixracda əsas ölkələr İtaliya, Türkiyə, Tayvan, Almaniya, İsrail, Fransa, Hindistan, Rusiya və Gürcüstan olub.

Yerli istehsala gəlincə, rəsmi statistika göstərir ki, cari ilin səkkiz ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 20,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 65,5 faizi mədənçıxarma sektorunda, 28,2 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Emal sektorunda qida məhsullarının istehsalı 4,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,7 dəfə, geyim istehsalı 20,3 faiz, ağacın emalı və ağacdan hazırlanan məmulatların istehsalı 48,8 faiz, kağız və karton istehsalı 6,6 faiz, poliqrafiya məhsullarının istehsalı 21,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 0,9 faiz, hazır metal məmulatlarının istehsalı 17,2 faiz, kompyuter və elektron məhsulların istehsalı 14,8 faiz, elektrik avadanlıqlarının istehsalı 2,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 25,6 faiz, mebel istehsalı 12,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 62,0 faiz artıb. Əvəzində içkilərin istehsalı 11,7 faiz, tütün məmulatlarının istehsalı 3,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 75,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 15,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,8 faiz, tikinti materiallarının istehsalı 17,2 faiz, maşın və avadanlıqların istehsalı isə 12,3 faiz azalıb.

Yeyinti məhsullarının istehsalı ilə əlaqədar sahibkarlıq fəaliyyəti artıb

2016-cı ilin yanvar-avqust ayları ərzində ictimai iaşə dövriyyəsi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,7 faiz artaraq 719,7 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,7 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq 295,9 milyon manat təşkil edib.

Fərmanı Publika.az-a şərh edən millət vəkili Vahid Əhmədov bildirdi ki, son illər ölkədə çox ciddi islahatlar aparılır. Dövlətin qarşısında dayanan əsas məsələ qeyri-neft sektorunun inkişafı və bu sahə üzrə ixracın stimullaşdırılması, çeşidin artırılmasıdır: “İxracda qeyri-neft sektorunun payı aşağıdır. Bu pay 10 faiz təşkil edir. Düzdür, son zamanlar qeyri-neft sektorunun ixracı artır. Lakin prosesin stimullaşdırılmasında bir sıra addımların atılmasına ehtiyac var idi. Hazırda yerli məhsullardan şərabın və meyvənin ixracı yüksəkdir. Bazarın böyüdülməsinə ehtiyac var”.

İqtisadçı deyir ki, ölkəyə neft sektorundan əlavə başqa sahələrdən də valyuta gəlişi təmin edilməlidir: “Bir sıra sahələr var ki, orada böyük potensial var. Onların keyfiyyəti, qablaşdırılması ilə bağlı addımlar atılaraq ixracları artırılmalıdır”.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/171181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR