Nurəddin Mehdixanlı: “Kişi hər xoşladığı qadının...” - MÜSAHİBƏ

Nurəddin Mehdixanlı: “Kişi hər xoşladığı qadının...” - MÜSAHİBƏ
15:33 6 Oktyabr 2016
83 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün Xalq artisti, sevilən aktyor Nurəddin Mehdixanlının doğum günüdür. Onun 60 yaşını tamam olur. Hərçənd bu yaşı ona heç vermək olmur. Həmişəcavan və sevilən sənətkarı biz də təbrik etdik.

Publika.az-a müsahibə verən Xalq artistini bir daha yaxından tanımağa çalışdıq.

- Mənim üçün rəqəmlərin heç bir əhəmiyyəti yoxdur. İnsan var ki, 20-25 yaşı var, amma duyğuları sönüb, ortalıqda kölgə kimi gəzir. Adam da var yüz yaşındadır, amma həyat doludur, gözünün içi sevgidən parıldayır.

- Yubileydir, qeyd edəcəksiniz doğum gününüzü. Maraqlıdır, təmtərağı sevirsiniz?

- Təmtəraqlı şəkildə qeyd olunmağı bilmirəm, bunu yəqin ki, çalışdığım teatrın rəhbərliyi müəyyən edəcək. Amma sevdiyin insanların qarşısında hesabat vermək xoş bir duyğudur.

- Bəs özünüz özünüzə hesabat verərkən məmnun qalmısınızmı?

- Hər halda. Həmişə millətini sevən, ona qulluq edən biri olmuşam.

- Özünüzə tez-tez “əhsən sənə Nurəddin” deyib mükafatlandırmısınız?

- Sizə səmimi etiraf edim ki, heç vaxt özümə əhsən deməmişəm.

- Niyə?

- İnsan əgər özünə əhsən deyirsə, o zaman artıq bitir. Bütün günü “mən, mən” deyən insanları bitmiş insanlar hesab edirəm. Allah eləməsin, mən o halı yaşayım. Kimlərsə kənardan məni dəyərləndiribsə, sənətimə, şəxsiyyətimə qiymət veribsə, bu başqa məsələ. Demək ki, bu həyatı boşuna yaşamamışam.

- Böyük aktyor, sevilən aktyor, populyar aktyor - bunların hansını özünüzə daha çox yaraşdırırsınız?

- “Nəsimi” filmində Nəsiminin dilindən səslənən bir fikir var: var cahil insan, var kamil insan. Mənim anlamımda da kamil və cahil aktyorlar var. Mənim üçün kamil aktyor Abbasmirzə Şərifzadə, Ələsgər Ələkbərov, Ülvi Rəcəb, Səməndər Rzayev, Hamlet Xanızadə, Həsənağa Turabovdur.

- Bəs siz?

- Mən hələ yıxıla-dura kamilliyə doğru getməkdə olan bir aktyor. Hələ bilmək olmaz o yolu sonuna qədər gedib çıxacam, ya yox. Aktyor var, utanmadan müsahibə verir ki, mən belə rollar yaratmışam, belə tamaşaçı sevgisi qazanmışam. Adam utanıb xəcalət çəkər belə sözlər danışmağa. Sən kimsən axı, nəsə də yaradasan? Onda adını sadaladığım o böyük aktyorlar bəs kimdir, onlara nə ad verək?

- Hədiyyələrə münasibətinizi bilmək maraqlıdır. Ən çox sevdiyiniz hədiyyə varmı?

- Əslində mənim üçün dəyər onun kim tərəfindən, hansı istəklə verilməsidir. Bu bir söz də ola bilər, kağız parçası da. Amma sevdiyim hədiyyə qızılgüllərdir. Bunun da səbəbi var. Qızılgül asanlıqla dərilə bilən gül deyil. Tikanları ilə müdafiə olunur. Qanını çıxarmasa, sənə təslim olmaz. Gül var ki, əlini atıb asanlıqla dəstə ilə dərirsən. O sənin üçün dəyərli də olmur. Sanki alaq otudur. Amma qızılgül rahat dəriləcək gül olmadığı üçün sevirəm. Mən həyatda da beləyəm, hər şeyə çətinliklərlə nail olmuşam. Nələrisə bəziləri kimi gətirib qızıl məcməyidə qarşıma qoymayıblar. Qazandıqlarıma savaşaraq, dişimlə-dırnağımla çatmışam. Qarşımı kəsən maneələr çox olub. İşlərimdən çox vaxtımı o maneələri dəf etməyə sərf etmişəm. Amma sifətimi itirmədən, dəyişmədən gəlib çatdım 60 yaşa.

- Xoşbəxt ailə başçısı, xoşbəxt insan, xoşbəxt aktyor... Bunların hansında daha çox özünüzü tapdınız?

- Əslində xoşbəxtlik anlarla, məqamlarla yaşanan hisslərdir. İnsanın əgər doğma ocağı, ailəsi, torpağı, Vətəni varsa, xoşbəxtdir. İnsan yıxılan bir adamın əlindən tutub onu qaldırırsa, həmin adamın bəxş etdiyi minnətdarlıq hissindən dünyanın ən xoşbəxti ola bilir. Kimisə sevindirməkdən alınan zövqü heç nəyə dəyişmək olmaz.

- Çox sərt görünüşünüz var. Əslində bu sərt görünüşün arxasında olan insan necədir?

- Vəziyyətdən asılıdır. Mən sovet dönəmini görmüşəm. Atam çox sərt adam olub. Biz həmişə atamıza baxıb, ondan öyrənməyə, onun kimi danışmağa, yeriməyə öyrəşmişik. Mən də atama baxıb, onun kimi sərt olmuşam.

- Ən sərt reaksiyanız necə ola bilər?

- Mənim həyatda ən zəhləm gedən, ən nifrət etdiyim bir xüsusiyyət varsa, o da insanın düz üzünə, gözünün içinə baxaraq yalan danışmasıdır. Mənim üçün bundan böyük iyrənclik, rəzalət ola bilməz. Həmin an çox sərt söz deyə bilərəm, kənd uşaqlarında bir xüsusiyyət var, sərhəd açılanda bir dənə zolluyursan, məsələ həll olunur.

- Sərt olduğunuz qədər də xarizmatik insansınız. Ətrafınızda hər zaman xanım pərəstişkarların olduğu deyilir. Heç xanımların sevgisindən sui-istifadə etmisiniz?

- Təbii ki, sevilmək gözəl hissdir. Mən hələ birinci kursda oxuyanda, qonşunun uşaqları ilə gəzməyə çıxırdıq. Ətrafda qızlar, xanımlar olurdu, onlarla tanış olurdular. Mən onlara əsəbiləşirdim ki, o qızla evlənməyəcəksənsə, niyə yoldan çıxarırsan. Təbii ki, məni də xoşlayan xanımlar olub, sənətimə vurularaq, özümdən də xoşları gəlib. Amma mən heç vaxt qəlb sındırmağı, incitməyi sevməmişəm. Gərək elə məqamda o xanımı başa salasan ki, mən səninlə dost ola bilərəm, amma sevgidən istifadə etmək olmaz. Təbii ki, mən tək, onlar çox olub, amma kişi hər xoşladığı qadının arxasınca getsə, xırdalanar. Kişi gərək əlçatmaz, sirli olsun ki, kimlər üçünsə, maraqlı qalsın. Həm də mən seçib-seçmələyən adamam, ona görə gec evlənmişəm.

- Neçə yaşında?

- 32.

- Qadını necə tərif edərdiniz?

- Qədim oğuzlar qadını başım baxtı, evim taxtı deyə çağırıblar. Mənim üçün də qadın başımın baxtı, evimin taxtıdır.

- Doğum günündə özünüzə nə arzulayırsınız?

- Allah məni sevdiklərimin qarşısında peşman eləməsin.

Cəvahir Səlimqızı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/171198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR