Masallıda gənclərin və qadınların məşğulluğuna dəstək məqsədilə yeni mərkəzlər açılıb

Masallıda gənclərin və qadınların məşğulluğuna dəstək məqsədilə yeni mərkəzlər açılıb
19:12 6 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT İnkişaf Proqramı ilə əməkdaşlığı çərçivəsində Masallı rayonunda SYSLAB Təlim-Tədris Mərkəzinin və Qadın Resurs Mərkəzinin açılışı olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov regionların inkişafı proqramı çərçivəsində rayonda sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə aparılan işlərdə məşğulluğun təminatının diqqətdə saxlanıldığını bildirib. O, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib, yeni açılan mərkəzlərin gənclərin və qadınların məşğulluğunun dəstəklənməsində əhəmiyyətindən bəhs edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, respublikada gənclərlə bağlı icra olunan mühüm Dövlət Proqramları, eyni zamanda dövlət məşğulluq siyasəti gənclərin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımların atılmasına imkan yaradıb: “Bu gün Azərbaycan gənclər arasında işsizliyin ən aşağı səviyyədə olduğu ölkələrdən biridir. Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması üzrə dolğun hüquqi bazası, iş təcrübəsi təqdim olunan ölkələr sırasına Azərbaycan da daxil edilib. Cari ilin may ayında BƏT-in beynəlxalq səviyyəli konfransı çərçivəsində təşkil olunan müsabiqədə ölkəmiz gənclərin məşğulluğunun dəstəklənməsi sahəsində MDB üzrə ən yaxşı iş təcrübəsi ilə seçilərək birinci yerə layiq görülüb, nümayəndə heyətimizə BƏT-in Diplomu təqdim olunub”.
Ölkə gəncləri arasında iqtisadi fəallıq göstəricisinin də yüksəlməkdə olduğunu qeyd edən İ.İsayev gənclərlə bağlı aktiv məşğulluq tədbirlərinin təşkilində müasir dünya təcrübəsinə uyğun innovativ vasitələrdən istifadə olunduğunu vurğulayıb: “BMT İnkişaf Proqramı ilə nazirlik arasında son illərdə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi gənclərin əmək bazarına inteqrasiyasında SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyasının tətbiqinə imkan verib. Layihəyə əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərlərində SYSLAB Təlim-Tədris Mərkəzləri yaradılıb və ilk dəfə işaxtaran ali təhsilli 452 nəfər gənc həmin mərkəzlərdə təlim kurslarına cəlb edilib. Onlar bu təlimlər zamanı müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqlarına yiyələnib. Həmin gənclərdən 80 faizə yaxını bu bacarıqlardan faydalanaraq, ayrı-ayrı müəssisələrdə münasib işlərlə təmin olunublar”.
İ.İsayev bildirib ki, bu müsbət təcrübə cari ilin aprelində BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin imzalanmasına əsas yaradıb: “2017-ci ilin sonuna qədər davam edəcək həmin layihə çərçivəsində hazırda Masallı rayonunda SYSLAB Təlim-Tədris Mərkəzi fəaliyyətə başlayır. Mərkəzdə təşkil olunan təlim kursları işaxtaran gənclərin SYSLAB metodologiyası əsasında müvafiq bacarıqlara yiyələnərək əmək bazarına çıxış imkanları əldə etmələrinə öz töhfəsini verəcək. Təlim kurslarında iştirakçılar üçün xüsusi ehtiyacları nəzərə alınmaqla müvafiq köməyin göstərilməsi üçün fərdi sessiyaların keçirilməsi də təmin olunacaq”.
İ.İsayev Masallı rayonunda yeni yaradılan Qadın Resurs Mərkəzinin də bölgədə qadınların iqtisadi və sosial həyatda iştirakının stimullaşdırılmasında, onların əmək bazarına inteqrasiyasında və məşğulluq imkanlarının reallaşdırılmasında əhəmiyyətli olacağını bildirib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai Azərbaycanla təmsil etdiyi qurum arasında səmərəli əməkdaşlığın uğurla davam etdiyini bildirib. Q.İsakzai gənclərin və qadınların sosial-iqtisadi həyatda fəal iştirakının ölkənin kənd rayonlarında inklüziv və davamlı inkişaf üçün vacib olduğunu, bu sahədə ölkəmizdə aparılan işlərdə yeni yaradılan bu mərkəzlərin fəal rol oynayacağına əminliyini ifadə edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qadın və uşaqların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün aparılan dövlət siyasətindən bəhs edib. O, kənd və rayonlarda yaşayan qadınların sosial-iqtisadi fəallığının artırılması məqsədilə həyata keçirilən tədbirləri, o cümlədən BMT İnkişaf Proqramı ilə əməkdaşlıq müstəvisində görülən işləri diqqətə çatdırıb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadi şöbəsinin rəhbəri Karter Uilbur belə tədbirlərin gənclərin və qadınların məşğulluğunun təmin olunmasında, ümumən sosial-iqtisadi həyatda fəal iştirak etmələrində önəmli dəstək olduğunu vurğulayıb.
Tədbirdə artıq iş yeri əldə etmiş SYSLAB layihəsi məzunlarına sertifikatlar verilib.
Qadın Resurs Mərkəzlərinin iştirakçısı olan qadınların biznes fəaliyyətinə dair nümunələr təqdim olunub. Layihələr üzrə qısa təqdimatlar edilib, hər iki mərkəzdə yaradılmış şəraitə baxış olub.
Tədbir Masallı rayonunda ASAN Həyat Kompleksinin və ABAD layihəsinin təqdimatları ilə başa çatıb.




Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/masallida-genclerin-ve-qadinlarin-mesgulluguna-destek-meqsedile-yeni-merkezler-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR